Xudafərin körpüsü. Фарман Керимзаде
Читать онлайн книгу.le>
Proloq
Daşın üzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara, üzü parıltılı daş bir deyildi, iki deyildi… Minlərlə daşı çaylaqlardan götürmüşdülər, karxanalarda yonmuşdular, qabar gücünə, taqətdən düşən diz hesabına dağın sıldırım yalına qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla bir-birinə bənd etmişdilər. Bürclər ucaltmışdılar, tağlı darvazalar hörmüşdülər, işıqsız zindanlar qurmuşdular.
Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı. Başı kəllə qəndə oxşayırdı, aşağı getdikcə qarlı şırımlar açılırdı. Nəhəng ağ saqqallı bu zirvə Savalan dağı idi.
– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?
– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.
– De görüm hara görünər?
– Haranı görmək istəyirsən, oğlum?
– Bu yanda Təbrizi, o yanda Dəmirqapı Dərbəndi.
Aləmşahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı «Emruzi bikr» incisi kimi ağ yaş axırdı. O incinin danələrinə bənzəyən gilələr yuvarlanıb düşürdü. Amma yanaqlarında kədər əvəzinə şuxluq, alnında, çatma qaşları arasındakı düyündə ağrı əvəzinə qürur hissi vardı.
– Niyə ağlayırsan, ana? Qorxursan, yıxılam?
– Yıxılmağından qorxmuram, oğul. Sənin Savalana çıxmağını gözlərimin qabağına gətirəndə sevindiyimdən ürəyim kövrəldi.
– Adam sevindiyindən də ağlayarmı, ana?
– Ağlayar, oğlum, ağlayar.
– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam.
Aləmşahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi.
– Gedərik, oğlum, gedərik.
Hücrənin palıd qapısı yağlanmış kimi parıldayırdı. Çərçivədən iki yerdən qapının eninə paslı, ox ucu şəklində bəndlər uzanırdı. Bu bəndlər yumruq boyda gülmıxla qapıya bərkidilmişdi. Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar, çətinliklə açılar. Amma İsmayıl əlini atan kimi qapı səssizcə açıldı. İçəriyə gün işığı düşdü. Ananın da, oğulun da gözləri qamaşdı, əllərini qaşlarının üstünə qoymalı oldular. Bu işıq günəşdən deyil, hücrənin qabağındakı daş hovuzdakı sudan əks olunurdu.
Günəş əyilmişdi. Aşağıdakı dərələri, vadiləri, dağları bənövşəyi rəngə çalan kölgə basmışdı. Təkcə qalanın bürclərini və Savalanı günəş işıqlandırırdı.
– Ana, mən darıxıram. Niyə buradan çıxıb getmirik?
– Hara, oğlum?
– Ərdəbilə, evimizə.
– Evimiz yadına gəlirmi?
– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kişnəyirdi.
Bu sözdən sonra Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü. Artıq onun gözləri, qaşları arasındakı düyün də ağlayırdı. İsmayıl təəccüblə dönüb anasına baxdı.
– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kişnəməsinə görə adam ağlayar? Mən uşağam, heç ağlamıram…
Ağlayan Aləmşahbəyim – Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, ağlamayan uşaq isə Şeyx Heydərin oğlu İsmayıl idi.
Körpə dustaqlar…
Qala divarının üstündəki daş yolla yaşlı bir qadın qaça-qaça gəldi. Uzun qara tumanının ətəkləri ayaqlarına dolaşırdı. Başına yaylıq örtmüş, başqa bir ləçəyi alnından çəpəki keçirib yaylıqla bərabər bağlamışdı. O, Aləmşahbəyimlə İsmayıla çatdı. Gördü ki, Aləmşahbəyim ağlayır, əllərini quru sinəsinə çırpdı.
– Atam-anam niyə ağlayırsan? Canım sənə fəda olsun, bu nə gözyaşlarıdı?
Aləmşahbəyim qala dişləri arasından gözlərini uzaqlara zilləyib yanağından axan yaşı sildi. Cavab vermədi.
– Heç mən də bilmirəm anam niyə ağlayır. İsmayıl kişi kimi xidmətçi qadın Səkinəyə baxdı. Aləmşahbəyim uca, sərv qamətini düzəltdi:
– Səkinə, get süfrəni hazırla, uşaqları da çağır, biz də gəlirik, – dedi.
O öz dərdini özü çəkməyi öyrənmişdi. Qapılarında Ülkər ayaqlarını yerə döyüb kişnəyənə qədər dərdini deməyə sirdaşı vardı. Həmin gündən isə qol-budağı qırıldı, ümid evi yıxıldı.
Səkinə getmirdi. Aləmşahbəyimi ovutmağa çalışırdı.
– Atam-anam, canım sənə fəda, niyə ağlayırsan?
– Səkinə, sənin əslin haradandı?
Səkinə öz taleyindən çox danışmışdı. Lakin, görünür, Aləmşahbəyimin yadından çıxmışdı. Bu qədər dərdin içində adam öz adını da yadından çıxarar.
– Borçalı çökəyi adlı bir gözəl məmləkət vardı. Gəncədən o yana, Tiflisdən bu yana. Orada böyümüşəm. Kim daş deşiyindən çıxır ki. Kənddən qırx qız yığılıb gəzməyə çıxanda hər daşın dalında bir oğlan gizlənib bizə baxırdı. Bir gün bir od gəldi, bir alov qaladı. Kəndimizi yandırdılar. Atam-anam necə oldu bilmədim. Biz qırx qızı zəncirə vurub bazarlarda satdılar. Gəlin olacaqdım, kəniz oldum. Daha qocalmışam, saçlarım da ağarıb. Yaxşı ki, sizin kimi insanların arasına düşdüm. Yoxsa heç bilməzdim günüm necə olacaq.
İsmayıl bu söhbəti ilk dəfə eşidirdi.
– Bəs niyə evinizə getmirsən, Səkinə xala?
– Yollar qıfıllıdı, qurbanın olum.
Aləmşahbəyim əllərini oğlunun çiyinlərinə qoydu. İsmayıl qartal dimdiyinə oxşayan burnunu qaldırıb aydın gözlərini anasına dikəndə o, Səkinəyə deyirdi:
– Səni əsir gətirdilər, eləmi?
– Bəli, qadan ürəyimə.
– Mən də şah qızıyam… Qardaşım taxtda oturub, amma körpə balalarımla dustağam. Sənin mənə köməyin dəyə bilər?
Səkinə onun dərdini yüngülləşdirmək üçün canıyananlıq eləyirdi. İndi Aləmşahbəyim öz vəziyyətini başa salanda Səkinə də ona qoşuldu, sel kimi gözyaşı tökməyə başladı. Ağlaya-ağlaya da çıxıb getdi.
İsmayıl anasına baxdı:
– Ana, mən balacayam. Hələ çox şeyi bilmirəm. Sən də mənə demirsən. Sultanəli də, İbrahim də məndən hər şeyi gizlədirlər. Amma mən görürəm ki, nəsə olub. Nə olub, onu bilmirəm. Sən də ağlayırsan, Səkinə xala da ağlayır, niyə ağlayırsınız?
Aləmşahbəyim əlini oğlunun başına çəkib dedi:
– Böyüyəndə hər şeyi bilərsən.
– Deyin, bilim, mən də tez böyüyüm.
Anası onu qucaqladı. İsmayıl isə dartınıb onun qolları arasından çıxaraq qaçmağa başladı.
– Tut görüm.
Anası da onun dalınca qaçdı. İsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uşaqlıq özünü göstərdi. Gülə-gülə qaçdı. Anası da onu qovmağa başladı. Amma çata bilmirdi. Onun cəmi-cümlətanı iyirmi səkkiz yaşı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaşda o, al-əlvan geyinməli idi. Amma…
İsmayıl nəsə görüb dayandı. Heyrət içində gözlərini Savalana dikdi. Savalan nəhəng bir gözdağına dönmüşdü.
– Ana, Savalan yanır?
– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona