Əhməd bəy Ağaoğlu. Айдын Гусейнага оглы Балаев

Читать онлайн книгу.

Əhməd bəy Ağaoğlu - Айдын Гусейнага оглы Балаев


Скачать книгу
ki, illər sonra Ə.Ağaoğlu Parisdə olduğu ilk aylarda üzləşdiyi həmin çətin sınaqları xatırlayaraq tərcümeyi-halında yazırdı: «1929-cu ildə Fransanı ziyarət edirdim. Bütün bu yerləri zavallı həyat yoldaşıma göstərib keçirdiyim həyəcanları anladarkən dayana bilmədim, gözlərim yaşardı. Həyat yoldaşım güldü və dedi:

      – Çəkdiyin əzablara 50 il sonramı acıyırsan?

      – Xeyr, xeyr. Onun üçün deyil. Əksinə, həyatın ta ilk gündən məni içinə aldığı işgəncələrə minnətdaram. Çünki ömrüm boyu davam edən ağır imtahanlara ancaq keçirdiyim həmin işgəncələr sayəsində dözüb tab gətirə bildim. Məni hər şeydən öncə mütəəssir edən isə ailəmin məni unutmuş olması idi. Necə oldu ki, aylarla məni xatırlamadılar?

      – Bizim məmləkət sənə qədər təhsil üçün yalnız Kərbəla və Nəcəfə övlad göndərirdi. Onlara da ildə bir dəfə ziyarətçilər vasitəsilə pul göndərilirdi. Çünki tələbə imamın məzarı civarındakı bir mədrəsəyə yerləşdirilir və imamın otağından yeyib-içməyi təmin edilirdi. Kimsə onları nə düşünür, nə də axtarırdı. Səninkilər Parisin bir qiyamət olduğunu nə biləydilər? Zənn ediblər ki, bura da Nəcəf kimi bir yerdir. Yoxsa heç rahat durardılarmı?!

      Bəlkə də, doğru bir fikirdir. Fəqət nə yazıq ki, bunu aydınlaşdıra bilmədim. Çünki Qafqaza döndüyüm zaman həm zavallı anam, həm atam, həm də əmim artıq vəfat etmişdilər».

      Paris illəri

      Uzun gözləntidən sonra, 1888-ci il may ayının ortalarında Əhməd bəy, nəhayət ki, evdən məktub və təxminən 1000 franka bərabər olan 400 rubl pul alır. Təbii ki, həmin anda onun sevincinin həddi-hüdudu yox idi və özünün də etiraf etdiyi kimi, əgər məktubla pulu gətirən poçtalyondan utanmasaydı, durub «Uzundərə» oynayacaqdı. Əhməd bəy hər şeydən öncə borclarını qaytarmasından və bununla da Qafqazdan olan tamamilə yad bir tələbəyə xeyirxahlıq edərək aylarla borc vermiş insanların etimadını doğrultmasından məmnun idi. Hərçənd az sonra məlum oldu ki, Paris üçün bu, adi bir şeydir, digər tələbələr də həmin imkanlardan yararlanırlar. Tanış baqqalın ona söylədiyi kimi, «bu kimi yaxşılıqlar bir şey deyil. Kifayətdir ki, arada etimad olsun. Bu etimad məsələsində isə ən öndə gələn türklərdir. Türk tələbəyə kreditə otaq, ərzaq, hətta paltar da verirlər. Çünki bilirlər ki, onlar nə olsa da, borclarını qaytaracaqlar. Lakin, məsələn, yunanlar belə deyillər. Yunan tələbəyə əsla etimad edilməz. Çünki pulları olduğu halda belə borclarını ödəməzlər».

      Əhməd bəy borclarını qaytardıqdan sonra yaşamaq üçün daha münasib bir yer axtarmaq qərarına gəldi. Axırda Rue de Glacier küçəsində yerləşən pansionda otaq kirayələdi. Tezliklə həmin pansionda qalan iki iranlı və üç misirli tələbə ilə dostlaşan Ə.Ağaoğlu elə onların məsləhəti ilə Parisin iki nüfuzlu elm və tədris mərkəzində – Fransa kollecində və Ali tətbiqi araşdırmalar məktəbində mühazirələr dinləməyə başladı. Həmin vaxt Parisin elmi dairələrində böyük nüfuz sahibi olan görkəmli fransız filosof və tarixçi Ernest Renan (1823–1892) hər həftə Fransa kollecində məruzələrlə çıxış edirdi. Ali tətbiqi araşdırmalar məktəbində isə İranın mədəniyyət və din tarixinin tanınmış tədqiqatçısı Ceyms Darmesteter (1849–1894) «Şərq xalqlarının tarixi» mövzusunda mühazirələr oxuyurdu. Mübaliğəsiz deyə bilərik ki, məhz bu iki görkəmli alimlə tanışlıq Ağaoğlunun gələcək taleyini əhəmiyyətli dərəcədə müəyyənləşdirmiş oldu.

      Əhməd bəy həmçinin 1888/89-cu tədris ilindən etibarən Sorbonna Universitetinin Hüquq fakültəsində dərslərə başladı. Lakin onun maraq dairəsi təkcə hüquq elmləri ilə məhdudlaşmırdı. Belə ki, Ə.Ağaoğlu Şərq sivilizasiyalarının və dinlərinin tarixinə də böyük maraq göstərirdi. Həmin sahələrdə əlavə biliklər əldə etmək məqsədilə o həmçinin Anri Oqüst (1820–1898) və Barbiyer de Meуnard (1826–1908) kimi görkəmli şərqşünasların mühazirələr oxuduğu Canlı Şərq dilləri məktəbinə tez-tez baş çəkirdi.

      Ağaoğlunun bir tədqiqatçı və şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayan bu məşhur araşdırmaçılar müxtəlif elm sahələrində fəaliyyət göstərirdilər. Bir-birindən fərqli ideoloji baxışlara sahib olsalar da, onları Şərq dünyasına, ilk növbədə isə İranın tarix və mədəniyyətinə olan ümumi maraq birləşdirirdi. Onlar məşğul olduqları sahəyə sayğı və sevgilərini Əhməd bəyə da aşılaya bilmişdilər. Təsadüfi deyil ki, Ağaoğlunun ilk elmi araşdırmalarının mövzusu İranın islamaqədərki tarixi və inancları olmuşdur.

      Parisdəki təhsil illərində Əhməd bəyin bir çox istedadlı şəxslərlə təmasda olmasına baxmayaraq onun yaxın çevrəsini üç nəfər təşkil edirdi. Bunlar filosof və tarixçi Ernest Renan, iranşünas-filoloq Ceyms Darmesteter, eləcə də yazar Cülyetta Adam idi. Ağaoğlunda elmi araşdırmalara marağın yaranmasında bu üç şəxsin, xüsusilə Darmesteterin xidmətləri danılmazdır. Şərq dinləri (zərdüştilik5 və məzdəkilik6) tarixinin, eləcə də sanskrit və qədim İran dillərindəki əlyazmaların tədqiqi ilə məşğul olan Darmesteter 1892–1893-cü illərdə «Avesta»nın tam mətninin fransız dilində tərcüməsini ətraflı tarixi və filoloji şərhlərlə birlikdə nəşr etdirdi. Həmin tərcümədə qədim Atropatena «Avesta»nın vətəni kimi təqdim olunurdu. Üstündən uzun zaman keçməsinə baxmayaraq professor Darmesteterin bu nəşri indinin özündə də «Avesta»nın Avropa dillərinə ən mükəmməl tərcüməsi sayılır.

      Əhməd bəyin qızı Sürəyya Ağaoğlunun sözlərinə görə, bu tərcümə Darmesteterlə atasının müştərək əməyinin məhsuludur. Sürəyya xanımın bu iddiası digər mənbələr tərəfindən təsdiqlənməsə də, hər halda, nəzərə almaq lazımdır ki, Darmesteter «Avesta»nın tərcüməsi üzərində işlədiyi vaxt Əhməd bəy Parisdə təhsil alırdı, üstəlik, onun ən sevimli tələbələrindən biri hesab olunurdu. Odur ki dünya ədəbiyyatının ən möhtəşəm abidələrindən olan «Avesta»nın mətninin akademik nəşrinin hazırlanmasında Əhməd bəyin bu və ya digər formada iştirakı tamamilə istisna edilə bilməz.

      İstənilən halda məhz Darmesteter Əhməd bəyi Renan və Adam ilə tanış etmiş, sonuncular isə ona Parisin kübar dairələrinin qapalı məclislərinə qatılmaq imkanı yaratmışdılar.

      Görkəmli fransız filosof və tarixçi Renan müasir millətlərin yaranması və təkamülü haqqında ilk orijinal konsepsiyanın müəllifidir. Belə ki, dünya elmində ilk olaraq məhz o, 1882-ci il martın 11-də Sorbonna Universitetində oxuduğu «Millət nədir?» adlı məruzəsində bu fenomenin mahiyyətini izah etməyə cəhd göstərmişdir. Həmin məruzəsində insan toplumlarının müxtəlif formalarının təkamül yolunu təhlil edən Renan belə qənaətə gəlirdi ki, millət – «tarixdə olduqca yeni bir fenomen»dir və aqrar cəmiyyətdən sənaye istehsal üsuluna keçid mərhələsində yaranıb. Bununla da o, millətin az qala bəşəriyyətlə birgə yaranması fikrini rədd edirdi. Renan əmin idi ki, «millətlər əbədi deyil, onların başlanğıcı olduğu kimi sonu da vardır».

      Ağaoğlunun Parisin kübar cəmiyyətinin say-seçmə nümayəndələrinin – tanınmış siyasətçilər, yazarlar, elm və mədəniyyət xadimlərinin toplaşdığı qapalı aristokratik klubuna, Cülyetta Adamın salonuna giriş


Скачать книгу

<p>5</p>

Zərdüştilik – qədim dövrdə və erkən orta əsrlərdə Azərbaycan, Orta Asiya, İran, Əfqanıstan, eləcə də Yaxın və Orta Şərqin bir sıra digər ölkələrində geniş yayılmış din. Bu din M.ö. VI əsrin ortalarına kimi yaşadığı ehtimal olunan Zərdüşt peyğəmbərin adı ilə tanınıb. Zərdüştilik üçün dualizm – xeyir və şər başlanğıcların əbədi mübarizəsi xarakterik hesab olunur. Müqəddəs kitabı «Avesta»dır (red.).

<p>6</p>

Məzdəkilik – erkən orta əsrlərdə İranda və bir sıra qonşu ölkələrdə, o cümlədən Azərbaycanda geniş yayılmış dini-fəlsəfi təlim. Bu təlim V əsrin sonu – VI əsrin əvvəlində İranda eyniadlı hərəkata rəhbərlik etmiş Məzdəkin adı ilə tanınıb. Lakin təlimin özü bundan xeyli əvvəl, hələ III əsrdə yaranıb. Məzdəkilik də zərdüştilik kimi dualizm – işıq və zülmətin mübarizəsi prinsipinə əsaslanıb. Bu təlim tərəfdarları ətraf aləmə şərin (zülmətin) deyil, xeyrin (işığın) təcəssümü kimi baxıb hesab ediblər ki, iki başlanğıc arasında mübarizə elə «bu dünyada» xeyirin şər üzərində qanunauyğun qələbəsi ilə bitəcək (red.).