Oseola-seminolların başçısı. Джеймс Фенимор Купер
Читать онлайн книгу.siz gəldiniz! – gənc səsləndi. – Sizin mokasinlər artıq hazırdır… Ana, onlar hanı?.. Bəs Mayumi hanı?
Bax bu da o! Naxışlı mokasinlərdə kiçicik ayaqlar, incə, mükəmməl qamət, şəffaf dərisi olan tunc rəngli çöhrə, al yanaqlar, al-qırmızı dodaqlar, yuxarı qatlanmış uzunkirpikli qara gözlər, sıx qaşlar və qara saçlar…
Mənim zavallı qəlbim! Mayumi – mənim meşə ilahəm!..
Biz orada bir saata yaxın qaldıq. Mən bu qısa zamanda mənən böyüdüm. Geri dönərkən avarları çəkən zaman hiss etdim ki, ürəyim orada, arxada qalıb…
Ada
Mənim Pauel ilə tanışlığım get-gedə dostluğa çevrildi. Biz tez-tez meşədə və göldə görüşür, ov edirdik. Dostum artıq təcrübəli ovçu idi və mən ondan meşənin sirlərini öyrənirdim. Virciniya isə Mayumi ilə dostlaşmışdı.
Göldə gözəl bir ada vardı. Kifayət qədər böyük olan bu adanın ortası dərə-təpəli idi və hər tərəfi həmişəyaşıl ağaclarla doluydu. Bu qəribə ada bizim evlərimiz arasındakı yolun lap yaxınlığında yerləşirdi. Biz Pauel ilə çox vaxt burada görüşür və ov edirdik. Ancaq məni ovdan çox Mayuminin yanında olmaq maraqlandırırdı. Onun yanında oturmaq, onu dinləmək, ona baxmaq – mən öz sevgimi yalnız bu cür büruzə verirdim. Biz Mayumi ilə bu haqda danışmamışdıq və mən sevilib-sevilmədiyimi bilmirdim.
Bir də mənə elə gəlirdi ki, Virciniya Pauelə bənd olub və bu mənim əhvalımı pozurdu. Mən hiss edirdim ki, hindularla dostluq etməkdə yaxşı iş tutmuruq.
İş elə gətirdi ki, bizim dostluğumuz tamamilə gözlənilmədən qırıldı.
Nə bacım, nə də mən dostluğumuz haqqında valideynlərimizə bir söz demişdik. Ancaq onu gizlətmək üçün də hansısa hiyləyə əl atmamışdıq.
Bir dəfə biz hamımız dördlükdə adada idik. Pauel və mən ovdan sonra bacılarımızın yanına qayıtmışdıq. Biz söhbət edərkən itlər gözlənilmədən sıçrayıb cəngəlliyə tərəf atıldılar. Ancaq az keçməmiş quyruqlarını bulaya-bulaya geri döndülər. Deməli, gələnlər onlara tanış idi.
Ağacların arasından anam və atam göründülər. Onları görən kimi Virciniya və mən qorxu içində sıçrayıb ayağa qalxdıq. Şübhəsiz ki, biz düz hərəkət etmədiyimizi anlayırdıq. İlk olaraq anam bizə yaxınlaşdı.
– Bu nə deməkdir? – o ucadan səsləndi. – Mənim uşaqlarım hindularla oturub-durur!
Pauel ayağa durdu, mənim valideynlərimə qürurla baxaraq başının hərəkəti ilə bacısına arxasınca gəlməyi əmr etdi və onunla birlikdə uzaqlaşdı.
Atamgilin qayığında avar çəkən zəncilərdən başqa, ata və oğul – Rinqoldlar da vardı. Virciniya valideynlərimlə birgə getdi, mən isə evə öz qayığımla tək qayıtdım. Mən yola düşərkən dönüb geri baxdım. Hindu ilə bacısının da mənə baxdıqlarını gördüm, ancaq onlarla açıq-aşkar xudahafizləşə bilmədim.
Artıq üç gündən sonra məni Uest-Poynta – hərbi məktəbə, Virciniyanı da qadın məktəblərindən birinə göndərdilər. Biz çox uzun zaman sonra doğma Çiçəklər diyarımızı görə bildik.
Uest-Poynt
Uest-Poyntdakı hərbi məktəb Birləşmiş Ştatlardakı ən yaxşı tədris müəssisələrindən biridir. Bu məktəbdə oxuyanlar həqiqi biliklər alırlar. Uest-Poyntda pis oxuyanlar və kütbeyinlər yoxdur. Prezidentin oğlu belə pis oxusaydı, o, məktəbdən xaric olunardı. Mən də bu qorxu altında istər-istəməz yaxşı oxudum və kadetlərin11 ön sıralarında yer aldım.
Kadet həyatı cansıxıcı hərbi tapşırıqların gündəlik həyata keçirilməsindən başqa bir şey deyildi. Əsgərlərin həyatı kölələrinkindən çox az fərqlənirdi.
Biz bacımla beş il evdən uzaqda yaşadıq. Atamla anam vaxtaşırı bizə baş çəkirdilər. Yayda isə Floridaya getmək yerinə, onlarla birlikdə kurortlara gedirdik. Kurortda biz Rinqoldlarla da görüşərdik. Virciniya artıq böyümüş, əsl kübar və gözəl bir qız olmuşdu. Arensin bacıma olan münasibəti elə əvvəlki kimi idi. Bacımın ona qarşı nə hiss etdiyini bilmirdim.
Ondan çox şeyi soruşub öyrənmək istərdim, ancaq bizim uşaq sadəlövhlüyümüz çəkilib getmişdi. Biz keçmiş barədə, daha doğrusu, adada olan gəzintilər və görüşlər barəsində heç vaxt söz açmırdıq.
Biz dörd nəfər idik və qəribəsi odur ki, mən ancaq öz sevgim barədə bilirdim. Gənc hindunun bacıma hansı nəzərlərlə baxdığını bilmirdim. Öz sevgimə qapılmışdım. Arzularımda sevildiyimi xəyal edirdim. Amma ola bilsin ki, Mayumi məni heç sevmirdi də.
Beş il keçdi və mənim təhsilim başa çatdı. Son imtahanlardan da uğurla çıxaraq fərqlənmə diplomu aldım. Mənim hansı qoşunda olacağımı seçmək hüququm oldu və mən piyada qoşunlarını seçdim. Leytenant rütbəsi almağım haqqında xəbər qəzetlərdə dərc edildi.
Bacım da qadın məktəbindəki kursu fərqlənmə ilə bitirdi. Biz evə birlikdə getdik.
Atam bizi qarşılamadı, təkcə dul qalmış anam gəlişimizi göz yaşı ilə müjdələdi.
Seminollar
Mən Floridaya qayıdan zaman vətənimin başı üzərini qara buludlar almışdı. İlk hərbi sınağım da doğma yuvanın müdafiəsi oldu.
Hindulara öz torpaqlarında rahat yaşamaq qismət deyilmiş. Ağ macəra axtaranlar gəldilər və hinduların sərhədləri yaxınlığında köç saldılar. Qiymətli hindu torpağını görən kimi onlarda bu yerlərə malik olmaq istəyi baş qaldırdı. Ağlarla hindular arasında sülh içində yaşayacaqları barədə müqavilə olsa da, ağlar müqaviləni ləğv etmək qərarına gəldilər. Lakin ağlar bu müqaviləni birdən-birə poza bilməzdilər. Hinduları öz yurdundan çıxarmaq üçün onlara səbəb gərək idi. Hinduların tənbəl olması və öz torpaqlarını əkib-becərməməsi kimi boş səbəblər artıq işə yaramırdı. Ona görə də hinduların azğınlıqları barədə şa-yiələr hər tərəfə yayıldı: mal-qaranın oğurlanması, plantasiyaların dağıdılması, qətl və qarətlərin törədilməsi kimi bəd əməllər guya “vəhşi seminol tayfalarının” işləri imiş.
Ağların “qırmızıdərili vəhşilər” adlandırdıqları seminollar, əslində, inkişaf etmiş sayılan insanlardan daha ədalətli idilər. Ancaq onları indi öz doğma torpaqlarından qovub çıxarmaq istəyirdilər.
Ölkədə tez bir zamanda seminollara qarşı düşmənçilik duyğuları alovlandı. Hamı düşünürdü ki, hinduların torpaq hüquqlarını ləğv etmək, onları sürgün etmək elə də çətin deyil. Ancaq bütün bunlara müqavilə mane olurdu. Ona görə də ondan yaxa qurtarmaq lazım idi.
Zirək prezident agentinin məsləhəti ilə ağlar qərara gəldilər ki, hindu başçılarını pul və “odlu su”* vasitəsilə ələ alıb onlara yeni müqavilə imzalatsınlar. Bu cür də etdilər. 1832-ci il mayın 9-da seminolların başçıları tam heyətdə Oklavaha çayının sahilində bir araya gəldilər və dədə-baba torpaqlarını ağlara verdilər!
Lakin bu, qəzetlər yaydığı xəbər idi. Əslində, seminolların heç də bütün
11
Kadetlər − hərbi məktəbin yetirmələri