Amerika faciəsi . Теодор Драйзер

Читать онлайн книгу.

Amerika faciəsi  - Теодор Драйзер


Скачать книгу
– gülərüzlü gənc oğlan və qızlar gülüşərək, zarafatlaşaraq onun yanından ötüb keçirdilər, balaca uşaqlar dayanıb ona tamaşa edirdilər və bütün bunlar onun həyatından, daha doğrusu, onun ailəsinin həyatından kənarda nə isə daha gözəl və daha yaxşı bir şey olduğunu göstərir, onu həyəcanlandırırdı.

      Aramsız olaraq onların yanında qaynayıb daşan, dəyişən bu qayğısız və dalğalı küçə izdihamı içərisində, sanki bəziləri hiss edirdilər ki, bu uşaqlara qarşı nə isə psixoloji bir səhv buraxılmaqdadır: bəziləri dirsəkləri ilə bir-birini dümsükləyir, daha azğın və daha laqeyd olanları qaşlarını qaldırıb həqarətlə gülümsəyir, daha rəhmdil və təcrübəli olanlar isə deyirdilər ki, uşaqların belə mərasimdə iştirak etmələri çox yersiz bir işdir.

      Gənc bir kontor xidmətçisi deyirdi:

      – Mən, demək olar ki, hər axşam – həftədə azı iki-üç dəfə, bu adamları burada görürəm, – bu gənc xidmətçi, gəzdiyi qız ilə indicə bu saat görüşmüşdü və indi onu restorana aparırdı. O, – yəqin ki, bu, din pərdəsi altında bir fırıldaqdır, – deyə əlavə etdi.

      Şəhərin ticarət mərkəzlərinin daimi avaralarından olan qırx yaşlı birisi isə yanında dayanmış zahirən xoşsifətli bir başqasına belə deyirdi:

      – Bu iş, bax, o böyük oğlanın ürəyinə yatan iş deyil. Üzündən görünür ki, o özünü çox da yaxşı hiss etmir. Əgər onun bu işə həvəsi yoxdursa, bu boyda oğlan uşağını camaatın qarşısında tamaşaya qoymağın nə mənası var? Axı, o bu dini işlərdən heç bir şey anlamır.

      Uşağın orijinal siması ilə maraqlanan o birisi adam:

      – Bəli, mən də bu fikirdəyəm, – deyə ona müraciət edənlə razılaşırdı. Uşaq üzünü qaldıranda onun üzündə bir sıxıntı və pərişanlıq görünürdü, üzünə baxan hər bir adam asanlıqla başa düşə bilərdi ki, hələ xasiyyəti bərkiməmiş və icra edilən dini ayinlərin psixoloji və dini mənasını qavraya bilməyən bir uşağı camaat qarşısında yetkin və kamallı adamlara daha münasib olan bu cür çıxışlara məcbur etmək çox faydasız və zalım bir hərəkətdir.

      Amma bütün bunlara baxmayaraq, o yenə də ata və anasına tabe olmalı, boynuna düşən işi yerinə yetirməli idi.

      İki kiçik uşaq – balaca qız və balaca oğlan, onları əhatə edən şeyləri yaxşı anlamağa hələ çox kiçik idilər, buna görə də onlar üçün hamısı bir idi. Orqan çalan böyük qıza isə, görünür, tamaşaçıların diqqəti, onun zahiri görkəmi və səsi haqqında onların söylədiyi fikirlər hətta xoş gəlirdi, çünki nəinki kənar adamlar, hətta öz ata və anası belə dəfələrlə qıza demişdilər ki, guya onun çox xoş, gözəl və məlahətli səsi vardır, halbuki bu o qədər də düz deyildi. Qızın səsi çox da yaxşı səs deyildi, lakin ata və anası musiqini qanan adam deyildilər. Qız zəif, arıq, heç bir xüsusiyyəti ilə fərqlənməyən bir qız idi, – onda mənəvi qüvvə yaxud dərin kamal əlamətləri də nəzərə çarpmırdı. Buna görə heç də təəccüblü deyildi ki, oxumaq onun üçün heç olmasa, az da olsa, başqalarından fərqlənib diqqəti özünə cəlb etmək üçün yeganə bir vasitə idi.

      Ata və ana isə möhkəm qət etmişdilər ki, imkanları daxilində cəmiyyətin mənəvi təmizlənməsinə kömək etsinlər. Birinci dua oxunub qurtardıqdan sonra ata, Allahın mərhəməti və İsanın məhəbbəti sayəsində günahkar insanların ağır vicdan əzabından qurtulub necə sevindikləri haqqında boşboğazlıq etməyə başladı.

      Böyük oğlan Klayd və ondan kiçik olan bacısı ilə qardaşı, gözlərini yerə dikib dayanmışdılar, onlar yalnız hərdənbir başlarını qaldırıb atalarına baxırdılar; onlar bu fikirdə idilər ki, bəlkə də, onlar nədən danışırsa, hamısı doğrudur, vacibdir, ancaq hər halda həyatdakı bir çox başqa şeylər qədər əhəmiyyətli və cazibəli deyildir. Uşaqlar bütün bunların hamısını dəfələrlə eşitmişdilər, indi onların gənc və coşqun xəyalları həyatdan daha böyük bir şey, küçə ortasında və yaxud ibadətgahdakı bu vəzlərdən daha mənalı bir şey gözləyirdi.

      Nəhayət, ikinci dua oxundu və missis Qrifits kiçik bir nitq deyərək yaxın küçədə yerləşən, rəhbərlik etdikləri ibadətgah haqqında və ümumiyyətlə, həzrəti İsanın vəsiyyətlərinə necə əməl etdikləri barədə danışırdı, bundan sonra onlar dinləyiciləri xoşbəxt edib üçüncü duanı oxudular və ibadətgahın xeyirxah əməlləri haqqında kiçik kitabçalar payladılar. Ailə başçısı Eysa Qrifits isə bir az xırda-para könüllü ianə topladı. Kiçik orqanın qapağını bağladılar, açılıb bükülən stulu yığıb Klayda verdilər, Tövratı və dua kitabçalarını missis Qrifits yığışdırdı və qoca Qrifits orqanın qayışını yenə çiyninə keçirdikdən sonra, bütün ailə ibadətgaha yönəldi.

      Bütün bu müddət ərzində Klayd öz-özünə deyirdi ki, o, artıq bu işlə məşğul olmaq istəmir, onun həm özü, həm də ata-anası gülüncdürlər, başqa adamlara oxşamırlar; əgər o icbari olaraq iştirak etdiyi bu çıxışlara qarşı bütün qəzəbini tamamilə ifadə edə bilsəydi, ata və anasına “küçə təlxəkləri” belə deyə bilərdi; o çalışacaq ki, artıq heç vaxt bu çıxışda iştirak etməsin. Axı nə üçün ata və anası onu öz dallarınca salıb küçələri gəzdirirlər? Belə bir həyat onu təmin edə bilməz. Başqa oğlan uşaqları belə işlərlə məşğul olmurlar. İndi o, həmişəkindən daha artıq qətiyyətlə onu bütün işlərdən xilas edəcək bir üsyan qaldırmaq istəyirdi. Qoy böyük bacısı istədiyi qədər orqan çala-çala küçələri dolaşsın, bu onun xoşuna gəlir. Kiçik bacısı və qardaşı isə çox balacadırlar, onlar üçün hamısı birdir. Lakin o…

      Arvadı ilə yanaşı yeriyən Qrifits:

      – Deyəsən, bu axşam camaat bizə həmişəkindən artıq diqqət göstərirdi, – dedi. Yay axşamının məlahəti ona xoş bir təsir bağışladığına görə o, yoldan ötənlərin həmişəki laqeydliyini öz xeyrinə yozmağa çalışırdı.

      – Bəli, cümə axşamı ancaq on səkkiz nəfər dua kitabçası almışdı, amma bu gün iyirmi yeddisi aldı.

      Qrifits arvadına və özünə ürək-dirək verməyə çalışaraq:

      – İsanın məhəbbəti öz işini görəcəkdir, – dedi, – adamların çoxuna hələ də bu dünyanın kefi və qayğıları hakimdir, lakin onlara bir müsibət üz verdikdə bizim indi səpdiyimiz toxumların çoxusu cücərib boy atacaqdır. Mən buna ürəkdən inanıram. Bu fikir həmişə mənə qüvvət verir. Dərd və günahın ağırlığı axırda bəzilərini tutduqları yolun nə qədər yanlış bir yol olduğunu anlamağa məcbur edəcəkdir.

      Onlar bir az əvvəl çıxdıqları darısqal yan küçələrdən birinə döndülər və bir neçə ev keçdikdən sonra geniş pəncərələri və qapısının şüşələri açıq boz şirlə rənglənmiş, birmərtəbəli, sarı rəngli taxta bir binaya daxil oldular. Hər iki pəncərənin eninə və ikiqat qapının yuxarısına belə yazılmışdı: “Mərhəmət qapıları. Dissidentlərin missiyası. Dua yığıncaqları çərşənbə və şənbə günləri, axşam saat 8-dən 10-dək, bazar günləri isə saat 11-də, 3-də və 8-də olur. İbadət qapıları hamının üzünə açıqdır”. Bu yazı altında pəncərələrin hər birinə bu sözlər yazılmışdı: “Allah məhəbbət deməkdir”, bir az aşağıda


Скачать книгу