Belə gəlmiş, belə getməz. Азиз Несин
Читать онлайн книгу.bir evinin dar otağında illər öncə gördüyüm, sağlamlıq və həyat fışqıran o gənci xatırlayacaqdım. Yer üzündə möhkəmcə tikilmiş bir bina və insana inam duyğusu verən bir gənc adam… İkisini bir-birinə bənzətmişdim.
O gənc bizim dünyamıza o qədər yad idi ki, əynin-dəkilərlə küçəyə çıxsaydı, bəlkə də Qasımpaşa uşaqları ardınca düşüb ona lağ edərdilər.
O xalanın oğlu imiş, Amerikada psixologiya üzrə oxuyub vətəninə dönmüşdü. Psixologiya… Bu sözü ilk dəfə eşidirdim. O zamanlar İstanbulda belə, bu sözü heç min adam eşitməmişdi.
Anası oğluna dedi ki, mənimlə uşaq kimi danışmasın.
Məni özünə tay-tuş hesab edərək böyük adam kimi danışan ilk şəxs məhz o gənc psixoloq oldu. Halbuki başqa böyüklər mənimlə böyüsəm də, sonradan balacala-şıbmışam kimi, qəribə bir məxluqmuşam kimi danışırdılar.
Məni özünə tay-tuş bilməsi xoşuma gəlirdi, buna görə də dediklərini dərk etməyə çalışırdım, amma nə qədər cəhd etsəm də, başa düşə bilmirdim. Onunla Mübahisə edirdim. Təbii ki, çox mənasız, ağılsız şeylər deyirdim, amma o məni alçaltmadan, lağ etmədən, ciddiyyətlə dinləyir, suallarıma cavab verirdi. Mənə nə haqda danışmasından asılı olmayaraq, psixologiyanın nəyə xeyirli olduğunu durmadan ondan soruşurdum. İzah edirdi, başa düşmürdüm. Yəni bu iş necə bir iş idi? Onunla nə edirdilər? Nəyə xeyri vardı?
Suallarım boş-boşuna deyildi. O vaxtadək mənə öyrədildiyinə görə, oxuma-yazma əməli olaraq bir işə yaramalı idi. Həkimlik, mühəndislik, nazirlik, vəkillik və başqa sahələr kimi, insana pul qazandırmalı idi… Bəs bu psixologiya nə üçün idi? İnsanlar onu öyrəndikdən sonra necə pul qazanırdılar? Suallarıma konkret nümunə göstərərək cavab verə bilmirdi. Ona görə də izah etdiklərini başa düşmürdüm.
"Xokkey" sözünü də ilk dəfə ondan eşitdim. Amerikada xokkey adlı oyun var imiş. O özü də orada xokkey oynayırmış. Xokkeyi necə oynamaq lazım olduğunu incəlikləri ilə uzun-uzadı izah edirdi. Amma mənim bütün fikrim bu psixologiyanın nə işə yaraması məsələsinin yanında idi.
– Yaxşı, bu psixologiya ilə nə olur, nə edilir, nə iş görülür?
– Bax, – deyirdi, – sən indicə əlini saçına uzadıb başını qaşıdın… Bayaqdan neçə dəfə bunu etmisən… Psixologiya sənin əlini başına nəyə görə uzatdığını anlamaq üçündür…
Məni hədsiz maraq bürümüşdü. Niyə əlimi başıma uzatmışam? Bunu boynumdan soruşmaq lazım idi. Çünki əlimi başıma uzatmağımın, məncə, heç bir səbəbi yox idi. Bu öz-özünə baş vermişdi. Boynumdan soruşsam da, onun cavab verməyəcəyini bilirdim, mən də Amerikada oxumuş adamı utandıracaqdım.
O nəsə danışır, mənsə arada elə eyni sualı verirdim:
– Niyə əlimi başıma uzatdım ki?
Dəqiq cavab gözləyirdim. Öyrəndim ki, bunun xeyli səbəbi ola bilərmiş. Məsələn, onun danışdıqlarından yorulmuş ola bilərdim. Xokkey haqqında danışmağa elə buna görə başlayıbmış… Ola bilsin ki, darıxdığım üçün əlimi tez-tez başıma uzadırmışam…
Özümü pis iş görən yerdə tutulmuş kimi hiss etdim. Yanaqlarımın allandığını duydum. Necə də başa düşmüşdü… Elə utandım ki…
– Heç də elə deyil… – dedim. – Mən darıxmırdım…
Günah hissi
O cümə günü axşamçağı paroxoda minib evdən İstanbula gələrkən günah hissi içində əzilirdim. "Darüş-şəfəqə"yə qayıdırdım, atasız dostlarımın yanına. Halbuki mənim atam vardı. Atamın olduğunu dostlarımdan, müəllimlərimdən, hamıdan gizləməyə məcburdum. On bir yaşındakı bir uşaq üçün bunun necə böyük dərd olduğunu anlaya bilirsinizmi?
Məktəbə getmək istəməyən ayaqlarımı zorla sürüyürdüm.
Məktəbə gəldiyim o axşam içimdən səsimin gücü çatdığı qədər "Atam var!" deyə bağırmaq gəlirdi. Amma atamın olduğu ortaya çıxsaydı, o saat məni məktəbdən çıxarardılar. Mən də daha təhsil ala bilməzdim. Oxumayacağımdan daha çox, anamın necə kədərlənəcəyini fikirləşirdim.
Bilmirəm, görəsən, atasının olduğunu gizlətmək məcburiyyətində qalan başqa bir uşaq varmı bu dünyada? Bir uşağın hər kəsin içində atasına "Ata" deyə bilməməsi necə də böyük faciədir. Uşaq faciəsi…
Çünki "Darüşşəfəqə"yə yalnız atasız uşaqların qəbul olunduğu hamıya məlum idi. Bəlkə də məlum deyildi, amma mənə elə gəlirdi ki, hamı bilir.
Bir uşağın atasının olmasının üzə çıxmasından qorxması, utanması qorxunc bir dərd, ifadəedilməz bir faciə idi. Bu dərd iliyimə kimi işləyirdi.
– Doxsan yeddi!..
Aradan çıxa bilməzdim. Dostlarımla birlikdə yeməkxanaya girməli idim. Girdim. Masanın arxasına keçib oturdum. Yediyim hər tikə boğazımda ilişib qalırdı. Bunu şüurlu olaraq etməsəm də, özümü elə hiss edirdim, sanki yoldaşlarımın haqqı olan yeməyi oğurlayırdım. Mənim etdiyim oğurluq idi, həm də bu oğurluq ömrüm boyunca davam edəcəkdi. Məktəbi bitirdikdən sonra da qurtulmayacaqdı. Yenə də dostlarımdan, hər kəsdən atamın olduğunu gizlədəcəkdim.
Atamın, əslində, olması yalanının ortaya çıxacağı qorxusu atamın olduğunu gizlətmək yalanından daha çox əzirdi məni.
Yeməkdən sonra, həmişəki kimi, dərsimizdə "müzakirə" saatı başladı. Qabağımdakı açıq kitabdan heç bir şey oxumadan, oxuduğumu başa düşmədən eləcə oturmuşdum. Sonra yenə də, həmişəki kimi, yataqxanaya getdim. Soyunub çarpayıya uzandım. Həmişə mənə öyrədiləni edərdim: "Sağ tərəfin üstə yatmalısan, çünki yaxşılıq mələkləri sağdadır. Sonra "Qul huvəllahu əhəd"i oxuyacaqsan".
Hər gecə yerimə uzanıb, – "Ya rəbbim, böyük bir adam olum!" – deyə dua edər, "Qul huvəllahu", "Fələq və Nas"ı oxuyaraq yuxulayırdım. "Böyük adam" deyəndə həmişə ağlıma kəşfiyyatçılar, ixtiraçılar gəlirdi. Çünki kəşfiyyat aparanlar, ixtira edənlər böyük adam idilər, ölümsüzdülər, onların adı sonsuz olaraq yaşayacaqdı. "Ya rəbbim, ölkəm üçün yararlı bir adam olum!.." "Əlham"ı, "Qul huvəllahu" nu üçüncü, dördüncü dəfə oxuyanda yuxu məni aparırdı. Gecə hansı vəziyyətdə yatırdımsa, eləcə də qalır, səhər yenə sağ tərəfi üstdə qalxırdım.
O gecə dördüncü, beşinci, onuncu kərə "Qul huvəllahu"nu desəm də, gözümə yuxu getmədi. Bəs birdən atamın olduğu üzə çıxsa?.. Səhər yuxudan ayılanda gördüm ki, adyalım yerdədir.
Kürü
Anam Heybəliada sanatoriyasından çıxıb evə qayıtmışdı. Artıq yataqdan heç qalxa bilmirdi. Halsız idi, iştahası küsmüşdü. Heç bir iş görə bilmirdi, hətta evin içində də gəzişməyə taqəti yox idi. Bütün iş, ev işlərinin ağırlığı, xəstə anaya qulluq bacımın balaca çiyinləri üzərinə düşmüşdü. Belə bir zəhmətkeş, fədakar bacını əsl həyatda deyil, bəlkə, romantik romanlarda ideallaşdırılmış obraz kimi görmək olardı.
Конец ознакомительного