Hekayələr. Василий Шукшин
Читать онлайн книгу.verdilər.
– Qəşəngdir, – qoca pəsdən dilləndi.
Qızsa tezliklə çoxlu hazır şəkillərlə sevimli şəhərinə qayıdacağını düşünürdü. Aralarında bu qocanın da şəkli olacaq. Dostu, istedadlı, həqiqi rəssamsa növbəti dəfə cinlənəcək: “Yenə qırışlar!.. Nə olsun ki? Sibirdə sərt iqlimin at oynatması və orada adamların çox işləməsi hər kəsə məlumdur. Guya indi sən nəsə kəşf eləmisən? Hə?..”
Qız istedad dağarcığı olmadığını bilirdi. Amma axı o bu qocanın necə çətin bir həyat yolu keçməsi barədə fikirləşir. Hələ bir əllərinə bax… Yenə qırışlar! “İşləmək, işləmək, işləmək lazımdır…”
– Babacan, sabah bura gələcəksiniz? – qız qocadan soruşdu.
– Gələcəm, – qoca cavab verdi.
Qız ayağa durub kəndə tərəf getdi.
Bir azdan qoca da yola düzəldi.
Evə gəlib sobanın yanında, həmişəki yerində sakitcə oturdu, oğlunun işdən qayıtmasını gözlədi. Birgə şam edəcəkdilər.
Oğlu həmişə yorğun və hər şeydən narazı qayıdırdı. Gəlini də həmişə nədənsə narazı idi. Nəvələri boya-başa çatmış və şəhərə getmişdilər. Ev onlarsız suyu sovulmuş dəyirmana dönmüşdü. Şam yeməyinə oturdular.
Qocanın südünə çörək doğradılar, o, masanın bir küncündə oturub sakitcə yeməyə başladı. Qaşığı boşqaba üsulluca vurur, səs salmamağa çalışırdı. Susurdular.
Sonra hərə öz yatağına getdi.
Qoca sobaya dırmaşdı, oğlu ilə gəlinisə yan otağa keçdilər. Susurdular. Nə danışsınlar ki? Bütün sözlər çoxdan çeynənib.
Sonrakı axşam qoca ilə qız yenə sahildə, ağacın yoğun budağında oturmuşdular. Qız tələsik çəkir, günəşi seyr edən qocasa danışırdı:
– Həmişə firavan yaşamışıq, Tanrıya şıllaq atmaq günah olardı. Dülgərlik etmişəm, iş sarıdan da korluq çəkməmişəm. Oğlanlarım da dülgərdirlər. Dördünü lənətə gəlmiş müharibə apardı, ikisi qaldı. İndi biri ilə, Stepanla yaşayıram. Vankasa şəhərdə, Biyskdə yaşayır. Tikintidə prorab1 işləyir. Tez-tez məktub yazır, şükür, yaxşı dolanırlar. Bura da gəliblər, qonaq qalıblar. Nəvələrim çoxdur, hamısı da məni çox istəyir. İndi hərəsi bir şəhərə dağılışıb…
Qız qocanın əllərini çəkir, tələsir, əsəbiləşir, tez-tez silirdi.
– Yaşamaq çətin idi? – arada yersiz sual verirdi.
– Niyə çətin olsun ki? – qoca çiyinlərini çəkirdi. – Bayaq dedim axı, firavan yaşamışıq.
– Oğlanlarınıza heyfiniz gəlir?
– Bəs necə? – qoca yenə təəccüblənirdi. – Dördünü birdən qara torpağa tapşırmaq zarafat deyil e!
Qız heç cür anlaya bilmirdi: qocaya yazığı gəlir, yoxsa daha çox onun sakitliyinə və rahatlığına heyrətlənir.
Günəşsə yenə qüruba enirdi. Kürən yelpiyi yenə göy üzünü ağuşuna almışdı.
– Sabah hava yağışlı olacaq, – qoca dilləndi.
Qız aydın səmaya nəzər saldı:
– Niyə ki?
– Sümüklərim sızıldayır.
– Göyün üzü tərtəmizdir.
Qoca susdu.
– Babacan, sabah da gələcəksiniz?
– Bilmirəm, – qoca dərhal cavab vermədi. – Nəsə bütün bədənim sızıldayır.
– Babacan, bu daş sizdə necə adlanır? – Qız jaketinin cibindən qızılıya çalan ağ daş çıxardı.
– Hansı? – dağlara baxan qoca soruşdu.
Qız əlindəki daşı ona uzatdı. Qoca çevrilmədən ovcunu açdı.
– Bu? – daşa ötəri nəzər salan qoca cadar-cadar olmuş əyri barmaqları ilə ora-bura çevirib soruşdu. – Çaxmaqdaşıdır. Müharibə dövründə kükürdlü kibrit tapılmayanda ondan od alırdılar.
Qız qəribə şübhələr içində boğuldu: ona elə gəldi ki, qoca kordur. Bir neçə dəqiqə danışmağa söz tapmadı, böyürdən qocanı izlədi. Vərdişinə xilaf çıxmayan qoca günəşin batdığı yerə tamaşa edirdi. Sakit, dalğın baxışlar.
– Ala… Daşını götür, – qoca ovcundakı daşı qıza uzatdı. – Bundan da qəşəngləri var. Bir də görürsən qarşına ağappağı çıxır, elə möhkəm bərq vurur ki, adamın gözləri qamaşır, üstəlik, qəribə ləkələri olur. Yumurtaya oxşayanları da olur, heç fərqləndirə bilməzsən. Nə bilim, sağsağan yumurtasına oxşayanı var, yanları da çilli olur. Hələ sığırçın yumurtasına oxşayanları demirəm – gömgöy, xalları da var.
Qız elə hey qocaya baxırdı. Kor olub-olmadığını soruşmağa cürət etmirdi.
– Babacan, harada yaşayırsınız?
– Lap yaxında. Odur e, İvan Kolokolnikovun evi, – qoca sahildəki evi göstərdi, – sonra Bedaryovlar, daha sonra – Volokitinlər, Zinovyevlər, orada, döngədəsə bizimki. Bir şey lazımın olsa, çəkinmə, gəl. Nəvələrim olanda evimiz yaman şən idi.
– Çox sağ ol.
– Mən gedim. Nəsə sümüklərim sızıldayır.
Qoca ayağa qalxıb cığırla dağa tərəf getdi.
Qız qocanı döngədə gözdən itənəcən izlədi. Bir dəfə fə olsun büdrəmədi, ləngimədi. Aramla, ayağının altına baxa-baxa getdi. “Yox, kor deyil, – qız anladı. – Sadəcə, zəif görür”.
Qoca səhərisi gün sahilə gəlmədi. Qız tənha oturub qocanı düşündü. Onun adidən adi həyatında nəsə qeyri-adi, böyük, əhəmiyyətli bir şey vardı. “Günəş də, sadəcə, doğur və sadəcə, batır, – qız fikirləşirdi. – Amma məgər bu, adi bir hadisədir?!” O, şəkillərini diqqətlə nəzərdən keçirdi. Kədərli idi.
Qoca nə üçüncü, nə də dördüncü gün gəldi.
Qız ayağa qalxıb onun evini axtarmağa getdi.
Tapdı.
İri kənd evinin həyətində, küncdəki talvarın altında haradasa əlli yaşlarında boylu-buxunlu bir kişi verstakda2 şamağacından düzəldilmiş lövhəni rəndələyirdi.
– Salam, – qız söylədi.
Kişi qamətini düzəldib qıza nəzər saldı, əlinin arxası ilə alnının tərini silib başını tərpətdi:
– Xoş gördük.
– Zəhmət olmasa, deyin, qoca baba burada yaşayır?..
Kişi qarşısındakını diqqətlə, bir az da təəccüblə süzdü. Qız susdu.
– Yaşayırdı, – kişi dilləndi. – Ona tabut düzəldirəm.
Qızın gözləri qeyri-iradi bərəldi:
– Deməli,
1
2