Hekayələr. Василий Шукшин
Читать онлайн книгу.müddət acı-acı ağladı.
KOSMOS, ƏSƏB SİSTEMİ VƏ BİR PARÇA DONUZ PİYİ
Qoca Naum Yevstiqneyiç axşamkı içkinin acı aqibətini yaşayırdı. Qoca sobada uzanıb zarıyırdı. Yevstiqneyiç ayda bir dəfə – təqaüd alanda o ki var içir və bundan sonra üç gün dalı qatda uzanıb Allahı söyürdü.
– Beynimin içini elə bil cin-şeytan çalxalayır, Allahın anasını. Axırım çatıb…
Yevstiqneyiçin kirayənişini, səkkizinci sinif şagirdi Yurka üzərinə dərsliklər qalaqlanmış masa arxasında oturub dərs oxuyurdu.
– Yurka, axırım çatıb, görüm elə xaç çevirəni də, belə anasını da!..
– Şüşənin dibinə girmək lazım deyildi.
– Başından yekə danışma, uşaqsan, uşaq yerində otur.
Ortaya çökən sükutu bircə Yurkanın kağız üzərində gəzdirdiyi qələmin cırıltısı pozurdu.
Qoca söhbəti davam etdirmək istəyir, indi özünü babat hiss edir.
– İçməyim, bəs neyləyim? Ayda bir dəfə qeyd eləməliyəm, ya yox?..
– Nəyi?
– Adam olub-olmadığımı.
– Hm… Lap təhkimçilik dövründəki kimi düşünürsünüz. – Yurka stula söykənib rişxənd dolu baxışlarını ev sahibinə dikdi. – Onda belə hesab edirdilər ki, adam mütləq araq içməlidir.
– Təhkimçilik dövrü haqda sən haradan bilirsən ki? – İztirab və maraq dolu baxışlarını uzandığı sobadan aşağıya yönəldən qoca dilləndi. Yurka bəzən onu öz ağlı ilə heyrətləndirirdi və o, təslim olmasa belə, oğlanı dinləməyi sevirdi. – De görüm, bir qarış boyunla bütün bunları haradan bilirsən?
– Məktəbdə keçmişik.
– Nədir, olmaya müəllimlər danışıblar?
– Əlbəttə, müəllimlər.
– Onlar haradan bilirlər ki? Hamısının ağzından süd iyi gəlir.
– Kitabdan oxuyublar.
– Kitabdan… Bəs onlar təsadüfən bilmirlər, adam niyə içəndən sonra azarlayır?
– Orqanizm zəhərlənir: təmizlənməmiş araq yağı.
– Yağ haradan çıxdı? Araqda da yağ olur?
– Əlbəttə, olur.
Yevstiqneyiçin ürəyi bulansa da, zorən qımışır:
– Əcəb oxumusunuz.
– İstəyirsən sənə düsturu göstərim? Dayan, indi sənə əyani surətdə sübut edəcəm… – Yurka kimya dərsliyini götürmək istəyirdi ki, qoca əlləriylə başını tutdu.
– O-o… yenə gicəlləndi! Axırım çatıb…
– Bu qədər əziyyət çəkməkdənsə, yaxşısı budur, yüz gillət.
Qoca təklifi qulaqardına vurdu. Yüz gillədərdi, amma puluna heyfi gəlir. Bir də ki xəsisin böyüyüdür. Firavan həyat sürür, təqaüdü də pis deyil, üstəlik, şəhərdə yaşayan oğlanları və qızı kömək edir. Zirzəmisində nə desən var – hələ ötən ildən qalma donuz piyi, duzlu xiyar, kələm, qarpız, ağ göbələk… Çəlləklər də növbənöv. Anbarda bir kisə un, pud yarımlıq donuz budu. Bostanda yenə ötən ildən qalma nə qədər desən kartof; bunlarla axta donuzları, ördək və toyuqları bəsləyir. Canı ağrımayanda sübh tezdən durub ta qaranlıq düşənəcən gah evdə, gah da həyətdə əlləşir. Tez-tez zirzəmiyə düşüb pilləkəndə oturur və uzun-uzadı düşüncəyə dalır. “Şeytana uydular. Qınlarından çıxıb qınlarını bəyənmədilər”, – öz-özünə deyinib işıqlı dünyaya çıxır. Oğlanları ilə qızını nəzərdə tutur. Şəhərə getdiklərinə görə onlara nifrət edir.
Yurkanın durumu başqadır. Qonşu kənddə yaşayır. Orada onillik məktəb yoxdur. Atası ölüb. Anası ondan başqa daha üç yetim böyüdür. Ağac axıtma sahəsində çalışan atası suda batıb. Üç qardaşı Yurkadan balacadır. Ana böyük oğlunun onilliyi bitirə bilməsi üçün dəridən-qabıqdan çıxır. Yurka özü də orta təhsili tam almaq istəyir. Üstəlik, sonra tibb institutuna girmək arzusundadır.
Qoca Yurkanın kasıbçılığını sanki bilmirmiş kimi ondan ayda beş manat alır. Özlərinə ayrı-ayrı yemək bişirirlər. Bəzən ayın sonuna doğru Yurkanın ərzağı bitir. Oğlan yavan çörək yeyəndə qoca onu uzun-uzadı süzür. Sonra soruşur:
– Hamısının axırına çıxmısan?
– Aha.
– Mən verərəm… sonra qaytararsan.
– Ver.
Qoca yaylı əl tərəzisində darı çəkib verir, Yurka da özünə sıyıq bişirir. Səhərlər sobanın yanında söhbət edirlər.
– Deyirsən, oxuyub başa çatdırmaq istəyirsən?
– İstəyirəm. Cərrah olacam.
– Hələ nə qədər qalıb?
– Səkkiz. Çünki tibb institutunda o birilərindən fərqli olaraq beş deyil, altı il oxumaq lazımdır.
– Cərrah olanacan canın çıxar ki. Anan o qədər pulu haradan tapacaq?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.