Əyyaş. Ханс Фаллада

Читать онлайн книгу.

Əyyaş - Ханс Фаллада


Скачать книгу
nda ikən ailəsi Berlinə köçür. 1909-cu ildə qəzaya düşən və ertəsi il tif xəstəliyinə tutulan Falladanın qəbul etdiyi ağrıkəsicilərlə həyatı boyunca davam edəcək olan narkotik problemi başlamış olur. Məktəbə uyğunlaşa bilməyən və yaşıdlarından uzaq gəzən Fallada bir neçə dəfə intihara cəhd edir. Qaldığı xəstəxanada ədəbiyyatla maraqlanmağa başlayır. 1929-cu ildə Suse İssel ilə evlənir. Müxtəlif qəzetlərlə əməkdaşlıq edərək kitablarının naşiri Rovoltla işləməyə başlayır. 1931-ci ildə çap olunan “Bauem, Bonzen und Bomben” ilə tanınır. 1932-ci ildə çap olunan “Kleiner Mann – Was Nun?” böyük uğur qazanır (Bu əsər Alatoran Yayınlarında çapdan çıxıb) və yəhudi prodüserlər onun əsasında film çəkir. Bu, yazarın 1935-ci ildə nasist partiyası tərəfindən təhlükəli yazarlar siyahısına salınmasına səbəb olur. Maddi çətinlikləri olan yazarın 1940-cı illərin əvvəlində narkotik və spirtli içkidən asılılığı xeyli artır. Suse Ditzen ilə boşandıqdan sonra 1944-cü ildə keçmiş arvadına atəş açır. Silahı ələ keçirən Suse Ditzen yazarın başına vuraraq onu bayıldır və polis çağırır. Fallada nasistlərin ruhi xəstəxanasına salınır. Burada şifrəli bir şəkildə avtobioqrafik əsər sayıla biləcək “Əyyaş” romanını yazır. Nasist partiyasının dağılmağa başladığı 1944-cü ilin qışında sərbəst buraxılır. Morfi asılılığı ucbatından xəstəxanaya aparılan Hans Fallada bu gün ən məşhur kitabı olan “Hər kəs təkbaşına ölür” əsərini bitirdikdən dərhal sonra – 1947-ci ilin fevralında həyatla vidalaşır.

      Əyyaş

      1

      Əlbəttə ki, həmişə içmirdim, hətta içkiyə başlayalı çox olmadı. Əvvəllər spirtli içkidən iyrənərdim; hərdənbir eləcə bir stəkan pivə içərdim. Şərabın dadı mənə turş gələr, arağın iyindən narahat olardım. Amma bir müddət sonra özümü pis hiss elədiyim bir dövrə girdim. İşlərim lazım olduğu kimi getmir, insanlarla əlaqələrimdə müxtəlif cür uğursuzluqlara məruz qalırdım. Başqalarına sezdirməsəm də, həmişə şüurlu və özünə güvənən bir adam olsam da, ətrafımdan simpatiya və tərif gözləyən mülayim bir insan idim. Daha pisi arvadımın da məndən üz çevirdiyi hissinə qapılmağım idi. Əvvəllər diqqəti çəkməyən bu əlamətlər bir başqasının gözdən qaçıra biləcəyi xırda-para şeylər idi. Məsələn, bizim evdə keçirilən bir ad günü yığıncağında mənə tort verməyi unutmuşdu; əslində tort yemirəm, amma əvvəllər həmişə mənə mütləq təklif edərdi. Bir dəfə otağımda sobanın üstündə üç gün boyunca təmizlənməyən hörümçək toru görmüşdüm. O biri otaqların hamısını gəzdim, mənimkindən başqa heç birində hörümçək toru yox idi. Əslində mənə qarşı olan bu qəzəbinin hələ nə qədər çəkəcəyini gözləmək istəyirdim, amma dördüncü gün artıq dözə bilməyib özünə dedim. Bundan sonra hörümçək toru ortadan qalxdı. Əlbəttə, bunu ona olduqca sərt şəkildə demişdim. Təklik və inciklik hissinin mənə necə əzab çəkdirdiyini heç bir şəkildə sezdirmək istəmirdim.

      Ancaq bu istəyimi reallaşdıra bilmədim. Qısa müddət sonra ayaqaltı hadisəsi baş qaldırdı. O günlərdə bir bankla aramda bəzi problemlər yarandı; ilk dəfə almaq istədiyim pulu mənə vermək istəmədilər, həmin vaxt ziyana düşdüyüm danışılmış olmalı idi. Adı Alf olan bank müdiri mənimlə çox yaxşı davranaraq, müvəqqəti çətinliklərdən danışdı, hətta mərkəzə zəng edərək məni xüsusi bir kreditlə təmin etməyi təklif etdi. Əlbəttə, bu təklifi rədd etdim, həmişəki kimi yenə gülümsəyirdim, özümdən əmindim. Lakin indiyə qədər dəfələrlə etdiyi halda bu dəfə siqara qonaq etməməsi gözümdən qaçmadı, bu müştəri artıq onun üçün çox da əhəmiyyətli deyildi.

      Stəkandan boşalırmış kimi yağan payız yağışı altında əldən düşmüş halda evə gəldim. Daha o qədər də ciddi çətinliklər qarşısında deyildim, ancaq işlərimdə müəyyən gerilik baş qaldırmışdı və bu, həmin vaxtlarda bir-iki cəhdlə yoluna qoyula bilərdi. Ancaq bu cəhdləri reallaşdıra biləcək vəziyyətdə deyildim, qarşılaşdığım bütün bu səssiz narazılıqlardan xeyli əldən düşmüş vəziyyətdəydim.

      Evə gəldikdə (şəhərdən bir az kənarda, öz villamızda yaşayırdıq; prospekt hələ oraya qədər düzəldilmədiyindən) qapının qarşısında çirkli ayaqqabılarımı təmizləmək istədim, ayaqaltı yox idi. Hirslə qapını açıb evdən içəriyə, arvadıma səsləndim. Hava qaraldığı halda evdə heç işıq yanmırdı, Maqda isə görünmədi. Bir neçə dəfə də səsləndim, amma əbəs yerə. Son dərəcə bərbad bir vəziyyətdəydim; yağış altında öz evimin, qapımın qarşısında dayanır, evin girişini və zalı çirkləndirmək istəmədiyimdən içəri girə bilmirdim və bütün bunlar bu saatda işdən evə döndüyümü bildiyi halda, arvadımın ayaqaltını qapının önünə qoymağı unutmasından irəli gəlirdi. Axırda hirsimi cilovlayıb barmaqlarımın ucuna basaraq evə girdim. Ayaqqabılarımı çıxarmaq üçün işıq yandırıb bir stulda oturduqda, göstərmiş olduğum bu qədər səyin boş yerə olduğunu gördüm; zaldakı yaşılımtıl xalçanın üstündə qorxunc ləkələr meydana gəlmişdi. Həmişə Maqdaya deyirdim ki, tez çirklənən yaşılımtıl xalça dəhlizə uyğun deyil, amma o hər ikimizin də artıq belə şeylərə bir az olsun diqqət yetirəcək qədər yaşlandığımızı bildirmişdi. Onsuz da Else (xidmətçimiz) də arxa qapıdan istifadə edir və evin içində həmişə başmaqla gəzirdi. Hirslə ayaqqabımın birini çıxarmışdım; elə ikincisini çıxarırdım ki, zirzəmiyə düşən pilləkənlərə açılan qapının önündə Maqdanı gördüm. Ayaqqabı əlimdən sürüşərək gurultu ilə xalçanın üstünə düşdü, daha bir bərbad ləkə əmələ gəldi.

      –Bir az ehtiyatlı olsana, Ervin! – deyə Maqda hirslə qışqırdı. – Bu cür gözəl xalçanın halına bir bax. Ayaqlarını əməlli-başlı silməyi öyrənməyəcəksənmi?!

      Bu cür göz görə-görə haqsız yerə günahlandırılmaq məni çox hirsləndirmişdi.

      Hələ də gözlərini yerdən ayırmayan arvadımdan:

      –Hansı dəliyə dürtülmüşdün? – deyə soruşdum. – Ən azı on dəfə səni çağırdım!

      –Aşağıda, qazanxanada idim, – Maqda soyuqqanlı halda dedi. – Bax, gör nə hala gətirmisən xalçamı?

      –Bu xalça sənin olduğu qədər həm də mənimdir, – deyə cavab verdim. – Həqiqətən istəyərək xalçanı çirkləndirmədim, amma qapının ağzında ayaqaltı yoxdursa neyləyə bilərəm!

      –Qapının ağzında ayaqaltımı yoxdur? Əlbəttə var.

      –Orada ayaqaltı-zad yoxdur! – deyə qətiyyətlə qışqırdım. – Zəhmət olmasa get öz gözlərinlə gör!

      Amma o, qapının önünə çıxmağı heç düşünmürdü də.

      –Əgər Else ayaqaltını qoymağı unudubsa, ayaqqabılarını çox rahatlıqla girişdə də çıxara bilərdin. Heç olmasa ayaqqabını bura, xalçanın üstünə elə yöndəmsiz halda atmalı olmazdın!

      Hirsimdən səsim qısılmışdı, təəccüblə ona baxırdım.

      –Bəli, – dedi, – bax yenə susursan. Kimsə səni günahlandırdıqda həmişə susursan. Halbuki sən dayanmadan məni günahlandırırsan…

      Bu sözlərində doğru heç bir şey yox idi, yenə də soruşdum:

      –Nə vaxt günahlandırdım səni?

      –Elə indi, – dərhal dedi, – birincisi, günortadan sonra Else icazəli olduğu üçün özüm qazanxanaya gedib baxmağa məcbur olduğumdan sən səsləyəndə gəlmədiyim üçün günahlandırırsan; ikincisi də ayaqaltı qapının qarşısında yox imiş. Mən bütün bu işlərin arasında Elsenin hər xırda-para işlərinə də nəzarət edə bilmərəm axı.

      Özümü yığışdırdım, ürəyimdə Maqdanı hər məsələdə haqsız sayırdım, amma əvəzində:

      –Dalaşmayaq, Maqda, – dedim. – Xalçanı istəyərək çirkləndirmədiyimə inanmalısan.

      –Sən də inan ki, – hələ də olduqca sərt şəkildə dedi, – nə istəyərək səni bağırtdım, nə də istəyərək gözlətdim.

      Bu sözündən sonra susdum. Axşam yeməyinə qədər ikimiz də yenə özümüzə hakim idik, hətta aramızda danışa biləcəyimiz yaxşı bir mövzu belə açıldı. Birdən ağlıma bir zamanlar kiminsə hədiyyə etdiyi bir şüşə qırmızı şərab gəldi. İllərdir zirzəmidə olan şərabı götürdüm. Bu düşüncənin haradan ağlıma gəldiyini doğrudan da bilmirdim.


Скачать книгу