Fateh Sultan Mehmed. Andre Clot

Читать онлайн книгу.

Fateh Sultan Mehmed - Andre Clot

Скачать книгу
gözlənilməz istiqamətdə inkişaf etməyə başladı. Osmanlı sultanı II Murad taxt-tacdan çəkildi və hakimiyyəti oğluna ötürdü. Bu gözlənilməz qərardı: axı II Mehmed taxta çıxmaq üçün çox gənc və təcrübəsizdi. Lakin sultan belə hesab edirdi ki, sədr-əzəm Xəlil paşa xanədanın idarə olunmasında ona lazımi dəstəyi göstərəcək. İstənilən halda çox yaşlı olmamasına baxmayaraq özünü yorğun hiss edən, üstəlik, ruh düşkünlüyü yaşayan II Murad hakimiyyətdən çəkilmək fikrində qətiydi. O, eyni zamanda bununla xristian aləminə sülhpərəstliyini və Osmanlı ilə aralarındakı barış anlaşmasını hər hansı təhlükə gözləmədiyini göstərmək istəyirdi.

Lakin xristian aləmi artıq türklərlə haqq-hesabı çürütmək fikrini qətiləşdirmişdi: elə bu səbəbdən də Roma papasının elçisi kardinal2 Çezerini Osmanlıya qarşı savaşın elanını verdi. Hakimiyyətə on iki yaşlı uşağın gətirildiyini nəzərə alan Çezerini hesab edirdi ki, xristianlar bu fürsəti əldən buraxmamalıdırlar.

Beləliklə, türklər üzərinə xaçlı yürüşü başladı. Macarlar və polyaklar bu hərbi səfərə 16 min əsgərlə qatıldı. Macar hökmdarı I Vladislavın, Macarıstan krallığının o dövrdəki görkəmli hərbi-siyasi xadimlərindən Yanoş Hunyadinin və indiki Rumıniyanın mərkəzində yerləşən tarixi bölgənin – Transilvaniyanın birləşmiş voyevodaları3 böyük ittifaq yaratdılar. Onlara Venesiya səkkiz, Roma papalığı on, Burqundiya hersoqu isə dörd kadırğa (həm yelkənlə, həm də avarla hərəkət edən hərbi gəmi) ilə dəstək verdi. Osmanlı sarayında işlər qaydasında getmirdi və bu səbəbdən də avropalıların qələbəsi çoxlarında şübhə doğurmurdu.

Belə ki, hakimiyyət on iki yaşlı II Mehmeddə olsa da, dövlət işləri tamamilə Çandarlı Xəlil paşanın nəzarətindəydi. Bu isə sarayın digər nüfuzlu şəxslərinin bir çoxunda qıcıq doğururdu. Onlardan xüsusilə ikisi – yunan əsilli olduğu deyilən Zağanos paşa ilə Rumeli bəylərbəyi Şəhabəddin paşa sədr-əzəmə badalaq vurmaq üçün fürsət axtarırdılar. Elə hələ xeyli təcrübəsiz II Mehmed də dövləti öz istəyinə və iradəsinə görə idarə etmək üçün səbirsizlik göstərir, bu səbəbdən də Xəlil paşanın təsir dairəsindən qurtulmağa çalışırdı. Bütün bunlar Osmanlı dövlətinin gücünü və dayağını sarsıdırdı. Məsələn, maaşlarını artırmağı tələb edən yeniçərilər4 üsyana qalxıb paytaxt Ədirnənin bəzi məhəllələrini yandırmışdılar. Şəhər əhalisinin bir hissəsi kütləvi şəkildə köç etməyə başlamışdı. Bütün bunlar azmış kimi, II Mehmedin babası I Mehmedin böyük qardaşı Orxan Çələbi5 Bizansın əliylə Osmanlı daxilində ixtilaflar yaratmağa və hakimiyyətə yiyələnməyə çalışırdı. Belə bir vəziyyətdə avropalıların hücumunu dəf etmək elə də asan görünmürdü. Bir sözlə, Osmanlı dövləti İldırım Bəyazidin Teymura məğlub olduğu Ankara döyüşündən bu yana, bəlkə də, ən ciddi təhlükə ilə qarşı-qarşıya idi. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Çandarlı Xəlil paşa II Muradı yenidən hakimiyyətə çağırdı. Bu II Mehmedin ürəyincə olmadı. II Murad sədr-əzəmin çağırışına qulaq verdi və həmin vaxt guşənişinə çəkildiyi Bursadan hərəkətə başladı. O, indiki İstanbul boğazını6 rahatlıqla keçdi: burada keşik çəkən Venesiya hərbi gəmiləri, nə hikmətdirsə, «onu görməmişdilər», genuyalı əsgərlər isə xeyli qızıl pul müqabilində II Muradla döyüşçülərinin qarşı tərəfə keçməsinə şərait yaratmışdılar.

Beləliklə, əvvəl də yazdığımız kimi, rəsmi sultan titulu olmadan II Murad Varna yaxınlığında avropalılarla qarşı-qarşıya gəldi. Bu savaşdan 60 minlik Osmanlı ordusu qalib çıxdı.

II Murad zəfərlə Manisaya döndü. Burada özünə bir saray tikdirdi. Qalan ömrünü dövlət işlərindən kənarda, ürəyinin arzuladığı şəkildə yaşamaq fikrindəydi. Ancaq…

Sürgünə bərabər təlim dövrü

Azyaşlı və təcrübəsiz II Mehmedin hakimiyyəti Osmanlı daxilindəki ixtilafları dərinləşdirməyə, özbaşınalıqların genişlənməsinə yol açmağa davam edirdi. Sarayda faktiki olaraq ikitirəlik yaranmışdı və onların hər biri öz maraqlarından çıxış edirdilər. Bir qrup Konstantinopolun gecikmədən, vaxt itirilmədən ələ keçirilməsini istəyir, digər qrup isə avropalılar sarıdan həyəcan keçirirdilər: onlar qorxurdular ki, Varnadakı ağır məğlubiyyətdən sonra düşmən qisas almaq fikrinə düşə və buna nail ola bilər. Əslində II Mehmed də eyni cür düşünürdü. Digər yandan, hələ ki, siyasi nüfuzunun olmadığının və sədr-əzəm Xəlil paşanın kölgəsində qaldığının fərqindəydi.

Hadisələr isə getdikcə daha təhlükəli miqyas alır və sarayın nəzarətindən çıxırdı. Ardı-arası kəsilmədən üsyan xəbərləri gəlir, başıpozuqluq böyüyürdü. Belədə Çandarlı Xəlil paşa vəziyyətdən çıxış yolunu yenidən II Muradı taxta dəvət etməkdə gördü. Durumun ürəkaçan olmadığının fərqinə varan II Murad 1446-cı ildə Ədirnəyə qayıtdı. O, narazı yeniçərilər və özbaşınalıqlardan cana doymuş şəhər əhalisi tərəfindən sevgiylə qarşılandı. İşi belə görən II Mehmed öz yaxın adamları Zağanos və Şəhabəddin paşaların müşayiəti ilə şəhəri tərk edib Manisanın yolunu tutdu. Həmin dövrdə bu onun taxtdan çəkilməsi kimi qiymətləndirildi.

Lakin II Mehmed taxtdan enməyə təkcə könülsüz deyildi, o həm də bütün bu baş verənlərə görə olduqca incik və qəzəbli idi.

II Mehmed taxta hazırlaşır

Gələcək hökmdar başa düşürdü ki, atasının yaşı hələ çox deyil və bu səbəbdən də taxta çıxmaq üçün xeyli gözləməlidir. Eyni zamanda onu da yaxşı bilirdi ki, II Muradın qulağını dolduranlar da az deyil: onlar yenidən Osmanlı taxtına qayıdan sultanı inandırmağa çalışırdılar ki, oğlu hakimiyyət ehtirası ilə alışıb yanır və öz istəyinə çatmaq üçün atasını aradan götürməyə belə hazırdır. Bununla II Muradı daha çevik tərpənməyə və II Mehmedi indidən zərərsizləşdirməyə inandırmaq istəyirdilər.

Gələcək hökmdar Manisada vaxtını boşa keçirmirdi: bu gözəl vilayəti ürəyi istədiyi kimi idarə edir, arabir kiçik hərbi səfərlərə çıxır, Egey dənizində üzən Venesiya gəmilərinə basqınlar təşkil edib onları yağmaladırdı. Bu basqınlar II Muradın ürəyincə deyildi: o, aralarında sülh və ticarət müqaviləsi olan bir dövlətə məxsus gəmilərin yağmalanmasına qarşıydı. Lakin II Mehmed atasının iradəsi ilə hesablaşmır, bu da azmış kimi, pul kəsdirir, beləcə, sultanlığa can atdığını açıq-aydın nümayiş etdirirdi. Ətrafına savadlı, bilikli şəxsləri toplayırdı, onların arasında italyanlar da az deyildi. Manisa ilə Genuya koloniyası olan Yeni Foça və Saqqız (yunanca adı Xiosdur) adaları yaxın olduğundan aralarında sıx əlaqə, gediş-gəliş vardı. Şərq mədəniyyəti ilə yanaşı Qərb mədəniyyətinə də böyük həvəs göstərən gələcək hökmdar həmin adalardan elm və sənətlə məşğul olan italyanları dəvət edirdi. Onlar isə öz növbələrində gənc şahzadəyə antik fəlsəfə və mədəniyyətlə bağlı bilgilər verirdilər. Bu söhbətlərdə adları çəkilən filosofların, tarixçilərin əsərlərini türkcəyə çevirtdirir

Скачать книгу

2

Kardinal – katolik kilsəsində Roma papasından sonra ən yüksək dini rütbə

3

Voyevoda – hərbi bölük. Burada ardıcıllıqla serb, macar və rumın voyevodaları nəzərdə tutulur.

4

Yeniçəri – Osmanlıların ələ keçirdiyi ərazilərdə əsir götürülən 8-18 yaşlı xristian əsilli oğlan uşaqlarından yetişdirilən xüsusi döyüşçü

5

Orxan Çələbi – Osmanlı padşahı I Mehmedin (1389-1421) böyük qardaşıdır. Bacısı Sultan Fatma xanımla birlikdə Bizansa girov göndərilmişdilər. Bizans imperiyası Orxan Çələbini tez-tez Anadoluya göndərərək üsyan qaldırmaq istəyirdi. Buna son qoymaq üçün Osmanlı dövləti Bizansa xərac verməyi boynuna götürməli olmuşdu

6

İstanbul boğazı – Tarixi adı Bosfor boğazıdır. Qara dənizlə Mərmərə dənizini əlaqələndirən su bu keçidi, eyni zamanda İstanbul şəhərini Avropa tərəfi və Asiya tərəfi (Anadolu tərəfi) olmaqla iki hissəyə ayırır.