Seçilmiş əsərləri. Чингиз Айтматов

Читать онлайн книгу.

Seçilmiş əsərləri - Чингиз Айтматов


Скачать книгу
işə gələndə bir yerli kimi tapışıb dost olmuşdular. Sarı-Özəkdə də doğma mənzillərinin xiffətini eləmişdilər, ölümündən bir az əvvəl yazqabağı Qazanqapla birlikdə Arala getmişdilər, sən demə, qoca Aralla halallaşmağa, vidalaşmağa gəlibmiş. Kaş heç getməyəydilər, tamam qanqaralığı oldu. Sən demə, dənizin suyu çəkilir, Aral quruyub əriyir. Sahilə çatanacan əvvəllər su olan, indi isə boş gilli torpaqlardan ibarət yerlərlə on kilometrlərlə yol getməli olmuşdular. Bax, elə buradaca Qazanqap demişdi: “Dünya yaranandan Aral da yaranıb, indi də quruyub yox olur, onda qalmışdı ki, insan ömrü olsun”. Qoca onda bir söz də dedi: “Sən məni Ana-Beyitdə basdırarsan, Yedigey!..”

      Boranlı Yedigey əlinin arxasıyla gözünə dolan yaşı sildi, öskürdü ki, boğazının qəhərini təmizləsin və Qazanqapın daxmasına getdi. Yas saxlayan arvadlar, Ayzadə, Ukubala və o biri arvadlar hamısı burdaydı. Boranlı arvadlarından kimin əli boşa çıxırdısa, gəlirdi bura ki, həm bir yerdə olsunlar, həm də, bəlkə, bir köməkdən-zaddan lazım oldu.

      Ağılın yanından ötəndə Yedigey yerə basdırılmış dirəyin yanında bir anlığa ayaq saxladı, qotazlı tərliklə alıxlanıb bəzədilmiş Qaranər bura bağlanmışdı. Ayın süd işığında dəvə fil kimi nəhəng, sakit və qüdrətli görünürdü. Yedigey özünü saxlaya bilməyib heyvanın böyrünü şappıldadıb dedi:

      – Ay maşallah!

      Elə daxmanın girəcəyində özü də bilmədən, nədənsə, dünənki gecəni xatırladı. Qar tülküsünün dəmir yola yaxınlaşmağını, onu vurmağa cürət eləməyib daşı yerə atmağını, sonra da evə gedəndə uzaq kosmodromdan göyün ənginliklərinə od-alov içində start götürən kosmik gəmini yadına saldı…

      III

      Elə bu anda Sakit okeanın şimal en dairələrində səhər idi, səhər saat səkkizə işləmişdi. Gözqamaşdırıcı günəşli hava sonsuz işıq seli kimi bu intəhasız və ilğımlı sükunət üzərində yayılmışdı. İndi bu hüdudda sudan və göydən başqa heç nə yox idi. Məhz elə burada, təyyarədaşıyan “Konvensiya” gəmisində, gəmidəkilərdən başqa dünyada heç kimə məlum olmayan, kosmosun mənimsənilməsində hələ görünməmiş, eşidilməmiş, Amerika-Sovet “Paritet” orbital stansiyasında baş vermiş əhvalatla əlaqədar olaraq, dünya əhəmiyyəti kəsb edən bir dramatik hadisə üz vermişdi.

      “Demiurq” adı verilmiş birgə planetoloji proqramı idarə edən Biridamərkin elmi-strateji qərargahı olan “Konvensiya” təyyarədaşıyan gəmisi bu səbəbə görə bütün dünya ilə hər cür əlaqəni bilatəxir kəsməyinə baxmayaraq, Sakit okeandakı Aleut adalarının cənubunda olan daimi yerini dəyişmədi, əksinə, Vladivostokla San-Fransisko arasında hava yolunun tən ortasındakı mövqeyini daha da dəqiqləşdirdi. Elmi gəminin özündə də bəzi dəyişikliklər oldu. Belə ki, birgə proqramın Amerika və Sovet Baş Müştərək Rəhbərliyinin göstərişinə əsasən, kosmik əlaqə bloklarından, “Paritet də baş vermiş fövqəladə hadisə ilə əlaqədar məlumatı qəbul etmiş növbətçi operatorların bir sovet, bir də amerikalı, hər ikisi, bu məlumatların kənara yayılmağının qarşısını almaq məqsədilə, müvəqqəti olsa da, ciddi nəzarət altına alındı…

      “Konvensiya”nın heç bir hərbi məqsəd daşımadığına və xüsusilə üstündə heç bir silah gəzdirmədiyinə, yalnız BMT-nin xüsusi qərarına əsasən, beynəlxalq toxunulmazlıq statusuna malik olduğuna baxmayaraq, gəmi heyətində yüksək hazırlıq vəziyyəti elan edildi.

      Gündüz saat on bir üçün beş dəqiqəlik fasilə ilə “Konvensiya”ya hər iki tərəfdən məsul komissiya gəlməli idi. Onların öz ölkələrinin, eləcə də dünyanın təhlükəsizliyi naminə təcili qərar çıxarmaq və əməli tədbirlər görmək üçün qeydsiz-şərtsiz hüquq və fövqəladə səlahiyyəti vardı.

      Beləliklə, “Konvensiya” təyyarədaşıyan gəmisi açıq okeanda Aleut adalarının cənubunda, Vladivostokla San-Fransisko arasında məsafənin tən ortasında dayanmışdı. Bu yer təsadüfən seçilməmişdi. Əvvəllər heç vaxt təsadüf edilməyən bir dəqiqliklə bu dəfə “Demiurq”un yaradıcıları gəminin lövbər saldığı yeri də əvvəlcədən müəyyən etmişdilər, bu da belə nadir beynəlxalq elmi-texniki əməkdaşlığın tam bərabərlik prinsipini əks etdirirdi.

      “Konvensiya” təyyarədaşıyan gəmisi bütün avadanlığı, təchizatı, enerji ehtiyatı ilə birlikdə hər iki ölkənin bərabər dərəcədə şərikli malı, yəni pay vermiş ölkələrin kooperativ gəmisi idi. Onun birbaşa, həm də eyni vaxtda fəaliyyət göstərən Sarı-Özək və Nevada kosmodromlarıyla radio-telefon və televiziya əlaqəsi vardı. Təyyarədaşıyanda cəmi səkkiz, hər ölkədən dörd reaktiv təyyarə vardı, bu təyyarələrdən daimi yük və adam daşımaları, eləcə də Biridamərkin qitələrlə əlaqəsi üçün istifadə edilirdi. “Konvensiya”da iki paritet-kapitan vardı: sovet və amerikalı paritet-kapitan 1-2 və paritet-kapitan 2-1 onların hər biri öz iş növbəsində əsas simaydı. Gəmidəki bütün ekipajın bu qayda üzrə dublyoru vardı paritet-kapitanların köməkçiləri, şturmanlar, matroslar, xidmətçilər…

      Biridamərkin “Konvensiya”dakı elmi-texniki əməkdaşlarının tərkibi də bu sistem üzrə qurulmuşdu. Hər iki tərəfdən proqramın birgə baş rəhbərliyindən tutmuş Baş paritet planetoloq 1-2, 2-1 sistemi üzrə fəaliyyət göstərməklə, yerdə qalan elmi işçilər və qalan mütəxəssislərin hamısının eyni qayda ilə dublyorları olduğu üçün hər iki tərəfin bərabər sayda adamı vardı. Elə buna görə də indiyə qədər təsadüf edilən orbitlərdən Yer kürəsindən ən uzağı olan “Tramplin” orbitindəki stansiyanın adını “Paritet”, yəni bərabərlik qoymuşdular ki, öz adıyla yerdəki münasibətləri əks etdirsin.

      Söz yox ki, bütün bu məsələlərdən əvvəl hər iki tərəfin elmi, diplomatik, inzibati idarələri böyük və müxtəlif hazırlıq işləri aparmışdı. “Demiurq” proqramındakı bütün ümumi və xüsusi məsələlərin razılaşdırılması üçün hər iki tərəf uzun illər ərzində saysız-hesabsız görüşlər və müşavirələr keçirməli olmuşdu.

      “Demiurq” proqramı insan təsəvvürünə sığmayan bir daxili enerjiyə malik olan mineraldan istifadə məqsədilə İks planetini və həmin mineralın planetdəki ehtiyatını öyrənmək kimi əsrin ən möhtəşəm kosmoloji məsələsini qarşıya qoyurdu. Planetin üz təbəqələrində, demək olar ki, açıq laylar şəklində yatan süxurun yüz tonundan, müvafiq şəkildə işlənəndən sonra o qədər daxili enerji əldə etmək olardı ki, o, başqa enerjiyə çevrildikdə bütün Avropanın birillik istilik və elektrik enerjisini ödəyərdi. Bir çox milyard illər ərzində davam edən uzunmüddətli planetar təkamülün təsiri altında Qalaktikada yaranmış xüsusi şərait nəticəsində İks planeti materiyasının energetik xüsusiyyəti belə idi. Bunu dəfələrlə kosmik cihazlar vasitəsilə İksin səthindən alınmış süxur nümunələri, eləcə də bizim Günəş sisteminin bu qırmızı planetinə edilən qısamüddətli səfərlər təsdiq edirdi.

      İksin mənimsənilməsinin xeyrinə bir də o amil həlledici rol oynayırdı ki, ilk nəzərdə boş səhra təsiri bağışlayan bu planetin dərinliklərində elmə məlum olan başqa planetlərin hamısından fərqli olaraq, Ay və Venera da daxil olmaq şərtilə su vardı. İksdə həqiqətən su olduğunu aparılan qazıma işləri də təsdiq edirdi. Alimlərin hesablamalarına görə, İksin səthi altında bir neçə kilometr


Скачать книгу