Ölü canlar. Николай Гоголь
Читать онлайн книгу.havanın təsirindən daha da qaralmış və çirklənmişdi; yuxarı mərtəbə solmayan sarı rənglə rənglənmişdi, aşağı mərtəbədə xamut, kəndir və ikidəstəlik rəndələr satan dükanlar vardı. Tində olan dükanda, daha doğrusu pəncərədə, ədvalı bal şərbəti satan adam və onun qırmızı mis samovarı yerləşirdi, bu adamın üzü də samovarı kimi qırmızı idi. Uzaqdan baxanda adama elə gəlirdi ki, pəncərəyə iki samovar qoyulub, ancaq bu samovarlardan birinin qətran kimi qara saqqalı vardı.
Gələn ağa öz otağını gözdən keçirənə kimi, onun şey-şüyünü, hər şeydən əvvəl ağ meşin çamadanını gətirdilər; çamadan bir qədər sürtülüb köhnəlmişdi, bu da onun birinci dəfə yola götürülmədiyini göstərirdi. Çamadanı əyninə kürk geymiş, alçaqboylu sürücü Selifanla lakey Petruşka gətirdi. Petruşkanın otuz yaşı olardı; o köhnə, gen sürtuk geymişdi, görünür bu, ağasının əynindən çıxan sürtuk idi, üzdən o bir az sərt adama oxşayırdı, çox iri dodaqları və burnu vardı. Çamadandan sonra qırmızı ağacdan qayrılmış və üzünə Karel qayınağacından bəzək vurulmuş bir qutu, çəkmə qalıbları, bir də ki, göy kağıza bükülmüş qızartma toyuq gətirdilər. Bu şeylər daşınıb qurtardıqdan sonra Selifan atlara baxmaq üçün tövləyə getdi, lakey Petruşka isə hinə oxşar çox qaranlıq, kiçik dəhlizdə yerləşməyə başladı; o öz şinelini və bu şinellə birlikdə öz xüsusi qoxusunu da gətirmişdi, bu qoxu, sonra gətirilən və içində cürbəcür lakey bəzək-düzəyi olan torbaya da keçmişdi. O üç ayaqlı, ensiz bir çarpayını bu hinə oxşar dəhlizdə, divar dibində yerləşdirdi, üstünə də yıpranmış, blin2 kimi nazik və bəlkə də elə blin kimi yağlanmış döşəyə oxşar bir şey saldı; bunu o mehmanxana sahibindən bir təhər qopartmışdı.
Xidmətçilər işləri səhmana salıb səliqə düzəldənə qədər ağa ümumi zala getdi. Bu ümumi zalların necə zal olduğunu mehmanxanalara gələn adamlar çox yaxşı bilirlər: o biri mehmanxana zalları kimi bunun da divarları yağlı boya ilə rənglənmişdi, yuxarı tərəfdən çubuq tüstüsündən qaralmış, aşağı tərəfdən də mehmanxanaya gəlib-gedən adamların, xüsusilə yerli tacirlərin kürəklərindən yağlanıb çirklənmişdi – bu tacirlər həftə bazarında altı-altı, yeddi-yeddi bura bir-iki stəkan çay içməyə gəlirlər. Buranın da tavanını his basmışdı, çoxlu asma şüşələri olan çilçıraq da hislənmişdi, nökər, dəniz sahilindəki quşlar qədər saysız-hesabsız fincan düzülmüş podnosu əlində yelləyə-yelləyə, sürtuk müşəmbəli stolların yanından yel kimi ötüb keçəndə bu şüşələr atılıb-düşür, bir-birinə dəyib cingildəyirdi. Buranın da divarlarında bütün divar boyu yağlı boya ilə çəkilmiş şəkillər vardı, – xülasə, başqa mehmanxanalarda necə idisə, burada da elə idi, yalnız bircə fərq vardı: şəkillərdən birində elə yekə döşlü bir pəri şəkli çəkilmişdi ki, oxucular yəqin ki, beləsini heç yerdə görməmişlər. Belə eybəcərliklər tarixi məzmunlu müxtəlif tablolarda olur. Bu tabloların nə vaxt, kimin tərəfindən bizim Rusiyaya gətirildiyi məlum deyil. Ola bilsin ki, onları incəsənət həvəskarı olan velmojalarımız öz kuryerlərinin məsləhətilə İtaliyadan alıb gətirmişlər. Gələn ağa başından kartuzunu götürdü, əlvan rəngli yun şarfını boynundan açdı: belə şarfları evli kişilər üçün arvadları öz əli ilə toxuyub hazırlayır və bunu boynuna necə dolamaq barədə ərlərinə əməlli-başlı öyüd verirlər. Subaylara isə, allah bilir, bunu kim hazırlayır, – mən bunu deyə bilmərəm, çünki heç ömrümdə belə şarf dolamamışam. Gələn ağa şarfı boynundan açıb nahar verilməsini tələb etdi. Ona mehmanxanada olan adi xörəklərdən, yəni şşi3, yanınca da gələn qonaqlar üçün bir neçə həftədən bəri qəsdən qorunub saxlanılan qatlama qutab, yanı noxudlu beyin, yanı kələmli sosiska, bəslənmiş toyuq qızartması, duzlu xiyar, bir də ki, həmişə qonaqlar üçün hazır olan qatlama şirin qutab verilənə kimi – bunların bəzisi qızdırılıb, bəzisi də soyuq halda verilərdi, – bəli, bu xörəklər verilənə kimi ağa nökəri, yəni xidmətçini danışdırmağa başlayıb ondan cürbəcür boş-boş şeylər soruşurdu: bu mehmanxananın sahibi əvvəl kim idi, indi kimdir, çoxmu gəliri olur, mehmanxana sahibi çox dələduz adamdırmı? Nökər də bu axırıncı suala adəti üzrə belə cavab verdi: «Bəli ağa, çox dələduz adamdır!» İstər mədəni Avropada, istərsə də mədəni Rusiyada indi bir çox hörmətli şəxslər vardır ki, onlar mehmanxanada nökərlə söhbət etmədən çörək yeyə bilmirlər, hətta bəzən onlarla çox məzəli zarafat da edirlər. Burasını da qeyd etmək lazımdır ki, gələn ağanın nökərə verdiyi sualların hamısı boş suallar deyildi: o, şəhərdə qubernatorun, palata sədrinin, prokurorun kim olduğunu çox diqqətlə soruşdu və ümumiyyətlə mötəbər məmurların heç birini nəzərdən qaçırmadı; lakin daha diqqətlə, hətta bir az da qayğı ilə, ən mötəbər mülkədarlar haqqında suallar verdi, soruşdu ki, bu mülkədarların hər birinin neçə kəndlisi var, onlar şəhərdən çoxmu uzaqda yaşayırlar, xasiyyətləri necədir, şəhərə tez-tezmi gəlirlər; mahalın da vəziyyətini yaddan çıxartmadı: quberniyada yoluxucu qızdırma, şiddətli isitmə, çiçək və bu kimi başqa xəstəliklərin olub-olmadığını da diqqətlə soruşdu; bu şeyləri onun belə diqqətlə və belə ətraflı surətdə soruşması göstərirdi ki, burada adi maraqdan başqa bir məqsəd də vardır. Ağanın hərəkətlərində bir təmkinlik də vardı və burnunu çox bərk silirdi. Bunu o necə edirdi heç kəsə məlum deyil, ancaq burası var ki, burnu boru kimi səslənirdi. Lakin belə bir məziyyət ona mehmanxana xidmətçisi qarşısında böyük hörmət qazandırmışdı, belə ki, o hər dəfə bu səsi eşidəndə saçını silkələyərək daha hörmətlə dikəlir, vücudunun zirvəsindən başını əyərək, bir şey lazım olub-olmadığını soruşurdu. Gələn ağa nahar etdikdən sonra bir fincan qəhvə içdi və divanda oturub dalına da balış qoydu. Nədənsə rus mehmanxanalarında bu balışlara yumşaq yun əvəzinə, kərpicə və ya döşəmə daşına oxşar şeylər doldururdular. Ağa əsnəməyə başladı və öz nömrəsinə aparılmasını nökərə əmr etdi. Nömrədə uzanıb iki saat yatdı. İstirahət etdikdən sonra, mehmanxana xidmətçisinin xahişinə görə polis idarəsinə verilmək üçün, bir parça kağıza rütbəsini, adını və familiyasını yazdı. Xidmətçi pilləkəndən düşürkən kağızda höccələyə-höccələyə bu sözləri oxudu: «Kollej müşaviri Pavel İvanoviç Çiçikov, mülkədar, öz işi üçün gəlmişdir». Nökər kağızı hələ də höccələyə-höccələyə oxuyarkən, Çiçikov şəhərə baxmağa getdi; şəhər deyəsən onun xoşuna gəlmişdi, çünki o belə bir nəticəyə gəldi ki, bu şəhər başqa quberniya şəhərlərindən heç də geri qalmır: daş evlərin sarı rəngi adamın gözünü qamaşdırır, ağac evlərin boz rəngi isə sadə bir şəkildə qaralırdı. Evlər ya bir, ya iki mərtəbəli və ya mərtəbə yarım idi, hamısının da mezonini vardı, bu mezoninlər də quberniya memarlarının fikrinə görə, çox qəşəngdi. Bəzi yerdə bu evlər çöl kimi geniş küçələr, bitib-tükənməyən taxta hasarlar arasında elə bil ki, itib batırdı, bəzi yerdə isə sanki yığışaraq bir araya toplaşırdı, belə yerlərdə hərəkət, gediş-gəliş daha çox olurdu. Rəngi tamam solmuş, krendel uzunboğaz çəkmə şəkli çəkilmiş lövhələr nəzərə çarpırdı; bəzən də görürdün ki, belə bir lövhədə göy şalvar şəkli çəkilmiş, altından da Arşavski adlı bir dərzinin adı yazılmışdır; bir lövhədə də: «Xarici Vasili Fyodorov» sözləri yazılmışdı: bu, kartuz və furajka mağazası
2
Блины (
3
Щи (