Loqo. Эрнест Сетон-Томпсон
Читать онлайн книгу.p/>
Lobo
boz canavarın hekayəsi
YORĞA MUSTANQ
I
Co Kalon yəhəri tozun içinə atdı, atları açıb buraxdı və məhmizlərini cingildədə-cingildədə evə girdi:
– Yemək hazırdır?
Aşpaz stansiya rəisi kimi özünü tox tutub saata baxa-baxa cavab verdi:
– On yeddi dəqiqədən sonra hazır olar.
Aşpaz sözdə həmişə son dərəcə dəqiq idi, amma işdə heç bir dəqiqlik göstərməzdi.
Co cavab verdi:
– Çox gözəl. Görünür, mal-qara yaxşıdır. Bala heyvan çoxdur. Yolda Ceyran bulağına su içməyə gələn mustanq ilxısına rast gəldim. Onların arasında bir cüt dayça var. Biri xırdaca, qaraca, qəşəng anadangəlmə yorğadır. Onu iki milə qədər qovdum, həmişə qabaqda qaçırdı, bircə dəfə də olsun yerişini dəyişmədi. Maraqlanıb atları qəsdən bərk çapdım, amma o heç yorğa yerişini pozmadı.
Yoldaş Skrat onun sözlərinə inanırmış kimi soruşdu:
– Yolda çox vurmamışdın?
– Heç olmasa sən belə demə, ay Skrat! Keçən dəfə dördayaqlı iməkləyən kim idi? Sən deyildin?
– Yeməyə gəlin! – aşpaz səslənən kimi söhbət həmin saat kəsildi.
Ertəsi gün kovboylar başqa otlağa köçdülər və mustanqlar yaddan çıxdı.
Bir il sonra mal-qaranı Nyu-Meksiko ştatının yenə həmin yerinə sürüb gətirdilər və yenə mustanq ilxısına rast gəldilər.
Qara dayça ayaqları zərif, ucaboy, böyürləri par-par parıldayan qəşəng at olmuşdu. Bir çox kovboylar bu mustanqın qəribə xüsusiyyətə malik olduğunu gözləri ilə görüb inanmışdılar. Doğrudan, anadangəlmə yorğa idi.
Co da burada idi. Həmin saat ağlına gəldi ki, bu atı tutmaq bəd olmaz. Şərq ştatlarında yaşayanlara belə fikir qəribə görünməzdi, amma Qərb ştatlarında at ucuz olduğuna görə heç kəs vəhşi mustanqlara baş qoşmaq istəməzdi. Onu tutmaq asan deyildi, lap bu mümkün olsa da, axıra qədər vəhşi qalacaq, əsla ram olmayacaq və heç bir fayda verməyəcəkdi.
Bəzi maldarlar mustanqları tüfənglə vurub öldürürlər, çünki yalnız otlaqları kor qoymaqla kifayətlənmir, ev atlarını da özlərinə qoşub aparır və bu atlar tezliklə vəhşiləşib həmişəlik əldən çıxır.
Vəhşi Co Kalon atlara çox yaxşı bələd idi, onların bütün xasiyyətlərini bilirdi.
– Elə ağ at görməmişəm ki, ram olmasın. Heç bədxasiyyət kəhər at da görməmişəm. Xallı kəhəri yaxşı sürüb öyrətsən, həmişə yararlı olar. O ki qaldı qara ata, eşşək kimi tərs, cin kimi kinli olar. Ayaqlarına caynaq taxsan, lap aslanın da öhdəsindən gələr, – dedi.
Mustanq lap faydasız heyvandırsa, onda qara mustanq on qat faydasızdır. Buna görə də Skrat Conun biryaşar mustanqı ələ keçirmək istəməsində məna görmürdü.
Amma bu il Co heç bir tədbir görməyə müvəffəq olmadı.
Co adi çoban idi. Ayda iyirmi beş dollar donluq alır, boş vaxtı az olurdu.
Kovboy yoldaşlarının çoxu kimi birtəhər özünə ranço alıb mal-qara sahibi olmaq arzusunda idi. Öz damğası da var idi və bunu qayda-qanunla Santa Fedə qeydə aldırmışdı. Amma hələlik bu damğa (pis görkəmli çaxçax) bircə qoca inəyin böyrünə vurulmuşdu ki, var-yox sürüsü də elə bundan ibarət idi. Bununla belə Conun istənilən damğasız heyvana öz damğasını vurmağa qanuni haqqı var idi. Payızda, haqq-hesabını alanda isə özünü “şəhərdə gəzmək” həvəsindən saxlaya bilmədi. Buna görə də bütün var-yoxu əvvəlki kimi yalnız bir yəhərdən, bir yataqdan, bir də qoca inəkdən ibarət idi. Amma ümidini itirmirdi ki, əvvəl-axır nəsə “kələk qurub” birdən-birə varlanacaq. Birdən ağlına gəldi ki, həmin bu qara mustanq ona xoşbəxtlik gətirə bilər. Odur ki atı ələ keçirmək üçün əlverişli fürsət gözləməyə başladı.
Kovboylar Kanada çayı boyunca yola çıxıb getdilər. Payızda da Don-Karlos təpələrinə qayıtdılar. Co yorğa mustanq barəsində tez-tez söz-söhbət eşitsə də, atı tezliklə görə bilmədi. İkiyaşar qəşəng qara mustanq indi bütün mahalda məşhur idi.
Ceyran bulağı açıq düzənlikdə idi. Daşanda ətrafını cil basmış xırdaca göl əmələ gətirirdi. Su çəkiləndə dövrəsində qara cildən ibarət böyük zolaq əmələ gəlir, üzərində orda-burda ağ buz ləkələri görünür, ortada, dərin yerdə isə su qalırdı. Bu su axar olmasa da, təmiz və içməli idi. Neçə mil məsafədə başqa içməli su yox idi. Bu düzənlik bir az uzaqlarda, Şimalda deyildiyi kimi prerya inəklərin və ev atlarının otlayıb suvarıldığı yer olsa da, qara ayğırın da sevimli otlağı olmuşdu. Burada, əsasən, “L” və “F” hərflərinin birləşməsindən əmələ gəlmiş damğalı sürülər otlayırdı.
Bu rançonun sahibi ilə şərik olan müdir Foster zirək adam idi. Belə hesab edirdi ki, bu yerlərdə yaxşı cins ev heyvanları bəsləməklə çox qazanmaq olar. Ucaboy, bədənləri qəşəng, gözləri ceyran gözlərinə bənzəyən ona qədər yarıcins madyanı var idi. Onların yanında adi qıllı yabılar lap sısqa görünürdü.
Bu gözəl madyanlardan biri həmişə iş üçün tövlədə qalır, o biri doqquz madyan isə dayçalara süd verib doyurduqdan sonra həmişə azad gəzirdilər.
At həmişə ən yaxşı otlaq axtarıb tapmağı bacarır. Bu doqquz madyan da rançodan iyirmi mil cənubdakı Ceyran bulağına asanlıqla yol tapmışdılar. Sonralar, yayda Foster yoldaşı ilə birlikdə onları axtarmağa gedəndə çox tezliklə madyanları görmüşdü. Amma onların yanında madyanları öz ilxısı kimi qoruyan kömür kimi qapqara ayğır da var idi. İlxının dövrəsində çapır, onları bir-birindən ayrılmağa qoymurdu. Qara rəngi madyanların xınayı rəngindən açıq-aşkar seçilirdi.
Madyanlar ram olmuş atlar idi. Əlbəttə, qara ayğır birdən-birə coşub qəzəblənməsəydi, başlarını aşağı salıb yorta-yorta evə qayıdacaqdılar. Amma qara ayğır sanki vəhşiliyi ilə madyanları coşdurub özünə qoşdu və onlar rançodan gəlmiş yöndəmsiz yabıları özlərindən çox-çox geridə qoyub çaparaq getdilər.
Bu hal hər iki atlını bərk qəzəbləndirdi. Tüfənglərini qapıb məlun ayğırı güllə ilə vurmaq istədilər. Amma gülləni necə ataydılar ki, doqquz madyana dəyməyib bircə ayğıra dəyəydi?
Bütün günü əlləşsələr də, bir şey çıxmadı. Yorğun mustanq – bu həmin at idi – ailəsini gözdən qoymayıb onlarla birlikdə cənubdakı qum təpələri arasında gözdən itdi.
Maldarlar kor-peşman, əldən düşmüş atların belində evə qayıtdılar və and içdilər ki, uğursuzluqlarına bais olan ayğırdan intiqam alsınlar.
Bədbəxtlikdən yaxşı başa düşürdülər ki, madyanlar, şübhəsiz, tezliklə həmin ayğır kimi vəhşiləşəcək.
Qara yallı, yaşılımtıl gözləri parıldayan iri qara at bütün mahalda ağalıq edir, cürbəcür yerlərdən madyanları aparıb dəstəsinə qoşurdu. İlxısını ən azı iyirmi başa çatdırmışdı.
Ona qoşulan madyanların çoxu üzüyola, arıq idi və aralarında ayğırın əvvəlcə apardığı həmin doqquz cins madyan boy-buxununa görə seçilirdi.
Ayğır ilxını elə möhkəm qoruyurdu ki, onlara qoşulan hər madyan artıq tamamilə itmiş sayıla bilərdi. Buna görə də maldarlar tezliklə başa düşdülər ki, mahalda peyda olmuş bu mustanq onlara həddən artıq zərər verir.
II
Bu əhvalat 1893-cü ilin dekabrında baş vermişdi. Bu yerlərə yenicə gəlmişdim. İndi də o tərəfə gedən furqonla Pinyavetitosdakı rançodan Kanada çayına sarı gedirdim.
Foster mənimlə vidalaşanda demişdi:
– Baxın ha, fürsət düşsə, sərrast atıb o məlun mustanqa bir güllə vurun.
Həmin