Xudafərin körpüsü. Фарман Керимзаде
Читать онлайн книгу.Yalvarıram, mənim balalarımla işin olmasın.
Sultan Yaqub dayanıb bacısına, bacısı da ona baxdı. Qardaşının bir anda gözlərini yayındırmağa çalışdığını görüncə Aləmşahbəyim düşündü: «Deməli, günahkar olduğunu başa düşür. Gözlərimin içinə düz baxa bilmədi. Ürəyi də yumşalıb…»
– Bacı, ərinə görə də belə yalvarardınmı?
– Yox.
– Niyə? – Sultan Yaqub bacısının cavabından xoşlanıb qımışdı.
– O kişiydi və istəməzdi ki, onun arvadı ərinə görə hətta doğma qardaşına belə yalvarsın.
– Yaxşı, qoy sən deyən olsun. Hökmümü dəyişirəm. Nə qədər ki, mən taxtdayam, balaların həbsdə olacaqlar.
Bir neçə gündən sonra Aləmşahbəyimi də oğulları ilə bərabər indi salındıqları qalaya gətirdilər.
Artıq dörd il idi ki, həbsdə idilər. Bu qaladan heç yerə çıxmamışdılar. Qalanın qapıları bircə onlara ərzaq gətiriləndə açılırdı. Ən geniş yerləri bürcün üstündəki yol idi, çıxıb gəzirdilər. Tağların arasındakı meydan, su dolu hovuz – uşaqların dünyası ancaq bunlardan ibarət idi.
Ana-bala bürcün üstündəki yolla gəzişərkən İsmayıl göydə quş səsi eşitdi. Dayanıb əlini gözünün üstünə qoyaraq göyə baxdı. Haça səflə uçan quşlar qəribə səslə oxuyurdular.
– Ana, o quşların adı nədi?
– Durnadı, oğlum.
– Onlar uçub hara gedirlər?
– Bağdada.
– Yorulanda hara qonacaqlar?
– Hara xoşlarına gəlsə.
– Qonsunlar da, bura.
– Qaladan Allah da bezardı, bəndə də. Quşların isə qanadları var. Hara xoşlarına gəlirsə, oraya da uçub gedirlər.
Bir anda necə oldusa durnaların səfi pozuldu və onlar gözdən itdilər.
– Ana, onlara nə oldu?
– Oğul, kimsə yerdə daş çevirdi. Daşı döndərəndə durnalar yollarını itirir. Azırlar.
– Kim çevirdi daşı?
– Nə bilim, oğul. O qədər daş çevirənlər var ki, təkcə durnaların yolunu yox, hətta fələyin çərxini belə çevirirlər…
İsmayıl canıyananlıqla durna köçünün arxa-sınca baxır, onların səfinin düzəlməsini istəyirdi. Əlacı olsa, o çevrilən daşı düzəldər, durnaları yenidən səfə düzərdi…
Hovuz olan meydana düşəndə Səkinə onları səslədi:
– Atam-anam, süfrə hazırdı.
– Səkinə xala, nə bişirmisən?
– Atam-anam, vətəni yadıma saldınız, anamın xoşladığı bir xörək bişirmişəm, qurutlu xəngəl.
Aləmşahbəyimlə İsmayıl gəlib çıxanda Sultanəli də, İbrahim də süfrə başında oturmuşdular. Analarını görüb qalxdılar. Onun əlindən öpdülər, anaları da onların üzündən öpdü. Oturdular. İsmayıl da məstlərini4 çıxartdı, gəlib süfrə başında bardaş qurdu.
Səkinə iri məcməyidə xəngəli gətirib süfrənin ortasına qoydu. Qalaylı mis parçda dağ olmuş yağı bir daha xəngəlin üstündə gəzdirdi. Hücrəni qovrulub qızarmış soğanın xoş ətri basmışdı. Onlar yeməyə başlayanda Səkinə çıxıb o birisi hücrəyə keçdi. Bir azdan oradan saz səsi eşidildi. Elə yanıqlı çalınırdı ki… Hamısı əl saxlayıb qulaq verdilər. İsmayıl əllərini silib qalxdı. Bu səs onu əfsunlamışdı. Qapıdan içəri boylandı. Səkinə oturub cürə sazını basmışdı sinəsinə, çalırdı, özü də necə çalırdı. Hətta İsmayılın gəlməyindən xəbər tutmadı. Gözlərindən sel gedirdi. Bu yanıqlı hava, elə bil əsir götürülən qırx qızı bir-birinə bağlayan paslı zəncirin cingiltisi, o qızların ah-naləsi idi. İsmayıl görürdü ki, Səkinə arvadın özündən, sözündən xəbəri yoxdur. Birdən-birə o, havanı dəyişdi. Səkinə arvad indi sanki bu balaca sazla o paslı kilidləri qırır, zəncirdən qurtulan qırx qız onunla birgə yerinə-yurduna qayıdırdı.
Hava çalınıb qurtaranda Aləmşahbəyim də, digər oğulları da İsmayılın yanında dayanmışdılar.
– Səkinə xala, bu havanın adı nədi? – deyə İsmayıl soruşdu.
– Ruhani.
– «Ruhani» nə deməkdir?
– Atam-anam, nə bilim… Rəhmətlik atam bu havanı çalıb qurtarandan sonra deyərdi ki, Allah rəhmət eləsin. Soruşardıq kimə? Deyərdi şairə. O şairə ki, öz qəzəllərinə, sözlərinə görə onun dərisini soyublar. Həmin şair hürufani5 olub. Aşıqlar da bu havanı onun mərdanəliyinə, igidliyinə qoşublar:
– Şairin adı Seyid İmadəddin Nəsimidir! – deyə Sultanəli dilləndi.
– Nəsimi? O kimdi? – deyə İsmayıl təəccüblə Sultanəliyə baxdı.
– Sus! – Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu. – Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar.
– Niyə axı? Onun günahı nə olub?
– Sonra bilərsən. O, hürufi şairdi.
– Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı.
– Bir-iki kəlmə ilə başa düşmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan. Əvvəl özümüzü öyrən, sonra.
– Biz kimik?
– Sufi6.
– Sufi nədir?
İsmayılın bu sualından sonra anası dilləndi:
– Bura haradır?
– Qala.
– Bax, sufilik də budur. Zindandı, qollarda zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.
Söhbətləri burada bitdi. Öz hücrələrinə keçdilər…
Gecənin bir yarısı qapı döyüldü. Sultanəli qapını açmaq üçün getmək istədi, lakin anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi ki, bəla birdən-birə onun oğullarına gəlsin, odur ki həmişə özünü qabağa verirdi. İndi də belə oldu. Aləmşahbəyim bilirdi ki, qardaşının əmri ilə oğulları böyüdükcə bir-bir aradan götürüləcək. Bu səbəbdən gecələr yuxusu ərşə çəkilirdi. Hətta ərinin xəncərini başının altında saxlayırdı. Yad səs eşidən kimi Səkinə də oyanırdı…
Qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər dayanmışdı. Aləmşahbəyim geri çəkildi.
– Sən kimsən?
– Bacı, qardaşını tanıya bilmədin?
Aləmşahbəyim diqqətlə baxdı. Gələn digər qardaşı
4
5
6