Dodaqdan qəlbə. Решад Нури Гюнтекин
Читать онлайн книгу.bilmirdi. Bir neçə dəfə qutunu əlindən yerə saldı.
Saib paşa onun üzünə baxmadan qutunu Kənanın əlindən aldı, açdı, içində başqa bir saat vardı; Kənana atasından yadigar qalmış o kiçik saat…
Saib paşa onu əlinə aldı və:
– Bu nədir? – deyə heyrətlə soruşdu.
Kənan bu dəfə ürəklənib başını qaldırdı. Göz yaşı onun uzun kirpiklərini islatmış, mavi gözlərinin qarşısına pərdə çəkmişdi. O, dayısının üzünə baxdı, hıçqırmamaq üçün var qüvvəsini toplayıb:
– Onun əvəzinə bunu götürün, – dedi, – paşa dayım! Mənə acığınız tutmasın, vallah sizin saatınız məndə deyil.
Bir neçə dəqiqə sonra Saib paşanın arvadı itən saatı gətirdi. Saat jiletin sökük cibindən astarın içinə düşmüşdü.
Mələk xanım ağlaya-ağlaya oğlunun əlindən tutdu.
– Sizi narahat edirik, qardaş… – dedi. – İcazə verin, balalarımı götürüb, Tülkülükdəki komaya köçüm.
Saib paşa onu bu fikirdən döndərmək üçün çox çalışdı. Sözünə baxmasa yenə peşman olacağını söylədi. Mələk xanımın başı daşdan-daşa dəymişdi. Dünyanın da işini bilmək olmaz. Kim deyə bilərdi ki, günün birində o yenə qardaşına möhtac olmayacaq.
Bununla belə Mələk xanım qərarından dönmədi. Əslində o elə buradan getmək barədə çoxdan fikirləşirdi. Qardaşının evində günü nə qədər xoş keçsə də, yenə özünü qonaq kimi hiss edir, heç cür ev xanımı, ailə başçısı ola bilmirdi. Xoşluqla ayrılmaq, qardaşını incitməmək üçün çox dil tökdü:
– Atamız sayılırsan, dara düşsək, əlbəttə, bizə yenə sən əl tutacaqsan, – deyə onu razı sala bildi.
Öz evlərində güzəranları yoxsul keçsə də, qulağı dinc və rahat yaşayırdılar. Bu üçotaqlı kiçik ev dar, gündüşməz bir küçənin qurtaracağında idi. Onlar evin qabağındakı kiçik bağçanı təmizləmiş, orada çoxlu çiçək əkmişdilər.
Kənan Bəylər küçəsindəki rüşdiyyəyə10 gedirdi. Boyu yavaş-yavaş uzanmağa, sifəti qəşəngləşməyə başlamışdı. Qarayanız üzünün xoş rəngi, incə, zərif cizgiləri, bir qədər də əsəbi görünüşü ilə Kənan daha çox atasına, tünd-mavi gözləri, gözəl sədəf dişləri ilə isə anasına oxşayırdı.
Nə qədər ki, o, uşaqdı, bu bənzəyiş hətta təbiətin istehzası, zarafatı kimi görünürdü. Çünki zərif çöhrənin bu rəngi ilə, tünd-mavi gözlər, ağappaq dişlər heç cür bir-birinə yaraşmırdı. Qəşəng uşaq olsa da, ona diqqətlə fikir verənlər buna gülürdülər.
Lakin ilk gənclik təravəti ilə birlikdə, bu simada bəzi başqa gözəlliklər də doğmağa başlamışdı. Onun qarayanız üzünə xoş bir işıq qonur, gözləri, incə al dodaqları, sədəf tək parıldayan ağ dişləri onun üzünə qəribə bir cazibədarlıq verirdi.
Ancaq o, yenə də əvvəlki kimi çəkingən, süst və şaşqın təbiətli idi. Məktəbdə də dayısı evində olduğu kimi, uşaqlardan uzaq dolanır, yenə nəzakətli, utancaq, mehriban ciddiyyətini saxlayaraq dəcəl uşaqları həmişəki kimi özü ilə hesablaşmağa məcbur edirdi.
Küçə həyatını heç sevmirdi. Yalnız hava çox gözəl olanda, bəzən, axşamüstü anası ilə Top altına, yaxud Qədifə qalasına11 baxmağa gedərdilər. Kənan çalışqan şagird deyildi. Dərslərinə o qədər də fikir verməzdi. Ancaq ev işlərində anasına əl tutar, hətta ona bir şey toxumaqda və tikməkdə də kömək edərdi. Qonşular dəcəl Əfifədən daha çox onu qıza bənzədərdilər. Uşaq vaxtlarında olduğu kimi, yenə də elə bir arzusu, istəyi yoxdu. Anası hələ də onun ürəklə bir şey istədiyini görməmişdi.
Dünyada yalnız bircə şey onun sakit qəlbini təlatümə gətirir, ruhunda həyəcana, həvəsə bənzər hisslər oyadırdı: o da musiqi idi.
Evlərinin yaxınlığında qədim bir təkyə vardı. Bazar ertəsi axşamlar orada dini ayindən sonra musiqi çalırdılar.
Kənan bu ayin axşamlarında bütün ruhu ilə yaşadığını duyur, həmin axşamları səbirsizliklə gözləyirdi. Uzaq bir məhəllədən buraya əlində fənər, əynində rəngi getmiş əba olan yaşlı bir minbaşı da gəlirdi. Camaat ona çox hörmət edirdi, gözəl bir udu olduğunu söyləyirdilər.
O çaldığı zaman, Kənan bir kənara çəkilib özünü unudur, nəzərlərini uzaqda görünən qəbiristana zilləyir, yaşadığı dünyadan ayrılıb ruhən başqa bir aləmə köçürdü.
Atasının sınıq, köhnə udu bir küncə atılıb qalmışdı. Bu təsirlər altında Kənan hərdənbir onu bağrına basır, bildiyi havaları çalmağa cəhd edirdi. Lakin qoca minbaşının əlində dərdli insanlar kimi sızıldayan ud, Kənanla heç bir şey danışmırdı. Odur ki, bu ilk təcrübədən çox məyus olmuş Kənan atasının qırıq udunu yenə bir tərəfə atmışdı.
Musiqi dərsi alması bir yana dursun, onun heç udunu köklətdirməyə də bir adamı yoxdu. Utancaq və məğrur olduğu üçün heç kimə, heç o qoca minbaşıya da ağız açmırdı. Düşünürdü ki, onun bu arzusundan xəbər tutsalar ona gülərlər, hələ bəlkə ona pis nəzərlə də baxarlar.
Mələk xanım hər il üzüm yetişən vaxtı Bozyaxaya gedir, Saib paşanın bağında bir-iki ay qonaq qalırdı. Bu qayda ilə o, həm qardaşının könlünü alır, həm də şəhərdə darıxmış uşaqlarını bir qədər əyləndirirdi.
Kənan bu iki payız ayını çox sevərdi. Küçədə oynamaqdan xoşlanmayan, saatlarla susub qalmaq üçün qaranlıq, tənha guşələr axtaran, süst, tənbəl Kənan burada tamamilə dəyişərdi. Solğun, qarayanız yanaqları allanar, kədərli ruhuna nəşə gələrdi; səhərin sərinliyində, aylı axşamlarda bağda gəzməkdən, qumun üstündə hərlənməkdən zövq alardı. Ancaq orada da yenə başqa uşaqlara yovuşmaz, tək gəzərdi.
Kənan həyatında ilk dəfə idi ki, özünə burada bir dost tapmışdı… Bu, özündən qırx yaş böyük olan Şəmi dədə idi. Şəmi dədə Rumeli12mühacirlərindən idi. Otuz beş il bundan qabaq çiynində bir zənbil, qoltuğunda da bir ney torbası İzmirə gəlmiş, əlində olan az-maz pulu verib Bozyaxada bir bağ almışdı.
Bağın bir kənarında çox qoca və hündür bir sərv ağacı vardı. Dədə illərlə çalışmış-çapalamış, sərv ağacının yanında ikiotaqlı bir daş daxma tikdirmişdi. Yay-qış o, Bozyaxada yaşayırdı. Bir işlə məşğul olsun deyə o, üç-dörd keçi də saxlayırdı. Qoca bu keçiləri öz balaları kimi sevirdi
Bozyaxalılar danışırdılar ki, xeyli vaxt bundan əvvəl, çox soyuq keçən bir qış vaxtı Şəmi dədənin pulu qurtarır, hətta bir neçə gün ac da qalır. Vəziyyətini kimsəyə deməsə də, yaxındakı bağ gözətçiləri bunu hiss edir, Şəmi dədəyə çörək göndərirlər. Dədə isə keçilərinin daha ac olduğunu söyləyərək, çörəyi onlara yedirir. Bozyaxalılar bunu dədənin heyvanlara olan məhəbbətinə dəlil hesab edirlər. Ancaq onun özgə çörəyi yemək istəmədiyi üçün bu cür etdiyini söyləyənlər də vardı.
Şəmi
10
XIX əsrin ortalarında Türkiyədə yaradılmış ibtidai məktəb. O zamankı baş nazir, Türkiyədəki Tənzimat adlanan islahata başçılıq etmiş Rəşid paşanın şərəfinə, bu tipli məktəblərə rüşdiyyə adı verilmişdi.
11
İzmir civarındakı tarixi-memarlıq abidələri.
12
Osmanlı imperiyasının Balkan yarımadasındakı əyalətləri (Bolqarıstan, Makedoniya və s.) belə adlanardı. İndi Ədirnə, Qırxlareli, Tekirdağ və İstanbul vilayətinin Avropa hissəsi də Rumeli adlanır.