Ağ diş. Джек Лондон
Читать онлайн книгу.sındırmayıb qəhvədən dilinə də vurmadı.
Tayqulaq onun yeməyini zəhərə döndərmişdi, buna görə də iti o ki var söydü. Yola hazırlaşanda Bill çımxırdı:
– Bu gecə onları ayrı-ayrı bağlayacağam!
Heç yüz addım getməmişdilər ki, Henri dayandı, əyilib nəyisə xizəyin altından götürdü. Qaranlıqda bu əşyanı yaxşı görə bilmədi, amma tanıdı və onu arxaya tulladı. Əşya kirşəyə dəyib, arxadan gələn Billin qabağına düşdü.
– Götür, lazımın olar. – Henri qışqırdı.
Bill ah çəkdi. Xalta qırığıydı. Spankerdən yalnız bu qalmışdı. Dedi:
– Axırına çıxıblar! yüz faiz!
– Hətta xaltanın dəmirini də gəmiriblər. Henri, onlar acından ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi də gözlərinə təpəcəklər.
Henri qeyzlə güldü:
– Düzdü, canavarlar mənim dalımca heç vaxt düşməyiblər. Amma başıma daha pis müsibətlər gəlib. Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins vəhşilərdən lap onu gəlsin. Bill, elə bilirsən sənin lələşini məhv etmək asandı?
– Noolar, baxarıq, baxarıq… – dostu mızıldandı. – Yaxşı, Mək-Qerriyə çatanda görərsən…
– Heç ümidim yoxdu.
– Sənin kefin pisdi, ona görə belə deyirsən! – Henri qətiyyətlə bildirdi. – Vallah, sənə nəşə lazımdı. Qoy Mək-Qerriyə çataq, səninçün eləsini doldurum ki…
Bill etiraz əlaməti olaraq nəsə mızıldandı. Sonra susdu və xeyli danışmadı. Bu gün də əvvəlki günlər kimi etdi.
Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub tərəfdən çəhrayı rəngə boyandı. Bu, hardasa gizlənmiş Günəşin işiydi. Beləliklə, cansıxıcı gün başlandı. Təxminən üç saatdan sonra yenə amansız gecə onu udacaqdı.
Günəş üfüqdən boylanan vaxtı Bill kirşədən tüfəngi götürüb dedi:
– Sən dayanma, Henri. Mən bir gedim görüm orda neynirlər.
Henri qışqırdı:
– Uzağa getmə, Bill! Patronun azdı. Başına hava gəlib, nədi, səni tikə-tikə edərlər…
– Aha, indi də sən zarıldadın! – Bill dedi.
Henri susdu və tək-tənha yoluna düzəldi. Sonra qaranlıq səhrada gözdən itən dostunun dalınca narahat-narahat boylandı.
Bir saat sonra Bill kəsə yolla qayıtdı:
– Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizdən də ayrılmaq istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar. İntəhası bir az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını da əldən buraxmaq istəmirlər. Henri dedi:
– Səncə, onlar nə fikirləşirlər? Yəni biz tələyə düşmüşük, oradan çıxa bilmərik?
Bill bu sözlərə məhəl qoymadı.
– Mən bəzilərini gördüm. Çox arıqdılar. Yəqin xeyli vaxtdır dişlərinə bir şey dəymir: əlbəttə, bizim itlərdən başqa. Sürü böyük sürüdü, üç dənə it onların qarnını doydurar? Əriyib çöpə dönüblər. Bir dəri, bir sümük, vəssalam. Qabırğaları da ki, elə bil ağac qabıqlarıdır. Bir sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cənglərinə nə keçsə dağıdacaqlar.
Bir azdan Henri (indi o, kirşənin dalınca gedirdi) yavaşdan fit çaldı.
Bill geri döndü və sakitcə itləri saxladı. Az əvvəl ötüb keçdikləri döngənin arxa tərəfiylə möhkəm əzələli, arıq, tükü pırtlaşıq bir canavar, qarı iyləyə-iyləyə, yüngülcə sürüşə-sürüşə qaçırdı. Adamlar dayananda o da ayaq saxladı, ağzını sallayıb yerdən gələn iyi acgözlüklə burun deşiklərinə çəkdi.
– Odur, dişi canavardır, – Bill dedi.
İtlər qarın üstündə uzanmışdı. Bill onların yanından ötüb dostuna yaxınlaşdı. İkisi də bu qəribə heyvana diqqətlə baxırdı. Bu vəhşi neçə gün idi ki, onların izinə düşmüşdü və qoşqunun yarısını həzm-rabedən keçirmişdi.
Canavar bir anlıq dayandı, baxdı və azca irəli yeridi. O, beləcə təxminən yüz addım kirşəyə tərəf gəldi, sonra küknar ağaclarının yanında durdu, ağzını göyə tutdu. Burnu ilə havadan iyi çəkə-çəkə ona tamaşa edən adamlara diqqətlə göz qoymağa başladı. Bu baxışlarda nəsə bir həsrət gizlənmişdi. Bu, elə bil, həsrətli it baxışlarını xatırladırdı, amma bu baxışlarda itə xas olan sədaqət yox idi. Bu həsrət aclıqdan doğmuşdu, canavar cəhəngi kimi zalım, şaxta kimi amansız idi.
Canavara nisbətən bu vəhşi yekəydi. Düzdür, yerişi canavar yerişiydi. Və görünür, o öz əcdadlarını təmsil edən ən iri nümayəndələrdən idi.
Henri ovçu gözüylə baxıb dedi:
– Hündürlüyü iki fut olar. Başından quyruğuna qədər, yəqin ki, beş futdur.
– Hə, – Bill cavab verdi. – Rəngi də canavar rəngi deyil. Sarışın canavar görməmişəm. Amma bununku, deyəsən, qırmızımtıl-qəhvəyi rəngə çalır.
Bill yanılırdı. Heyvanın tükləri xalis canavar tükləriydi. Arasından ağ ləkələr də gözə dəyirdi. Başını isə qırmızımtıl tüklər örtmüşdü. Və bu ağımtıl, qırmızımtıl, sarımtıl rənglər gah itir, gah da gözə dəyir, adamı çaşdırırdı.
– Əsl qoşqu itidir! Özü də yekəsindən, – Bill dedi – Bir bax, quyruğunu gör necə bulayır.
– Ey, Layka, – Bill çağırdı. – Yaxın gəl görüm. Adın nədir sənin?
– Heç bir damcı da qorxmur! – Henri güldü.
Bill hündürdən qışqırdı və canavarı yumruğu ilə hədələdi. Amma heyvan qorxub eləmədi, bir az ehtiyatlandı. O, adamlara yenə amansız acgözlüklə, oğrun ehtirasla baxırdı. Onun qarşısında canlı vardı və o, acından ölürdü. Azca cəsarəti çatsaydı, adamları parçalayıb yeyərdi. Bill qeyri-ixtiyari səsini yavaşıtdı:
– Bura bax, Henri. Bizim üçcə patronumuz var. Amma bir heyvanı ki, öldürə bilərik. Burda, axı, güllə boşa çıxmaz. Heyif itlərdən, elə bil heç yox idilər. Yox, buna son qoymaq lazımdı. Hə, nə deyirsən?
Henri razılıqla başını tərpətdi. Bill ehtiyatla tüfəngi kirşədən götürdü, çiyninə qaldırmaq istəyirdi ki, dişi canavar cığırdan o tərəfə sıçrayıb götürüldü və küknar ağacları arasında gizləndi. Dostlar bir-birinə baxdılar.
Henri uzun fit çaldı.
– Eh, heç ağlıma gəlmirdi, – deyə Bill tüfəngi yerinə qoydu. – İtlərin yeməyinin üstünə çıxan çoxbilmiş canavar, əlbəttə, tüfəngi də tanıyar. Vallah, Henri, bizim bütün bədbəxtliyimiz bu dişi canavarla bağlıdır. O, qansızdı, itlərimizin üçünü aparıb, mağıl indi altı itimiz vardı. Yox, mən ona çatacam. Belə açıqlıqda onu öldürmək olar? Çox bicdi. İndi mən onu izlərəm, Pusquda durub bu qansız vəhşini gəbərdəcəm, – Ancaq uzağa getmə ha, – Henri xəbərdarlıq elədi. – Sürüylə sənə hücum etsələr, vəssalam, işin bitdi. Bu vəhşilər