KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Читать онлайн книгу.asılı olaraq artır və əskilir. Burada bütün əmtəə qiymətlərinin eyni zamanda qalxması və ya düşməsi məcburi deyildir. Tədavüldə olan bütün əmtəələrin reallaşmalı olan qiymətləri məbləğini nəzərə çarpacaq dərəcədə qaldırmaq və ya salmaq üçün və, deməli, tədavül dairəsinə daha çox və ya daha az pul cəlb etmək üçün bir halda müəyyən miqdar başlıca əmtəələrin qiymətinin qalxması, başqa halda isə onların qiymətinin düşməsi kifayətdir. Əmtəələrin qiymətlərinin dəyişilməsi istər əmtəələrin dəyərinin həqiqətən dəyişildiyini əks etdirsin, istərsə ancaq bazarda qiymətlərin qalxıb-düşməsindən ibarət olsun, hər iki halda tədavül vasitələri kütləsinə onun təsiri eynidir.
Tutaq ki, bir-biri ilə bağlı olmayan, eyni zamanda baş verən və deməli, məkanca yanaşı olan müəyyən miqdar satqı və ya natamam metamorfoz vardır, məsələn, 1 kvarter buğdanın, 20 arşın kətanın, 1 bibliyanın, 4 qallon arağın natamam metamorfozu vardır. Əgər bu əmtəələrdən hər birinin qiyməti 2 f. st., deməli, reallaşmalı qiymətlərin məbləği 8 f. st. olarsa, onda tədavülə 8 funt sterlinqə bərabər pul kütləsi daxil olmalıdır. Lakin həmin əmtəələr yuxarıda tədqiq etdiyimiz metamorfozlar sırasının: 1 kvarter buğda–2 f. st.–20 arşın kətan–2 f. st.– 1 bibliya–2 f. st, – 4 qallon araq–2 f. st. sırasının halqalarıdırsa, onda eyni 2 f. st. bütün bu əmtəələri bir-birinin ardınca tədavül etdirib onların qiymətlərini ardıcıl surətdə reallaşdırır, – deməli bu 2 f. st. 8 f. st. məbləğində qiyməti reallaşdırır və axırda araqçəkənin əlində yatıb qalır. Bu 2 f. st. dörd dəfə dövr edir. Eyni pulun bu təkrar yerdəyişməsi əmtəə formasının iki dəfə dəyişilməsini, əmtəənin tədavüldə bir-birinə əks olan iki mərhələdən keçməsini və eyni zamanda müxtəlif əmtəələrin metamorfozlarının qovuşmasını ifadə edir68. Bu prosesin bir-birinə əks olan və bir-birini tamamlayan fazaları məkan etibarı ilə yanaşı baş verə bilməz, lakin zaman etibarı ilə bir-birinin ardınca gəlməlidir. Buna görə də müəyyən zaman müddətləri həmin fazaların davam etdiyi müddətlə ölçülür, yəni pulun tədavül sürəti eyni pul vahidlərinin müəyyən zaman ərzindəki dövrlərinin sayı ilə ölçülür. Tutaq ki, yuxarıda göstərilən dörd əmtəənin tədavül prosesi, məsələn, bir gün davam etmişdir. Onda reallaşdırılası qiymətlərin məbləği = 8 f. st., bir gün ərzində eyni pul vahidlərinin dövrləri sayı–4, tədavüldə olan pul kütləsi–2 f. st. olar. Beləliklə, müəyyən müddət ərzində tədavül prosesi üçün:
vəzifəsi daşıyan pul kütləsinə. Bu qanun ümumi bir əhəmiyyətə malikdir. Müəyyən müddət ərzində hər bir ölkənin tədavül prosesi, bir tərəfdən, eyni zamanda, məkan etibarı ilə yanaşı baş verən bir çox dağınıq satqı (müvafiq surətdə alqı) əməliyyatlarını, yaxud natamam metamorfozları əhatə edir və burada eyni pul öz yerini bircə dəfə dəyişir, yaxud bircə dəfə dövr edir; digər tərəfdən, həmin proses qismən paralel baş verən, qismən bir-biri ilə çulğaşan, halqaların az və ya çox zəngin olan bir çox metamorfoz sıralarının məcmusunu əhatə edir və burada eyni bir pul az və ya çox əhəmiyyətli miqdar dövr edir. Lakin tədavüldə olan bütün eyni adlı pul vahidləri dövrlərinin ümumi sayı ayrıca bir vahidin dövrlərinin orta sayını, yaxud pul tədavülünün orta sürətini göstərir. Məsələn, gündəlik tədavül prosesinin əvvəlində tədavülə daxil olan pul kütləsi, əlbəttə, eyni zamanda və məkanca bir-biri ilə yanaşı tədavül edən əmtəələrin qiymətləri məbləği ilə müəyyən edilir. Lakin proses daxilində hər bir pul vahidi bütün qalanları üçün, necə deyərlər, məsuliyyət daşıyır. Bunlardan biri öz tədavül sürətini artırırsa, bununla da başqasının tədavül sürətini azaldır, həm də bu axırıncısı tədavül dairəsindən tamamilə çıxa bilər, çünki bu dairə ancaq o qədər qızıl qəbul edə bilər ki, bu miqdar qızıl özünün ayrı-ayrı ünsürlərinin dövrlərinin orta sayına vurulduqda, reallaşması lazım gələn qiymətlərin məbləğinə bərabərdir. Buna görə də pulun dövrlərinin sayı artırsa, tədavüldə olan pulun kütləsi azalır. Pulun dövrlərinin sayı azalırsa, onun kütləsi artır. Tədavül vasitəsi vəzifəsi daşıya bilən pulun kütləsi müəyyən orta tədavül sürəti şəraitində məlum olduğuna görə, tədavülə müəyyən miqdar kağız pul, məsələn, bir funtluq kağız pul buraxmaqla oradan eyni miqdar qızıl soveren götürmək olar, – bu da bütün banklara yaxşıca məlum olan bir fənddir.
Əgər ümumiyyətlə pul tədavülündə ancaq əmtəələrin tədavül prosesi, yəni onların bir-birinə əks metamorfozlar yolu ilə dövranı təzahür edirsə, pulun tədavül sürətində əmtəə formalarının bir-birini əvəz etməsi sürəti, bir metamorfozlar sırasının başqaları ilə arası kəsilmədən çulğaşması, bu maddələr mübadiləsinin sürəti, tədavül dairəsindən əmtəələrin sürətlə qeyb olması və bunları yeni əmtəələrin eyni sürətlə əvəz etməsi təzahür edir. Beləliklə, pul tədavülünün sürətində bir-birinə əks olan və bir-birini tamamlayan fazaların dəyişkən vəhdəti meydana çıxır–əmtəənin istehlak formasının dəyər surətinə çevrilməsi və dəyər surətinin də dönüb istehlak formasına çevrilməsi, yəni hər iki prosesin: satqı ilə alqının vəhdəti meydana çıxır. Əksinə, pul tədavülünün yavaşımasında bu proseslərin bölünüb bir-birinə əks olan iki qütbə ayrılması, yəni formalar çevrilməsinin və, deməli, maddələr mübadiləsinin dayanması özünü göstərir. Əlbəttə, tədavülün özündən görmək olmaz ki, onun dayanması haradan irəli gəlir. Tədavül bu hadisənin mövcud olmasının özünü ancaq aşkara çıxarır. Pul tədavülü yavaşıdıqda, tədavülün ucqarlarındakı bütün nöqtələrdə pulun get-gedə daha gec-gec meydana çıxmağa və qeyb olmağa başlaması faktı, adi baxışa görə, tədavül vasitələrinin kifayət qədər olmaması ilə izah edilir.69
Beləliklə, hər bir müəyyən zaman ərzində tədavül vasitələri vəzifəsi daşıyan pulun ümumi miqdarı, bir tərəfdən tədavüldə olan bütün əmtəələrin qiymətlərinin məbləği ilə, digər tərəfdən də, bir-birinə əks istiqamətdə olan əmtəə tədavülü proseslərinin çox və ya azsürətli olması ilə müəyyən edilir, bundan da belə bir cəhət asılıdır ki, qiymətlərin ümumi məbləğindən hansı hissəsi eyni pul vahidinin köməyi ilə reallaşa bilər. Lakin əmtəə qiymətlərinin bu məbləğinin özü hər bir ayrıca əmtəə növünün həm kütləsindən, həm də qiymətindən asılıdır. Bu üç amil: qiymətlərin hərəkəti, tədavüldə olan əmtəələrin kütləsi və pulun tədavül sürəti müxtəlif istiqamətlərdə və müxtəlif proporsiyalarda dəyişilə bilər; buna görə də reallaşmalı olan qiymətlər məbləği və, deməli, ondan asılı olan tədavül vasitələri kütləsi də bir çox kombinasiyaya uğraya bilər. Biz burada ancaq, əmtəə qiymətləri tarixində ən mühüm rol oynayan kombinasiyanı qeyd edəcəyik.
Əmtəə qiymətləri sabit qaldıqda, tədavüldəki əmtəələrin kütləsi artırsa və ya pulun tədavül sürəti azalırsa, ya da bu hər iki hal birlikdə baş verirsə, tədavül vasitələri kütləsi arta bilər. Əksinə, əmtəə kütləsi azalırsa və ya pulun tədavül sürəti artırsa, tədavül vasitələri kütləsi azala bilər.
Bütün əmtəə qiymətləri qalxdıqda, tədavüldəki əmtəələrin kütləsi bunların
68
"Məhz məhsullar onu (pulu) hərəkətə gətirib tədavül etdirir… "Onun" (pulun) „hərəkət sürəti onun miqdarını əvəz edir. Pula ehtiyac olduqda, o bir dəqiqə də dayanmadan əldən-ələ keçir". (Le Trosne, sitat gətirilən əsər, səh. 915, 916).
69
"Pul… alqı və satqı üçün ümumi ölçü olduğuna görə satılmalı bir şeyi olub alıcı tapmayan hər bir adam zənn edir ki, ölkədə pul çatışmaması üzündən o öz əmtəələrini sata bilmir; buna görə də hər yerdə pul çatışmamasından şikayətlər eşidilir. Lakin bu böyük bir səhvdir… Pul çatışmamasından şikayətlənən adamlara nə lazımdır? Fermer şikayətlənir… o güman edir ki, ölkədə pul çox olsaydı, öz məhsullarını yaxşı qiymətə sata bilərdi. Deməli, ona pul lazım deyildir, satmaq istədiyi, lakin sata bilmədiyi taxıl və mal-qarasına yaxşı qiymət lazımdır… Bəs nəyə görə o bunları yaxşı qiymətə sata bilmir?.. 1) Ya ona görə ki, ölkədə həddindən çox taxıl və mal-qara vardır, buna görə də bazara gələn adamların çoxunun onun kimi bu məhsulları satmağa ehtiyacı vardır və ancaq az bir hissəsinin bu məhsulları almağa ehtiyacı vardır. 2) Ya ona görə ki, bu məhsulların adi ixracı azalmışdır… 3) Ya da ona görə ki, istehlak azalmışdır, bu da o hallarda olur ki, adamlar yoxsulluq üzündən öz yaşayışlarına əvvəlkindən az xərcləyirlər. Deməli, fermerə öz əmtəələrini satmaqda cingiltili pulun miqdarının artması deyil, bazarda həqiqətən kasadlıq doğuran bu üç səbəbin aradan qalxması kömək edə bilər. Tacir və dükançının da eynilə bu mənada pula ehtiyacı var, yəni onların öz əmtəələrini satmağa ehtiyacları vardır, bu da bazarda tələbin aşağı düşməsi nəticəsidir. Millət o zaman ən yaxşı tərəqqi edir ki, sərvətlər arası kəsilmədən əldən-ələ keçsin". (Sir Dudley North. "Discourses upon Trade. London, 1691, p. 11 – 15 passim). Herrenşvandın bütün fırıldaqçı uydurmaları ondan ibarətdir ki, əmtəənin öz təbiətindən doğan və buna görə də əmtəələrin tədavülündə meydana çıxan ziddiyyətləri guya tədavül vasitələrinin miqdarını artırmaqla aradan qaldırmaq olarmış. Lakin istehsal və tədavül prosesindəki dayanma hallarını tədavül vasitələrinin çatışmaması ilə izah etmək ancaq arada gəzən yanlış fikirlərdirsə, bu heç də o demək deyildir ki, məsələn, "regulatin of currency" ["tədavül vasitələrinin tənzimi"] sahəsindəki rəsmi hiylələr üzündən tədavül vasitələrinin həqiqətən çatışmaması özü də dayanma halları doğura bilməz.