Səfillər. Виктор Мари Гюго
Читать онлайн книгу.hadisədən az sonra Madlen Monreyl şəhər meri vəzifəsinə təyin olundu. Javer Madleni rəsmi libasda gördükdə canavar görmüş it kimi qorxudan titrədi. Bundan sonra Javer onunla böyük hörmət və təzimlə danışırdı.
FANTİNA SƏFALƏT İÇİNDƏ
Fantina Monreylə gələndə onu burada heç kəs xatırlamırdı. Gənc qadın Madlenin fabrikinə gəldi. Onu qadın emalatxanasına qəbul etdilər. Qazancı az olsa da, kifayət edirdi. Fantina artıq öz əməyi ilə yaşaya bilirdi.
Namusla yaşaya bilmək nə böyük səadətdir! Fantina fabrikdə bir ildən artıq idi işləyirdi və özünü xoşbəxt sanırdı. O hər an Kozettasını düşünür, lakin qızı barədə danışmaqdan çəkinirdi. Tenardye ailəsinə müntəzəm pul göndərirdi. Savadsız olduğundan məktub yazmaq üçün ərizə yazana müraciət edirdi. Bu bəzi ağzıgöyçəklərin diqqətini cəlb etmişdi. Həmin adamlar ərizə yazanı içirdib danışdırmışdılar. Qadının bir uşağı olduğunu öyrənmiş, “yəqin pozğun bir qadındır” deyə düşünmüşdülər.
Bir gün emalatxana nəzarətçisi Fantinaya merin adından 50 frank verib işdən azad edildiyini söylədi. Fantina dəhşətə gəldi. Dostları ona merlə görüşməyi, dərdini danışmağı məsləhət bildilər. Lakin buna cəsarət etmədi.
Fantina olan-qalan pullarını sərf edib qurtardı. İndi xırda dərzi işləri ilə məşğul olurdu. Lakin bu işdən çox az qazanır, borcları isə artırdı. Tenardyelərin məktubları onu dəhşətə gətirirdi. Bir dəfə Tenardye qızın bu soyuqlarda çılpaq gəzdiyini yazmışdı. Heç olmasa, 10 frank göndərməsini tələb edirdi. Fantina axşam tindəki bərbər dükanına getdi. Daraqlarını çıxardı, gözəl sarışın saçları belinə qədər düşdü. Bərbərə dedi:
– Bu saçlara neçə verərsiniz?
– On frank.
– Kəsin.
Fantina bu pula yun bir tuman alıb qızına göndərdi. Tenardye qəzəbləndi. Ona pul lazım idi. Tumanı Eponinaya verdilər. Zavallı Torağay isə üşüyə-üşüyə qaldı. Fantina isə fikirləşirdi: “Artıq balam üşümür”.
Az sonra Tenardyedən yeni bir məktub gəldi: “Kozetta bizim yerlərdə yayılmış yoluxucu xəstəliyə tutulub. Buna səpgili qızdırma deyirlər. Bahalı dərmanlara ehtiyac var. Qırx frank pul göndərməlisiniz”.
Fantina dəli kimi otaqda vurnuxurdu. Birdən diş həkimi yadına düşdü. O, Fantinaya iki qabaq dişi üçün qırx frank pul təklif etmişdi.
Ertəsi gün diş həkiminin yanına getdi. İki qabaq dişini çəkdirib aldığı qırx frankı Monfermeylə göndərdi.
Tenardye hiylə işlətmişdi. Kozetta xəstə deyildi.
Get-gedə çətin vəziyyətə düşən, əli hər yerdən üzülən Fantina səfalət yoluna düşdü.
Nəhayət, bir gün Fantinanı dilənçilik üstündə tutub polis idarəsinə gətirdilər. Javer bir kağız götürüb nə isə yazdı. Sonda qol çəkdi və kağızı qatlayaraq növbətçi serjanta verib dedi:
– Üç əsgər götürüb bu qızı həbsxanaya aparın!
– Sonra Fantinaya sarı dönərək əlavə etdi: – Orada altı ay yatacaqsan!
Zavallı qadın diksindi:
– Altı ay! Altı ay həbsxanada yatmaq! – deyə bağırdı. – Bəs Kozetta nə olacaq? Axı Tenardyeyə yüz frankdan artıq borcum var?
Qadın yalvarırdı. Javer ona fikir vermirdi. Əsgərlər Fantinanın qollarından yapışdılar. Birdən hökmlü bir səs eşidildi:
– Bir dəqiqə dayanın!
Javer başını qaldırıb qarşısında Madleni gördü. Artıq bir neçə dəqiqə idi ki, şəhər meri qapının ağzında dayanıb qadının yalvarışlarına qulaq asırdı. Javerin dili topuq çaldı:
– Bağışlayın, cənab mer…
“Mer” sözü Fantinaya qəribə təsir bağışladı. Nifrət saçan üzünü Madlenə tutub qışqırdı:
– Aha! Cənab mer, sənsən?!
Fantina vəhşi bir qəhqəhə ilə güldü. Birdən Madlenin üzünə tüpürdü və dəli kimi qışqırmağa başladı:
– Qeybətcil arvadların dedi-qodusuna görə məni fabrikdən qovdun. Mənim müsibətlərimin baisi sənsən. Axı mənim balaca Kozettam var, mən onu dolandırmalı idim…
Cənab Madlen diqqətlə dinləyirdi. Axırda üzünü Javerə tutub dedi:
– Bu qadını azad edin!
Javer özünü itirdi:
– Cənab mer, bu alçaq qadın indicə sizi də təhqir etdi.
– Bu mənim işimdir. Yaxşı yadınızda saxlayın, bu qadın həbsxanada bir gün də qalmayacaq. Gedin…
Javer merə təzim edərək otaqdan çıxdı. O gedəndən sonra Madlen üzünü Fantinaya çevirib dedi:
– Sizin başınıza gələnlərdən xəbərim yoxdur. Mənim fabrikimdə işlədiyinizi də bilmirdim. Nə üçün bu barədə birbaşa mənə müraciət etmədiniz? Yaxşı, olan olub, keçən keçib. Mən sizin borclarınızı verəcəyəm, uşağınızı bura gətirdərəm və ya siz özünüz gedib gətirərsiniz. İstəsəniz, sizi işə bərpa edərəm. Sizi də, uşağınızı da öz öhdəmə götürürəm.
Fantinanın qarşısında səfalət qaranlığı içərisindən cənnət qapıları açılırdı. O, çaşqın nəzərlərlə Madlenə baxırdı. Yalnız üç dəfə hıçqırdı.
JAVER
Madlen Fantinanı xəstəxanaya aparmağı əmr etdi. Bu xəstəxana onun yaşadığı imarətdə yerləşirdi. Cənab mer Fantinanı şəfqət bacılarına tapşırdı.
Madlen o gecə oturub Tenardye ailəsinə bir məktub yazdı. Fantinanın 120 frank borcu müqabilində onlara 300 frank göndərdi və qızcığazı dərhal Monreylə göndərməyi tapşırdı.
Tenardye bu hadisəyə mat qaldı. Meyxanaçı öz arvadına dedi: “Uşağı əlimizdən buraxa bilmərik. Bu sərçə bizim üçün sağmal bir inək ola bilər”.
Madlen gündə iki dəfə Fantinaya baş çəkirdi. Həkim Fantinanı növbəti dəfə müayinə etdikdən sonra başını buladı və cənab Madleni kənara çəkdi:
– Onun, deyəsən, görmək istədiyi bir uşağı var?
– Var.
– O halda uşağı tezliklə gətizdirin.
Cənab Madlen diksindi…
Tenardye isə min cür bəhanə ilə Kozettanı buraxmaq istəmirdi. O, uşağın bir az xəstə olduğunu, bu soyuqda yola çıxa bilməyəcəyini yazırdı.
Cənab Madlen bu dəfə Fantinanın dilindən yeni bir məktub yazdı:
“Cənab Tenardye! Kozettanı bu məktubu gətirən adama verin. Nə xərciniz olmuşsa, hamısını sizə verəcəklər. Hörmətlə, Fantina”.
Elə həmin günlərdə gözlənilməz bir hadisə baş verdi.
Səhər cənab Madlen öz otağında oturub kağızlara baxır, Monfermeylə getməli olduğundan bəzi kağızları imzalamaq istəyirdi. Bu zaman Javerin gəldiyini xəbər verdilər.
Mer