Qarlı aşırım. Фарман Керимзаде
Читать онлайн книгу.uca qübbəli, geniş salonlu teatrın səhnəsindən danışırdı. Yüz səsli xor da Abbasqulu bəyin dediklərini təkrar edirdi: «Onun evinə gedirik… Onun evinə… Onun…»
Bir-birindən aralı dayanmış carçılar Abbasqulu bəyin dediklərini təkrarlayır, Kərbəlayı İsmayıla çatdırırdı.
Sanki carçıların da hamısı bu qayalar boydaydı, nəhəng, bədheybət və donuq… Abbasqulu bəyə elə gəldi ki, bu carçıların hərəsi bir tüfəng götürüb lüləsini ona tərəf çevirib, atəş açacaqlar.
Keşikçi cavab verdi:
– Kərbəlayı xəstədi, heç kəsi yanına buraxmır.
Abbasqulu bəy atını irəli sürdü:
– Qonağa xoş gəldin deyərlər.
– Qonaq allahındır, allaha qurban olum. Ancaq onu vaxtında göndərməyib.
– Kərbəlayıya xəbər ver ki, Abbasqulu bəy Şadlinski onun yanına gəlir.
Keşikçi onu tanıdığını bildirmək istəmirdi. Bu gəlmələrdən sonra inad qırıldı. Bu keşikçi Yadullanın meyitini öz əlləri ilə yumuşdu. Söhbət düşəndə «yumuşam» yox, «suya tutmuşam» deyirdi. Çünki meyitin hər əzası bir tərəfdə qalmışdı. Onu qaytaran da Abbasqulu bəy olmuşdu. Hər dəfə bu barədə söhbət salanda onun adını çəkməyi unutmurdu, atasına rəhmət oxuyurdu. Abbasqulu bəyin Qarabağlardan ehtiramla, lap padşah kimi yola salındığını gözləri ilə görmüşdü. İndi ona hörmət eləməsə, Kərbəlayı İsmayılın qəzəbinə gələcəyindən qorxdu.
O, barmağını tətikdən çəkdi:
– Bəy, yanında adam çoxdu?
– Üç nəfərik. Ədə, daşın dalında gizlənibsən, sifətini görmürəm. Kimsən axı, de görüm?
– Səməndərəm də, bəy!
– Hansı Səməndər?
– Kərbəlayının evində sizə qulluq eləmişəm.
Abbasqulu bəyin o məclisdən yadında qalan iri bir məcməyi idi. Aşı dağ kimi qalamışdılar. Bir də çoxlu kədərli, gözüyaşlı, alnı qırışlı sifət görmüşdü. Ağappaq aş dağlarına uzanan əllər gözünün qabağına gəldi. Əzən, dağıdan, parçalayan qabarlı və qabarsız əllər. Sifətləri ayrı-ayrılıqda gözlərinin önünə gətirmək istədi. Yox, xatırlaya bilmədi.
– Sən ki, məni tanıyırsan, onda bir yaxşılıq elə.
– Düzü, üç nəfərsiniz?
– Mən sənə yalan deyirəm?!
– Yaxşı, bir az gözləyin.
Səməndər papağını tüfəngin qundağına yatırtdı ki, desinlər yerindədir. Kahaya getdi. Əyilə-əyilə qaçdı ki, onu görməsinlər. Yoldaşları ona çoxbilmişliyinə görə «Keçəl Həmzə» deyirdilər. İndi də kələk gəlmək istəyirdi.
Abbasqulu bəy şirin-şirin yağan qarın səssizliyinə qulaq asırdı. Onu vəcdə gətirən bu sükutu gözətçinin güclə eşidilən ayaq səsləri pozdu. Yüyəni tərpətdi. Kəhər bir neçə addım atıb tüfəngin lüləsi görünən qayaya çatdı. Başını qaldırıb daşın çatında bitmiş kola ağız atdı. Kəhərin yalına, kirpiklərinə qar yığılmışdı. Gözünü qırpanda kiçik qar uçqunu başlanırdı.
Abbasqulu bəy əl atıb tüfəngin lüləsindən yapışdı.
Kahadakı adam çömbəlmişdi. Səməndər əl atıb onun kürkünün boynundan dartdı. Rəsul buz kimi daşın üstünə çökdü.
– Nə xəbərdi, evi yıxılmış, indi gəlmədim?!
Səməndər əlini onun ağzına basdı. Rəsulu başa salmaq üçün hər kəlməni onun qulağının dibində üç-dörd dəfə qışqırdı. Rəsul onun dediklərini başa düşənə qədər Abbasqulu bəy də, Xəlil də, Talıbov da gəlib kahanın qabağına çıxmışdılar.
Rəsulu Qarabağlara göndərdilər. Özləri də kahadakı ocağın ətrafında dövrə vurdular. Atlar başlarını aşağı salıb hərəsi bir dal ayağını boş qoymuşdu. Qar isə hey yağırdı.
Həyətin aşağısında, ərik ağacının altında inək kəsmişdilər. Üç-dörd adam inəyin gönünü soyurdu.
Kərbəlayı İsmayıl qotazlı mütəkkəyə söykənib təsbeh çevirirdi. Buxarı çartıltı ilə yanırdı. İsti onu vurduqca xoşhallanırdı. Arxası qapıya tərəf oturan Qəmlo ocağa çırpı atırdı. Onun kürəyinin hər tərəfi bir vəl tayı boyda idi.
Kərbəlayının dilindən çıxan bu bir kəlmə söz o demək idi ki, ay Rəsul, buyur, danış.
– Dostun qonaq gəlib ha…
– Dostum kimdir, ay Rəsul?
– Abbasqulu bəy.
– Qoşun gətirib?
– Üç nəfərdilər.
Kərbəlayı dikəldi. Qalxdı:
– Hardadılar?
– Bizim ocağın başında.
Qəmlo yerindən bəbir kimi sıçradı. Divara söykədiyi tüfəngi elə qapdı ki, elə bil çöp götürdü. Rəsulu qoltuqlayıb çölə çıxartdı.
Kərbəlayı İsmayıl əlini bığına, qırmızımtıl, yağlı dodaqlarına, saqqalına çəkdi.
«Demək, belə. Abbasqulu bəy iltimasa gəlib. Gəlib ki, silahı yerə qoyum. Daşı ətəyimdən töküm».
Gəzinməyə başladı. Corablarının naxışı yerdəki xalçanın naxışlarına qarışdı. Sanki yerimirdi, o tərəf-bu tərəfə süzürdü.
«Adətdi, seldən qabaq qamqalaq, zir-zibil gələr. Kötüyü selin güclü yeri axıdıb gətirər. İndi tərsinə çıxır. Qabağa kötüyü salıblar. Diyirlədib veriblər irəli. Demək istəyirlər ki, yüngülümüz Abbasqulu bəydi, sonrası lap ağır gələcək».
Qapı da, pəncərələr də taybatay açıldı. Çovğun ardıc gözündən içəriyə yayılan istini bir anda sovurdu. Kərbəlayının qoyun-qoltuğunda gəzən soyuq onun canını tumurcuq-tumurcuq elədi.
– Örtün pəncərələri, qapını da basın!
Xorasan kürkünü çiyinlərinə çəkdi. Buxarının qabağında oturdu. Çöplə ocağı eşməyə başladı. Közün arasından yaşıl alov uzandı. Üstünə duz tökülmüş kimi çatıldadı.
Kərbəlayının saqqalı narıncı rəng aldı. Nazik, çal qaşları arasına yumru bir düyün düşdü. Alnı küncdəki yük kimi qat-qat oldu.
«Abbasqulu bəy gəlir. Onu bu işə qoşan çox bic adamdı.
Bilir ki, mənə yaxşılığı keçib, sözünü yerə salmaram. Silah gücünə təslim olmayacağımı bilirlər. Hökumətə bax da. Üstümə qoşun əvəzinə elçi göndərir…
Bəlkə, bu tədbiri tökən elə Abbasqulu bəyin özüdür. Arxayındı ki, həmişəki kimi, sözü yerdə qalmaz, xətrinə dəyən olmaz. Çox nahaq yerə gəlir. Ağsaqqallıq eləmək istəyir. Daha demir ki, o dövran keçdi getdi. Daha böyük-kiçik məsələsi yoxdur. Yüz ağsaqqal kəlamı bir qotur muzdur sözündən qiymətsiz olub».
Qəmlo içəri girdi.