Erkən gələn durnalar, Ana tarla. Чингиз Айтматов

Читать онлайн книгу.

Erkən gələn durnalar, Ana tarla - Чингиз Айтматов


Скачать книгу
sıxmır, – Sultanmurad cavab verdi. Əslində isə çəkmələr azacıq dar idilər. Eybi yox, açılar, keçib gedər.

      Anasıyla sağollaşıb həyətdən tərpənəndə, araba geniş, daşlı arxı şaqqıltıyla yarıb keçəndə ürəyi riqqətlə döyündü, atların arxasındaydı. Lakin o, yavaş-yavaş, hazırlaşaraq gəlirdi, sindi, büzüşdü, şəhərə yollandığının yuxu deyil, gerçək olduğunu anladı.

      Yay gününün şəffaf şirəyə bələnibmiş kimi nurlanan erkən dan yeri sökülürdü. Günəş hələ çox-çox uzaqlarda, qarlı dağların arxasındaydı. Lakin o yavaş-yavaş, hazırlaşaraq gəlirdi ki, birdən dağ arxasından çıxıb parlasın. Gecəni soyumuş yolda isə hələlik rahatlıq və təravət hiss olunurdu. Atasıyla birlikdə auldan arabanı necə sürüb çıxdıqlarını heyf ki, tay-tuşlarından görəni olmadı. Həndəvərdə təkər taqqıltısını eşidərək yuxulu-yuxulu hürən təkcə itlər oldu.

      Yol təpəliklərindən keçib düzəngaha, ordan da uzaqdakı bənövşəyi alçaq dağlar silsiləsinə tərəf uzanırdı. Cambul şəhəri orada, o uzaq dağların arxasındaydı. Onların səfəri oraya idi.

      Yemlənmiş atlar həmahəng tərzdə təpərlə səkirdilər, sanki qoşqunu, qayış-qantarğanı əsla hiss etmirdilər, adət üzrə fınxıra-fınxıra, yalmanlarını yellədə-yellədə gedirdilər. Dəfələrlə gedib-gəldikləri bu yola onlar yaxşı bələd idilər; sahib cilovdar öz yerindəydi, cilov da əlində, onun yanında oturan oğlan da özlərininkiydi, maneçiliyi dəymirdi…

      Yaxşıca sürət götürərək, onlar beləcə getməkdə idilər. Dünyanın bütün arabaları kimi bu nöyüt dilicanı da taqqıldayır, cırıldayırdı. Elə bu dəmdə, hardasa sol tərəfdən, dağlar arasındakı dar dərənin üstündən günəş də hüsnünü göstərməyə başladı. İşıq və hərarət hava dalğasıyla süzülərək rahatca, ehmalca atların tərli belinə yayılırdı. – Çabdar indi bildirçin yumurtası kimi çallaşırdı, Çontoru isə daha çox açıq kəhərə çalırdı; işıq və hərarət atasının yanaqlarındakı tunc rəngli almacıqlara toxunub, gözlərinin qıyımlarındakı sərt qırışları dərinləşdirdi, onun cilov tutan əlləri isə daha iri, daha da damarlı görünürdü; işıq və hərarət yola süzülürdü„ gur sel kimi atların ayaqları altına axırdı; işıq və hərarət onların canına hopur, gözünü nurlandırırdı; işıq və hərarət yer üzündə hər şeyə həyat verirdi.

      Həmin o səfər sübhü Sultanmuradın qəlbini fərəhlə, sevinclə, riqqətlə doldurmuşdu.

      –Hə, necəsən, oyanmısanmı? – atası zarafat etdi.

      – Coxdan, – deyə oğlu cavab verdi.

      – Elə isə, tut, – deyib cilovu ona verdi.

      Sultanmurad minnətdarlıqla gülümsədi, bunu səbirsizliklə gözləyirdi. Əslində özü də xahiş edə bilərdi, amma lazım bilərək atasının ona etibar etməsi daha yaxşıdır – zarafat deyil mənzil uzaq, sür görüm necə sürürsən. Cilovun başqa ələ keçdiyini atlar hiss etdilər, narazı halda qulaqlarını yapıxdırdılar, qaça-qaça bir-birini dişlədilər, hakimiyyətin zəiflədiyindən əməlli-başlı dava-dalaş salmaq istədilər. Lakin Sultanmurad öz hökmünü bildirdi – cilovu təpərlə dartaraq səsləndi:

      – Ay sizi görüm! Payınızı verərəm ha!

      Əgər xoşbəxtlik adama yalnız indiki halda nəsib olursa və özü də keçmişli-gələcəkli deyilsə, onda həmin gün, həmin səfərdə Sultanmurad səadətə tamamilə qovuşmuşdu. Onun əhvalını bulandıra biləcək hətta elə bir an da yox idi. Atası il yanaşı oturaraq özünü ləyaqətli kişi qırığı hesab edirdi. Bu ləyaqət hissi onu bütün yol boyu tərk etmirdi. Şaqqıltı-taqqıltılı nöyüd arabası başqasını bəlkə də dəng edərdi, amma onunçün şad səadət sədaları idi. Arabanın arxasınca burumlanan toz, sinəsində təkərlər diyirlənən yol, nallarıyla yeri möhürləyən ahəngdar qaçışlı atlar, tər və qatran qoxulu sahmanlı qayış-qantarğa, lap yuxarıda, başları üzərində uçuşan bəyaz yelkən-buludlar, ətrafdakı gah sarı, gah mavi, gah bənövşəyi rəngli hələ qurumayan otlar, keçidlərdə daşıb yayılan irmaqlar və arxlar, üzəqarşı gəlib keçən atlılar, arabalar, arabir az qala atların burnuna toxunacaq irəli-geri şığıyıb süzən qaranquşlar – bütün bunlar xoşbəxtliklə, gözəlliklə dolub-daşırdı. Amma oğlan bu haqda fikirləşmirdi, zira səadət səninlə olanda onun barəsində düşünmürsən.

      Hələ bax bir, ala-sarı, qarabaş çöl quşları da tikanlıqda, kolluqda bütün yol boyu əbəs yerə oxumurlar. Kimin xətrinə cəh-cəh vurduqlarını onlar yaxşı bilirlər. Sultanmuradın onları necə sevdiyi quşlara yaxşı bəllidir. Bu quşların adı – sarayqırdır, çünki onlar ömrü boyu öz civiltiləriylə hansısa -səmənd bir ayqırı tələsdirərək belə oxuyurlar: «Tez, tez, sarayqır! Tez, tez, sarayqır!» Qəribə quşlardır bu sarayqırlar. Lakin, deyəsən onlar hər dildə bir cür oxuyurmuşlar. Bir dəfə aula kinomexanik gəlmişdi, deyib-gülən, zarafatcıl rus balası. Sultanmurad onun yan-yörəsində fırlanır, lent qutularını daşımaqda kömək edirdi, bunun müqabilində isə axşam dinamomaşını birinci fırlatmaq ona nəsib oldu. Dinamo-maşında -elektrik toku əmələ gəlir, o tokdan lampalar yanır, lampaların da işığı ağardılmış divara – ekrana düşür, ekranda isə canlı təsvirlər hərəkət edir.

      Həmin o kinomexanik quşun səsini dinşəyib soruşdu:

      –Çəpərin o tayında oxuyan nə quşdur elə?

      – O, sarayqırdır, – deyə Sultanmurad başa saldı.

      – Bəs oxuduğu nədir?

      – «Tez, tez, sarayqır!»

      – O nə deməkdir?

      Bilmirəm. Rusca yəqin ki, belə çıxar: «No-o, no-o, jeltıy jerebets».

      Əvvəla, ayqır sarı olmaz, yaxşı, tutalım olsun. Bəs nə üçün elə hey təkrar edir: «Çü, çü, sarayqır?!»

      – Guya o quşa elə gəlir ki, sarayqırın belində toya gedir, özü də gedir ha gedir, amma mənzil başına gedib çata bilmir və buna görə də qışqırır: «Çü, çü, sarayqır!»

      – Amma mən ayrı cür eşitmişəm. Guya sarayqır bazarda qumar oynayırmış. Az qala üç manat udacaqmış, fəqət uda bilməyib. Elə buna görə də oxuyur: «Чуть, чуть три рубля не выиграл!» Özü də nə qədər ki o üç manatı udmayıb, qışqıra-qışqıra oxuyacaq.

      – Bəs o nə vaxt udacaq üç manatı?

      – Heç bir vaxt. Toya heç vaxt gedib çata bilmədiyi kimi.

      – Qiyamət işdir…

      – Doğrudan da görkəmindən elə bir gözəgəlimli quş deyil, amma necə də məşhur imiş.

      Sarayqırlar bütün yolboyu ötüşürdülər. Sultanmurad onlara müraciətlə gülümsəyirdi:

      – Gedəyin bizimlə, üç manatı orda, bazarda udarıq!

      Quşlar isə ötüşməyində idilər: «Çü, çü, sarayqır!» – yaxud da: «Чуть, чуть три рубля не выиграл!» Sultanmurad tələsirdi, tez, lap tez şəhərə çatmaq istəyirdi. Günəş indi dağların başı üzərində idi. Sultanmurad atları dəhmərləyirdi:

      – Çü, çü, sarayqır!


Скачать книгу