Vinni-Puh. Алан Александр Милн
Читать онлайн книгу.e>
VİNNİ-PUH ARILARLA TANIŞ OLUR
Dostu Kristofer Robinin arxasınca pilləkəndən başıaşağı enən Vinni-Puh boynunun ardıyla pillələri sayır: bum-bum-bum. Hələ ki başqa cür enə bilmir. Nə isə, o artıq aşağıdadır və sizinlə tanış olmağa hazırdır.
– Vinni-Puh. Çox şadam!
Yəqin, bu ad sizə qəribə gəlir, amma ingilis dilini bilirsinizsə, daha çox təəccüblənəcəksiniz.
Ona belə qəribə ad qoyan Kristofer Robindir. Haçansa Kristofer Robin nohurda üzən Puh adlı bir qu quşuyla tanış olmuşdu. Sonra qu quşu harasa çıxıb getdi, amma adı qaldı. Ona görə Kristofer Robin bu adı öz ayısına verdi ki, unudulmasın.
Vinni isə zoologiya bağındakı ən mehriban dişi ayının adıydı. Kristofer Robin bu ayını çox sevirdi.
Vinni-Puh axşamlar oynamağı daha çox sevir, bəzən də, xüsusilə Kristofer Robinin atası evdə olanda ocağın kənarında oturub maraqlı nağıla qulaq asmağı xoşlayır.
Belə axşamlardan biri…
– Ata, Vinni-Puha nağıl danışarsan? Nağıla qulaq asmaq istəyir!
– Danışaram, niyə danışmıram, – atası dedi. – Hansı nağıla qulaq asmaq istəyir? Kimin haqqında olsun?
– Maraqlı nağıla! Onun özü haqqında olsun. Axı Vinni-Puhdan yoxdur, gör nə qəşəng ayı balasıdır!
– Yaxşı, – atası razılaşdı. – Çox-çox əvvəllər Vinni-Puh meşədə Sanders adı altında tək yaşayırdı.
– Necə yəni «adı altında yaşayırdı»? – Kristofer Robin soruşdu.
– Yəni qapının üzərindəki lövhədə qızıl hərflərlə «Mister Sanders» yazılmışdı, o da onun altında yaşayırdı.
Bir dəfə meşədə gəzən Puh bir talaya gəlib çıxdı. Talanın ortasında başı göylərə dəyən nəhəng palıd ağacı bitmişdi, ağacın başından dızıltı səsləri gəlirdi: dzzz…
Vinni-Puh ağacın altında oturub başını pəncələrinin arasına aldı və düşünməyə başladı.
Əvvəlcə fikirləşdi: «Bu «dzzz» elə-belə məsələ deyil! Heç kəs boş yerə dızıldamaz. Arı deyilsənsə, dızıldamaq nəyinə lazımdır?»
Sonra bir qədər də fikirləşib öz-özünə dedi: «Bu dünyada arılar nəyə lazımdır? Əlbəttə ki, bal düzəltmək üçün!» Dərhal yerində dikəlib dedi:
– Bəs bal nəyə lazımdır? Mənim yeməyim üçün!
Bu sözləri deyib ağaca dırmaşmağa başladı. Dırmaşa-dırmaşa elə indicə bəstələdiyi mahnını oxuyurdu:
Ayı balı çox sevir!
Niyə? Bunu kim bilir?
Ayı balı çox sevir!
Niyə? Bunu kim bilir?
Doğrudan, axı niyə?
Balı çox sevir ayı.
Ayı arı olsaydı,
Evi belə hündürdə
Tikməzdi heç vaxt.
Onda (əlbəttə,
Arı ayı olsaydı!)
Biz ayılar heç zaman
Bu hündürə qalxmazdıq!
Ağaca dırmaşmazdıq!
Sözün düzü, Puh əməlli-başlı yorulmuşdu, ona görə mahnı bir qədər yanıqlı, hətta kədərli alındı. Amma artıq lap az qalmışdı. Bircə o budağa çıxmaq qalırdı – və…
TARAPPP!
– Ana! – pəncəsi boşa çıxan Puh qışqıraraq düz üç metr aşağıya yuvarlandı; bu zaman az qala burnu yoğun budağa dəyib əziləcəkdi.
– Eh, nəyimə lazım idi… – donquldanan Puh budaqlara dəyə-dəyə beş metr də aşağıya yuvarlandı.
– Axı pislik eləmək istəmirdim… – o, izah etməyə çalışarkən guppultuyla növbəti budağa dəydi.
– Hamısı ona görədir ki… – havada bir neçə dəfə dombalaq aşıb tikanlı göyəm kolluğunun içinə yıxılan Puh, axır ki, boynuna aldı, – hamısı ona görədir ki, mən bal yeməyi xoşlayıram!
Puh kolluqdan birtəhər çıxdı; burnuna batmış tikanı çıxarıb yenidən fikrə getdi. Nəhayət, bu qərara gəldi ki, elə həmin meşədə yaşayan dostu Kristofer Robinin yanına yollansın…
– Sabahın xeyir, Kristofer Robin! – Puh dedi.
– Sabahın xeyir, Puh! – oğlan cavab verdi.
– Təsadüfən səndə hava şarı olmaz?
– Hava şarı?
– Hə, buraya gələrkən düşündüm: «Görəsən, Kristofer Robində hava şarı varmı?»
– Hava şarı nəyinə lazımdır?
Vinni-Puh ətrafa göz gəzdirdi, heç kəsin onlara qulaq asmadığına əmin olandan sonra pəncəsini dodağına qoyub pıçıltıyla dedi:
– Bal!
– Bal? Kim hava şarı ilə bal axtarar?
– Mən! – Puh dedi.
Bir gün əvvəl Kristofer Robin donuz balası olan dostu Piqletgildə qonaqlıqda olmuşdu. Orada qonaqların hamısına hava şarı hədiyyə etmişdilər. Kristofer Robinə də böyük yaşıl hava şarı vermişdilər. Başqa birinə isə iri mavi hava şarı verməli idilər, ancaq alınmamışdı, çünki hələ o qədər balacaydı ki, onu qonaqlığa gətirməmişdilər. Odur ki həmin hava şarını da Kristofer Robinə vermişdilər.
– Hansını istəyirsən? – Kristofer Robin soruşdu.
Puh başını pəncələrinin arasına alıb fikrə getdi.
– Bal ələ keçirmək istəyirsənsə, – o dedi, – elə eləməlisən ki, arılar səni görməsin. Hava şarı yaşıl rəngdə olsa, elə biləcəklər yarpaqdır, sənə fikir verməyəcəklər. Mavi rəngdə olsa, onlara elə gələcək ki, səmaya baxırlar, yenə səni sezməyəcəklər. Hər iki halda görünməz qala bilərsən. Amma maraqlıdır, bunlardan hansını götürsəm, daha inandırıcı olar?
– Fikirləşirsən ki, hava şarının altında səni görməyəcəklər?
– Bəlkə, görəcəklər, bəlkə də, yox, – Vinni-Puh dedi. – Arılardan baş açmaq olur ki?! – bir az da düşünüb-daşınandan sonra əlavə etdi: – Özümü elə göstərəcəyəm, guya balaca qara buludam. Onda başa düşməzlər!
– Elə isə mavi hava şarını götürsən yaxşıdır, – Kristofer Robin dedi.
Elə də etdilər.
Dostlar mavi şarı götürdülər. Hətta Kristofer Robin tüfəngini də götürməyi unutmadı; birlikdə yola düzəldilər.
Əvvəlcə Vinni-Puh əsl qara buluda oxşamaq üçün bulanıq gölməçəyə girib yaxşıca ağnadı. Sonra şarı üfürüb doldurmağa başladılar. Şarı havayla o qədər doldurdular ki, az qala partlayacaqdı. Bu vaxt Kristofer Robin ipi buraxdı və Vinni-Puh şarla birgə havalandı. Şar uçub arıların yuva qurduğu ağacın çətirinin önündə, amma ağacdan bir qədər kənarda dayandı.
– Hə, kimə oxşayıram? – Vinni-Puh yuxarıdan səsləndi.
– Hava şarında uçan ayıya!
– Bəs balaca qara buluda oxşamıram? – Puh həyəcanlı səslə soruşdu.
– O qədər də yox.
– Eybi yox, ola bilsin, buradan baxanda oxşayıram. Həm də arıların işini bilmək olmaz!
Bədbəxtlikdən külək də əsmirdi; hərəkətsiz Puh havadan asılı qalmışdı. O, balı görür, qoxusunu hiss edir, amma pəncəsini uzadıb götürə bilmirdi. Bir müddət sonra yenidən sükutu pozdu.
– Kristofer Robin! – Vinni-Puh sakit danışmağa çalışırdı. – Arılar özlərini şübhəli aparır!
– Bəlkə, duyuq düşüblər, səndən şübhələnirlər?
– Bəlkə