Sizsiz. Anar

Читать онлайн книгу.

Sizsiz - Anar


Скачать книгу
Ənvər Məmmədxanlı bioqrafiyası, yaradıcılığı ilə yaxından tanış olanda hadisələrin – aysberqin əsas hissəsinin altda, gizlində olduğunu görürsən. Yazıçının keçdiyi yol ilə tanış olanda, əsərlərini və haqqında yazılanları oxuyanda adamda belə fikir yaranır, sanki o, həyatını ədəbiyyatın, incəsənətin içində gizlədib. Reallığı çətin idi. Daha doğrusu, real dünyadakı çətinliklərin bir çoxunu görmüşdü. Müharibə, itki, qorxu, xəstəlik… Həm də zamanla bu qəlizliklərin heç biri sadələşmirdi, əksinə daha da ağırlaşırdı! Yəqin buna görə də “necəsən?” sualına “həyatım ağrıyır!” – deyə cavab verirmiş. Ağrıyan həyata dərman isə yəqin ki, ancaq sənət ola bilərdi. Anar “Sizsiz” romanında Ənvər tənhalığını belə şərh edir:

      “Mənə elə gəlir ki, Ənvər Məmmədxanlının tənhalığı – bütün ömrünü təklik içində, amma kitabları, yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsinin və fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxili təkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələr haqqında mülahizələr, keçmiş və müasir insanların təhlili və o sıradan özünutəhlil – ömrü bütün bunlarla dolmuş Ənvər Məmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələ tənhalığın son həddi deyil… ”

      … Ənvər Məmmədxanlı təkliyinin bu kiçik təhlilini oxuyanda əllə toxunulan, gözlə görülən dünyanın əzabından, kirindən, sərtliyindən, amansızlığından, ədalətsizliyindən xilasın kağızdan, qələmdən keçdiyinə bir daha əmin olursan. (Şübhəsiz, hamı üçün yox. O cür yazıçı üçün.) Maraqlıdır ki, yuxarıda sadaladığım mücərrəd hisslərin hamısı onun həyatında baş vermiş konkret hadisələrlə bağlıydı. “Müsavat”çı atanı hər an “itirmək” qorxusu, 37-ci il xofu, əsir düşmüş qardaşa yas saxlamaq, “danos”lardan, “senzor”lardan bezginlik, anlamazlar arasında bədbinlik və s. Bütün bunlardan, Ənvər Məmmədxanlı ağrıları, zarafatları, söhbətləri, əsərləri, üzləşdiyi haqsızlıqlar, yaşadığı ədəbiyyat, gizlətdiyi həyatdan… bəhs edir “Həyatım ağrıyır” povesti. Hətta adı belə, ağrıyla bağlı povestdə yazıçının qəliz dövrü, xarakteri, əsərləri geniş təhlil olunur. (Ağrıyla təsvir olunur. Ənvərin yoxluğu ağrısıyla!) Və bütün bunları oxuyanda təəccüblənməyə bilmirsən. Axı belə çətin yaşamış adam o cür xoş, lirik, ilıq əsərləri necə yaza bilib? Yazıçının ətrafdan təcrid olunmuş kiçik dünyası gəlir göz önünə. Dörd tərəfi kitab rəfi – sənət olan dünyası. Divarın o üzündəki həqiqi dünyanı “danos”ları, “yonca”ları, sürgünləri, paxılları ilə birgə unutduran aləmi!

      “Həyatım ağrıyır” povestində bu ömür və sənət dəqiq şərh olunur:

      “Ənvər ilk hekayələrinin müəllifi kimi otuzuncu illərdə nə səbəbdənsə, Allah eləməmiş dünyasını dəyişməli olsaydı, bu gün onu məsələn, tutalım musiqidə Asəf Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər. Atasına görə, öz çılğın hərəkətlərinə görə 37-ci ilin qurbanı olsaydı, indi daha da artıq bütləşdirilərdi. Vətən müharibəsi cəbhələrində həlak olsaydı, Azərbaycan nəsrinin unudulmaz müharibə qurbanı kimi anılardı… Amma ədəbiyyatda həqiqi, güzəştsiz meyarlara əsaslanan yerini tutması üçün o bütün ömrünü, bütün ağrıyan həyatını yaşamalıymış… Və əgər kiminsə çox doğru söylədiyi kimi, yazıçılıq yalnız peşə deyil, həm də dünyada yaşamaq tərzidirsə, Ənvərin mənəviyyatımızda yeri bu gün təyin olunmuş səviyyəsindən qat-qat yüksəkdir. Ədəbiyyat tariximizdə ona ayrılmış guşədən dəfələrlə böyükdür”.

      * * *

      Bəzən xatirə-romanları haqqında söz düşəndə Anar müəllim – bunları mən görmüşəm, mən yaşamışam, ona görə başqası yaza bilməz – deyir. Həqiqətən belədir, ona görə hesab edirəm ki, əlinizdə tutduğunuz bu kitab Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutmuş dörd böyük sənətkarın Rəsul Rza, Nigar Rəfibəyli, Ənvər Məmmədxanlı və Anarın həyatı, yaşantıları, ömrü və yaradıcılığını anlamaq üçün açardı…

      PƏRVİN

      SİZSİZ

      (roman – xatirə)

      Sizsiz qalıb Sizdən yazdığım bu yazını

      Sizin solmaz, sönməz, yadımızdan silinməz xatirənizə həsr edirəm.

      BİRİNCİ HİSSƏ

      Kim bilir? Bəlkə də…

      Bəlkə doğrudan da belədir. Bəlkə varlığın izahsız Vaxt düzümündə İndi yoxdur yalnız Keçmiş və Gələcək var; Olmuşlar artıq olmuş, Olacaqlar hələ olacaq, onların – Arxada qalanla İrəlidəngələnin – rastlaşdığı yer, toqquşduqları nöqtə isə mövcud deyil.

      … Ya da bəlkə…

      İlk qışqırıq

      Gələcək günlərin

      vahiməsidir bəlkə!

      Son sükut

      Ömrün yorğunluğuna məlhəm,

      Sakit, sərin bir kölgə!

      Qədim yunan müdriki “Bir çayda iki dəfə çimmək olmaz” – deyib. Amma bir çayda bir dəfə də çimmək mümkünsüzdür. Sənin çimdiyin vaxt ərzində bu çay artıq o çay deyil; sənin suya girdiyin çay axıb gedib, onun axarı bir an, bir saniyə dayana bilməz, Çayın axmazdan fərqi odur ki, axması var. Vaxt kimi. “An dayan, sən nə gözəlsən!”

      An dayana bilməz.

      An-saniyə, Anmaq-yada salmaq, Anım-assosiasiya.

      Oxucularla görüşdə birisi soruşur;

      – Adınızın mənası nədir?

      – Anar-anmaq felindəndir, anmaq-yada salmaq, anar-yada salar, Anar-yada salan.

      – Bəs deyirlər adınız belə açılır: Anam Nigar, Atam Rəsul.

      – Yox, bu uydurmadır, Kim uydurubsa maraqlı uydurub. Amma doğru deyil, belə şey heç vaxt atamla anamın ağlına gəlməyib. Təkrar edirəm:

      – Anar-anmaq felindəndir, anmaq-yada salmaq.

      … Anıram, yada salıram. Keçib getmiş saatları, günləri qaytarmaq istəyirəm. Vaxtın ətəyindən yapışıb saxlamaq istəyirəm.

      Saniyələri, dəqiqələri, anları dayandırmaq istəyirəm.

      An dayana bilməz.

      Vaxtın indisi yoxdur, olmuşları, olacaqları var. Yazdığım bu cümlələri də, heç bircə cümləni, bircə kəlməni İndi yazmıram. Yazacağımacan bu cümlələr, sözlər hələ yoxdur, qabaqda, gələcəkdədir, yazıb qurtardığım hər cümlə, bitirdiyim hər söz isə artıq geridə qalır. Bax, bu indi yazdığım cümlənin hər hərfini kağıza köçürdükcə, o sözlər yeyin gedən qatarın pəncərələrindən görünən teleqraf dirəkləri kimi yıxılıb arxada qalır və yalnız cümləni tamamlayacaq nöqtə hələ qabaqdadır ki, onu da indi qoyuram.

      İndi?

      Yox, o da Gələcəkdə idi – Keçmişdə qaldı.

      İlahi,


Скачать книгу