Saz. Muğanna İsa

Читать онлайн книгу.

Saz - Muğanna İsa


Скачать книгу
“iynə” vururdu, iş üstündə əli, ayağı yaralananların yaralarına yod sürtürdü, həmişə cibində gəzdirdiyi əzik-üzük “uçot dəftərini” çıxarıb “pulsuz paylanan” dərmənlərin pulunun “bölünməz fonddan ödənilməsi” üçün briqadirlərin imzalarını alırdı. Bundan sonra, hələ gün batmamış, Hacı dəmir yolu xətti boyunca uzanan kanalın qıraqlarında, qamışlıqlarda itib batırdı. Gedib baxan olsaydı, feldşerin əleyhqaz geyinib bataqlığa əhəng səpələdiyini görərdi. “Ağcaqanad yuvası” olan gölməçələrə “qara nöyüt” – mazut tökürdülər. “Ağcaqanadla mübarizə” üçün əhəngdən istifadə etmək Hacının öz “kəşfi” idi.

      İlin əvvəlində dəmiryol vağzalının binasının arxasındakı düzənlikdə, xırda-xırda ağ kisələrdə çoxlu əhəng gördü.

      Yağışın altında qaldığından, əhəng qaynayıb, kisələri yandırıb parça-parça eləmişdi.

      Qartək dümağ toz səpələnmiş düzənlikdə otlar da yanıb qaralmışdı. Kəndçi oğlu olsa da birinci dəfə idi ki, Hacı əhəngdə belə hikmət görürdü. Dayanıb fikirləşdi ki, deməli, bu əhəng bataqlığa səpilsə, ordakı qamışlıqları və qamışla birlikdə ağcaqanad süfrələrini də məhv edə bilər.

      Soraqlaşdı, kisələrin sahibini nişan verən olmadı. Stansiyanın sağ-solunda, dəmiryol xətti boyunca qalaq-qalaq tökülüb qalmış gübrə və jmıx[4] kisələri kimi, bu əhəngə də sahib duran taplımadı.

      Stansiya rəisi ilə danışıb, əl boyda bir kağızda karandaşla qəbz yazdı: “Mən, Qurbanlı kənd sakini Hacı Daşdəmir oğlu, 1941-ci il fevralın on üçündə yüz altmış ədəd əhənglə dolu kisəni təhvil alıb ağcaqanadla mübarizə üçün istifadə etməyə apardım”.

      Qol çəkib qəbzi rəisə verdi. Kəndə qayıdıb traktorla lafet gətirdi, kisələri aparıb gölməçələrin arasında talaya boşaltdı, camaatdan köhnə, lazımsız palaz yığıb əhəngin üstünü örtdü ki, yağışın altında qalıb yandırıcı təsirini itirməsin. O vaxtdan Hacı hər axşam işdən sonra bataqlığa əhəng səpələyirdi. Əmma camaatdan hələlik feldşerin bu işi ilə maraqlanan yoxdu. Kimin nəyinə gərəkdi ki, ilanlı, qurbağalı, iyliqoxulu gölməçələrə girib, üzərində boz buludtək ağcaqanad qaynaşan qamışlıqlara başını soxub, axsaq feldşerin orda saatlarla nə üçün itib-batması ilə maraqlansın? Bununla hərdən kəndin, necə deyərlər, rəhbər işçiləri, camaatdan isə təkcə İsfəndiyar kişi maraqlanırdı.

      Axsaq feldşerlə İsfəndiyar kişini elə bil tale özü birləşdirmişdi. İlk baxışda bəlkə də qəribə və gülməli, əslində isə kədərli bir hadisə qocanın ürəyində bu oğlana rəhm oyatmışdı.

      Sovet sədri Qurban kişinin “yesli zavtra vayna”[5] oxun-duğu vaxtlar” adlandırdığı vaxtlar, yəni otuz doqquz-qırxıncı illərdə Hacı “ev tikdirmək, ailə qurmaq” həvəsində idi. Günlərin birində dəmirçixanaya gedib, boynunu burub acizanə xahiş eləmişdi ki, İsfəndiyar kişi, kəndin mötəbər ağsaqqallarından biri kimi, zəhmətə qatlaşıb elçilik etsin, Hacını evləndirsin. Sonra məlum olmuşdu ki, Hacının, necə deyərlər, dünyadan xəbəri yoxdur: onun istədiyi qız, – “Məhər” və ya “çekist Məhərrəm” deyilən məşhur bir adamın Orta kənd Tahirlidə olan böyük bacısı Pəri çoxdan alışıb-verişib. Özü də bir başqası ilə yox, Hacının elçilik üçün müraciət etdiyi adamın – İsfəndiyar kişinin böyük oğlu Rəhmanla!

      Bir il sonra, Rəhmanla Pərinin toyunda Hacı keflənib İsfəndiyar kişinin boynunu qucaqladı: “Böyük bacını öz oğluna aldın, kiçik bacını da mənə al, imanına qurban olum, İsfəndiyar əmi!” Əmma məlum oldu ki, bədbəxt feldşerin bu dəfə də oxu daşa dəyib – kiçik bacı Tubu da çoxdan alışıb-verişib! Özü də bir başqası ilə yox, İsfəndiyar kişinin kiçik oğlu Bəhmənlə!

      Bu əhvalatdan sonra Rəhmanla Bəhmənlə, İsfəndiyar kişi ilə rastlaşanda Hacı başını aşağı əyib xəcalətindən tər tökürdü, o ailə ilə mümkün qədər görüşməməyə çalışırdı.

      Əmma, necə deyərlər, taleyin gərdişi qoca aşıq Xızr Abının əvvəlcədən xəbər verdiyi hadisə gözlənilmədən Hacını Rəhmanın yatağının yanında “dejurnu”ya döndərdi. Niyə “dejurnu”ya? Çünki Rəhmanın “sınığı yaman sınıqdı” – sümüyü eşiyə çıxmışdı, gecə-gündüz göynəyirdi, yatmağa qoymurdu, buna görə də Hacı gecələr səhərə qədər Rəhmanın yanında mürgüləyə-mürgüləyə tez-tez “ağrıkəsici” iynə vururdu. Bu “dejurnu”luq mayın birindən onuna qədər Hacını o ailənin əməlli-başlı üzvü kimi elədi. Əmma yazıq xəcalətindən nə çəkdiyini təkcə özü bilirdi. Arıqlayıb “çöpə dönmüşdü”. Bu vəziyyətdə, əlbəttə, o evdə çox qalmaq mümkün deyildi. Odur ki, bir gecə yenə “ağrıkəsici iynə” vurmağa hazırlaşanda Hacı birdən-birə şprisi yerə çırpıb, canını dişinə tutub”, “Qışqırma”, – deyib o “eşiyə çıxan sümüyün” üstünə tənzif qoyub necə basdısa, sümük bir göz qırpımında “yerinə düşdü”. Bundan onca gün sonra isə Rəhman tez-tez alnına tökülüb gözlərinin üstünü tutan topa saçının altından feldşerə baxıb: “Ay Hacı, yerimək istəyirəm axı!” – deyib güldü. Və çox qəribə oldu ki, iyunun iyirmi ikisində, “Sovetnən Germaniyanın arasında müharibə” xəbəri çıxan gecə ayağa qalxıb, “heç nə olmamış” kimi yeriməyə başladı. Bundan bir neçə gün sonra isə qardaşlar ikisi də “mobilizasiyaya düşüb”, Qurban kişi – Qılınc Qurbanın verdiyi “povestka” əllərində, “pradukt” çantaları bellərində “vayenkomata”, ordan da “eşalona dolanlarla” getdilər. Və o gedən getdilər. Səsləri-soraqları da çıxmadı. Hacı isə, o evdən o çıxan çıxıb daha bir dəfə də qayıtmadı ki, Pəri, Tubu ilə, İsfəndiyar kişi ilə üz-üzə gəlib xəcalət tərinə batmasın.

3

      Rəhmanla Bəhməndən iki şey qalmışdı: biri anbarla idarənin arasındakı meydançada bellərinə “kəmər kimi doladıqları” dəmir, biri də İsfəndiyar kişini nədənsə Rəhmandan fərqləndirib “sonbeşik – yurduma keşik” deyə-deyə əzizlədiyi Bəhmənin xəlvətdə “OdEvƏr”[6], zahirdə “Təvər” saz adlanan, qucağa sığışmayan, şirmayılı sazı idi ki, əslində İsfəndiyar kişinin özünündü; hələ əsrin əvvəlində qocalığına görə “Çürük” deyilən Çürük aşıqla o vaxtkı balabançı, sonrakı aşıq Xızr Abı, hər ikisinin istəkli şagirdi İsfəndiyar üçün bağlatmışdılar. Əmma bədbəxtlikdən Çürüklə Abının bu gün də adını sirr kimi saxladıqları çox məşhur, varlı-hallı bir adam İsfəndiyara zəhər verib səsini batırmışdı, sonra da ölümlə hədələyib, qeyri-adi gur səsi “AlOsmana qalxan”[7] sazı əlindən almağa çalışmışdı. Elə o cavan vaxtlarından “ipək kimi yumşaq” İsfəndiyar yalvarıb-yaxarıb, sazı “xilas eləyib”, qalın bezə büküb “mal damının harması”nda gizlətmişdi ki, vaxtı çatanda Bəhmənə versin.

      Bəhmən aşıq-zad deyildi, ustad yanında olmamışdı. Əmma hələ lap körpəlikdən yaxşı-yumşaq, titrək səsi olduğunu başa düşəndən


Скачать книгу

<p>4</p>

Jmıx – günəbaxan qabığından düzəldilmiş qaramal yemi.

<p>5</p>

“Əgər sabah hərb olarsa hazır ol…” – rusca bu mahnı otuzuncu illərdə Azərbaycanda çox məşhur idi.

<p>6</p>

OdEvƏr – Yalnız Aşıq Alı, ƏlƏsKər kimi ustad aşıqların bildikləri qədim OdƏr – “Tərik” – “Türk” dilində OdEvƏr işıq evinin (kainatın) həqiqəti deməkdir.

<p>7</p>

AlOsman – Türkiyədə dağ adıdır. Məşhur hökmdar Osman bəyin OdƏrcə həqiqi adı ƏsMən idi; mənası: əsən (yaradan) əlim – oğlum. “Səsi AlOsmana çatır” ifadəsinin mənası: səsi ƏlƏsMənə, yəni Qrek, Fars, Ərəb imperiyalarından gizlədilən ƏsƏlMənə —“Süleyman”peyğəmbərə çatan.