Kraliçanın boyunbağısı. Александр Дюма
Читать онлайн книгу.səkkizə iyirmi dəqiqə qalanda ayaq səsləri eşidildi. Qəfil zala daxil olan marşal de Kastri ucadan dedi:
– Əlahəzrət! Tulondan gələn cənab de Süffreni qəbul etmək istərdinizmi?
Uca səslə elan edilmiş ad zalda hamını həyəcanlandırdı.
– Bəli, cənab, – kral cavab verdi, – böyük məmnuniyyətlə!
Süffren əlli altı yaşlarında kök, alçaqboylu, çəkisinə baxmayaraq zirək bir adam idi.
– Versala xoş gəlmisiniz! – kral onu gülərüzlə salamladı. – Bir qəhrəman kimi öz gəlişinizlə bizə şərəf verdiniz!
De Süffren ehtiram əlaməti olaraq kralın qarşısında diz çökdü. XVI Lüdovik onu ayağa qaldırıb elə hərarətlə qucaqladı ki, zaldakılar öz sevinclərini gizlədə bilmədilər.
– Cənab! – kraliça dilləndi. – Sizi layiqincə tərifləmək qüdrətində deyiləm. Ancaq bilin ki, Fransanın şərəfinə açdığınız hər yaylım atəşi ürəyimi riqqətə gətirirdi.
Bu zaman de Süffrenin əlindən tutan kral onu öz kabinetinə aparmaq istədi. Niyyəti admiralın dəniz səyahətləri barədə söhbətlərini dinləmək idi. Ancaq de Süffren ona ehtiramla müqavimət göstərərək dedi:
– Hökmdar, əgər mənə qarşı bu qədər mərhəmətlisinizsə, icazə verin…
– Məndən xahişinizmi var, cənab de Süffren? – kral soruşdu.
– Hökmdar, mənim zabitlərimdən biri intizamı elə pozub ki, yalnız siz bu məsələdə hakim ola bilərsiniz.
– Ah, cənab de Süffren, mən isə ümid edirdim ki, sizin ilk xahişiniz mərhəmət diləmək olacaq, kimisə cəzalandırmaq yox. Sizi eşidirəm.
– Haqqında danışdığım zabit son döyüşdə “Mətin” gəmisində olub.
– Bayrağını endirən gəmidə?! – kral üzünü turşutdu.
– Hökmdar! “Mətin”in kapitanı, doğrudan da, bayrağı endirib. İngilis admiralı hətta qayıq göndərib ki, öz qənimətinə sahiblənsin. Ancaq alt göyərtədən batareyanı müşahidə edən leytenant topların susduğunu eşidəndə dərhal yuxarı göyərtəyə qalxıb. Bayrağın endirildiyini görən kimi isə onun fransız qanı coşur. O, bayrağı yerindən asıb və atəşin davam etdirilməsinə göstəriş verib. Hökmdar, məhz bunun nəticəsində “Mətin” düşmənin əlinə keçməyib.
– Gözəl hərəkət edib! – kral dedi.
– Cəsarətli hərəkətdir! – kraliça əlavə etdi.
– Elədir. Ancaq bu, intizamın kobud surətdə pozulması deməkdir. Əmri kapitan vermişdi, leytenant onu yerinə yetirməyə borclu idi. Mən həmin zabitin bağışlanmasını istəyirəm, hökmdar. Üstəlik, o mənim bacım oğludur.
– Bağışlayıram, – kral səsləndi. – Cənab de Süffren, siz həmin zabiti mənə təqdim etməliydiniz.
– O, buradadır, – de Süffren başını yana çevirdi. – Cənab de Şarni, buraya gəlin.
Kraliça diksindi. Həmin ad ona lap yaxın günlərdə baş verənləri xatırlatdı.
Bu vaxt gənc zabit kralın qarşısında dayandı. Madmazel de Tavernenin rəngi ağardı və həyəcanla kraliçaya baxdı. De Şarni isə ətrafındakılara fikir vermədən təzim edib kralın əlini öpdü və sonra ciddi görkəmdə zabit dostlarının yanına qayıtdı. Zabitlər gənc dostlarını hay-küylə təbrik edib qucaqladılar.
Bir anlığa sükut çökdü. Bu səssizlikdə kraliçanın həyəcanı Filipin gözündən qaçmadı.
Cənab de Şarni
Kral cənab de Süffrenlə zaldan çıxan kimi şahzadə və şahzadə xanımlar kraliçanı dövrəyə aldılar. Andre ilə bir neçə dəfə baxışan kraliçanın isə həmin vaxt zərrə qədər şübhəsi qalmamışdı: “Bu həmin gəncdir”.
Filip kraliçanın narahatlığını hiss edir və bunun səbəbini tapmağa çalışırdı. Bu vaxt zala zabit və prelatların[11] müşayiəti ilə kardinal[12] geyimində bir nəfər daxil oldu. Kraliça onu – Lui de Roanı tanıdı. Sonra isə de Roanın hər addımını izləyərək lap axırda da qaşqabaq tökdüyünü gizlətmədən üzünü yana çevirdi.
Kardinal heç kimlə görüşmədən adamların arasından keçib birbaşa kraliçaya tərəf gələrək təzim etdi. Bu, ortayaşlı və yaraşıqlı bir kişi idi. Qadınlar onu lütfkarlığına, şit zarafatlar etmədiyinə görə sevirdilər. De Roan həm də əliaçıqlığı ilə tanınırdı. Alimliyinə görə kralın kardinaldan xoşu gəlirdi; kraliça isə, əksinə, ona nifrət eləyirdi. Eyni zamanda, şahzadə olan Lui de Roan, üstəlik, sarayın baş ruhanisi idi.
Kardinal ondan aralanan kimi Mariya Antuanetta bir qədər sakitləşdi.
– Bilirsiniz, – şahzadə, xanım de Lambala müraciətlə dedi, – gənc zabitin hərəkəti bu müharibədə ən cəsur hərəkətlərdən biridir! Mən cənab de Şarnini görmək istəyirəm. Deyin, onu tapsınlar.
Cəmi bir dəqiqə sonra de Şarni artıq kraliçanın hüzurunda dayanmışdı. O, kraliçanı və madmazel de Taverneni tanıdığını biruzə vermədi. Bu cür nəzakətli davranış gənc zabiti kraliçanın gözündə daha da böyütdü.
– Hamı bilməlidir ki, – kraliça dedi, – cənab de Şarni ingilislərə qarşı nə qədər amansızdırsa, qadınlara qarşı da bir o qədər iltifatlıdır. Haqqında danışdıqları bir əhvalat onu mənim gözümdə daha da yüksəltdi.
Bundan sonra kraliça ad çəkmədən, öz başına gələn əhvalatı bir az da bəzəyərək əvvəldən axıra kimi danışdı…
– Ən maraqlısı da odur ki, – kraliça sözünə davam etdi, – cənab de Şarni xilas etdiyi qadınların hətta adını da öyrənməyə çalışmayıb.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.