Bencamin Franklin - avtobiografiyası. Бенджамин Франклин
Читать онлайн книгу.Reformasiya hərəkatına erkən qoşulmuşdu. Bizim əcdadlarımız papistlərin çıxışlarından yaranan təhlükələrə baxma-yaraq, kraliça Mariyanın vaxtından protestant olaraq qalırdılar1. Onların ingiliscə İncili vardı və onu etibarlı yerdə gizlətmək üçün, lentlə qatlama stulun üzlüyünün altına bərkidirdilər. Mənim ulu babam onu ailəsinə oxuyanda, stulu dizinin üzərində çevi-rər, sonra isə lentin altından İncilin səhifələrini vərəqlərdi. Dini məhkəmənin məmuru olan məhkəmə icraçısı gələndə evdəkilərə xəbər vermək üçün, uşaqlardan kimsə həmişə qapının ağzında dayanardı. Bu zaman stulu çevirərək yerinə qoyurdular və İncil həmişəki kimi öz gizli yerində qalırdı. Bu haqda mənə Bencamin əmim danışmışdı. II Karlın idarəçiliyinin sonuna qədər ailəmiz anqlikan kilsəsinin qoynunda qalırdı. Bu, ruhanilərin bir hissəsinin anqlikan kilsəsinin nizamnaməsini pozaraq, Northemptonda gizli dini mərasimlər keçirdiklərinə görə kilsədən qovulduqları vaxta qədər davam etdi. Mənim əmim Bencamin və atam Cozaya da onlara qoşuldular və həyatlarının axırlarına qədər onlara sadiq qaldılar. Ailənin digər üzvləri isə yepiskopal kilsənin himayəsində qaldılar.
Mənim atam gəncliyinin erkən çağında evlənmiş, 1685-ci ildə arvadını üç uşağı ilə birgə Yeni İngiltərəyə köçürmüşdü. O zamanlar artıq gizli dini yığıncaqlar qanunla qadağan olunduğundan və bu yığıncaqları tez-tez dağıtdıqlarından, atamın nüfuzlu tanışlarından bir çoxu Amerikaya köçməyə başladı. Və onu da inandırdılar ki, buraya köçsün. Hesab edirdilər ki, bu ölkədə heç kim onlara öz dini inanclarına etiqad etməyə maneçilik yaratmayacaq. Atamın birinci arvadından, orada, daha dörd övladı, ikinci arvadından isə on övladı dünyaya gəldi. Biz tam on yeddi nəfər olduq və mən onlardan on üçünü tez-tez bir stol ətrafında görürdüm. Onların hamısı yetkinlik yaşına çataraq öz ailələrini qurdular. İki qız uşağını nəzərə almasaq, ailənin ən kiçik oğlu mən idim. Yeni İngiltərədə, Boston şəhərində anadan olmuşdum. Atamın ikinci arvadı olan anam Yeni İngiltərəyə ilk köçənlərdən olmuş Piter Folgerin qızı Abiya Folger idi. Bu ölkənin «Magnalia Christi Americana»2 adlı kilsə tarixini yazmış Kotton Mezer P.Folgeri, səhv etmirəmsə, «mömin və alim ingiltərəli» adlandıraraq, hörmətlə yad edir. Eşitmiş-dim ki, o, müəyyən hadisələrlə bağlı bir neçə kiçik həcmli şeir yazıbmış ki, onlardan yalnız biri çap edilib. Bu şeiri mən çox sonralar oxudum. Bu şeir mənə tanış formatda 1675-ci ildə yazılmış və o zaman hakimiyyətdə olanlara ünvanlanmışdı. Müəllif bu şeirində vicdan azadlığından danışır, Anabaptistlərin, kvakerlərin və bir çox təqib edilən sektantların adından çıxış edirdi. O, hindularla müharibələri və ölkənin başına gələn digər fəlakətləri bu təqiblərin nəticəsi hesab edir, bu hadisələrdə edilmiş iyrənc cinayətlərə görə, Tanrının qəzəbinin təzahürlərini görür, mərhəmətə və şəfqətə zidd olan bu qanunların dəyişdirilməsinə çağırırdı. Açıq etiraf və səmimi qəlbdən gələn bu əsər mənə çox təsir etdi. İlk sətirlərin yadımdan çıxmasına baxmayaraq son altı sətir dəqiq yadımda qalmışdı; sətirlərin mənası o idi ki, Piterin tənələri xeyirxah arzularından doğurdu, elə buna görə də istəyirdi ki, müəllifliyi hamıya məlum olsun.
Böhtana ürəkdən nifrət etdiyim üçün,
Yaşadığım Şerberndən öz imzamla yazıram.
Sizi təhqir eləmək fikrində olmayan
Piter Folger adlanan sizin əsil dostunuz.
Bütün qardaşlarım yetkinlik yaşına çatana qədər hansısa bir sənətə yiyələnirdilər. Məni isə yaşım səkkizə çatanda qrammatika məktəbinə3 vermişdilər. Atam istəyirdi ki, onun onuncu oğlu kilsəyə xidmət etsin. Oxumağa maraq həyatımın ilk illərindən yarandığından (oxuya bilmədiyim vaxtlar yadıma gəlmir), eləcə də dostlarının, yaxşı şagird olacağım haqqında iddiaları onun niyyətini daha qəti edirdi.
Bunu əmim Bencamin də tövsiyə edirdi. Buna görə də stenoqramla yazılmış moizələrini mənə verməyi məsləhət görmüşdü. Hesab edirdi ki, onun stenoqrafik metodunu öyrənə bilsəm, bu yazıların mənə köməyi dəyə bilər. Lakin qrammatika məktəbinə bir ildən də az müddət ərzində gedə bildim, baxmayaraq ki, az müddət ərzində sinfin ortabablarından öncüllərinə çevrildim və məni birinci sinifdən ikinci sinfə keçirtdilər, ilin axırına qədər isə üçüncü sinfə keçirtməli idilər.
Lakin atam, çox böyük ailəsi olduğundan, ali təhsil almaq üçün mənə maddi kömək edə bilmirdi, bundan başqa, yanımda, dostlarının birinə demişdi ki, bu sənət adama çox az üstünlüklər verir. Atam ilkin planından imtina edir və məni qrammatika məktəbindən çıxarıb, yazı yazmağı və hesabı öyrədən məktəbə qoyur. Bu məktəbi o vaxtlar məşhur olan Corc Braunell saxlayırdı. Braunell həvəsləndirmə metodunun köməyi ilə böyük nailiyyətlər qazanmış pedaqoq idi. Onun rəhbərliyi altında yaxşı yazmağı çox tez öyrəndim, lakin hesabı çətin qavradığımdan bu sahədə çox da uzağa gedə bilmədim. On yaşım olanda atam məni məktəbdən çıxartdı və mən onun emalatxanasında köməkçi kimi işləməyə başladım. O vaxtlar atam piy şamları düzəldər və sabun bişirərdi. Bu atamın ilkin sənəti deyildi, sadəcə olaraq o, Yeni İngiltərəyə gələndən sonra, müəyyən etmişdi ki, boyaqçılıq burada o qədər də lazımlı peşə deyil və bununla ailəni saxlamaq mümkün olmayacaq. Bax beləcə fitilləri kəsir, şam qəliblərini doldururdu. Dükanında isə mən ona kömək edirdim, bir sözlə buyruq qulu idim.
Bu sənət heç xoşuma gəlmirdi. Məni dəniz özünə çəkirdi. Atam isə buna sərt etirazını bildirirdi, lakin suyun kənarında yaşadığımdan onun həm altında, həm də üstündə bir xeyli vaxt keçirirdim. Yaxşı üzməyi və qayıq sürməyi öyrəndim. Digər oğlan uşaqları ilə bir yerdə olanda isə çox vaxt sükan mənə etibar edilirdi, xüsusən də çətin vəziyyətlər olanda; ümumiyyətlə, bir çox hallarda dəstə başçısı olurdum, bəzən isə onların hoqqalarının da başında dururdum. O vaxt düzgün tətbiqini tapmasa da, onlardan birini ictimai təşəbbüskarlıq ruhunun məndə nə qədər erkən oyandığına misal kimi söyləyəcəyəm.
Dəyirman nohurunun yanında şoranlıq var idi. Daşqın zamanı onun sahilində qumlaqçı adlanan çay balıqlarını tutardıq. Biz bu yeri o qədər tapdalamışdıq ki, oralar tamam bataqlığa çevrilmişdi. Mən təklif etdim ki, orada körpüyə oxşayan nəsə quraq. Bu zaman dostlarıma şoranlığın kənarında tikiləcək yeni ev üçün gətirilmiş bir yığın daş qalağını göstərdim. Bu daşlar bizim məqsədimizə tamamilə uyğun gəlirdi. Axşamçağı, fəhlələr getdikdən sonra, səylə işə başladıq. Biz daşları iki-üç nəfərlə götürərək, balaca körpümüz hazır olanacan, qarışqa kimi işlədik. Ertəsi gün fəhlələr körpünün tikintisinə sərf olunmuş daşların itdiyini aşkar etdilər. Sorğu-sualdan sonra bizi tapdılar və valideynlərimizə şikayət etdilər. Bəzilərimiz atalarımızdan uyğun öyüd-nəsihət dinləməli olduq. Faydalı iş gördüyümüzü sübut etməyə çalışsam da atam məni inandırdı ki, əyri yolla görülmüş iş xeyirli ola bilməz.
Mənə elə gəlir ki, sən atamın necə insan oldu-ğunu bilmək istəyərdin. O, sağlam, orta boylu, lakin mütənasib bədənli və böyük fiziki qüvvəyə malik birisi idi. Onun məntiqli ağlı var idi, yaxşı şəkil çəkirdi, musiqi təlimi görmüşdü,
1
İngilis kralı VIII Henrix tərəfindən XVI əsrin 30-cu illərində kilsənin reformasiyası həyata keçiril-mişdir. Mariya Tüdorun (1553-1558) hakimiyyəti dövründə katolisizm qısa müddətə bərpa edilmiş, Yelizavetanın (1558-1603) dövründə isə anqlikan kilsəsinin təşəkkül tapması başa çatmışdır.
2
Amerikanın puritan yönümlü keşişi və yazıçısı Mezer Kottonun (1663-1728) «Amerikada İsa Məsihin böyük əməlləri» («Magnalia Christi Amerikana») kitabında Yeni İngiltərə kilsə tarixinin bioqrafik və tarixi fraqmentlərindən bəhs edilir; 1702-ci ildə çapdan çıxmışdır.
3
3 Qrammatika məktəbi təqribən klassik gimnaziyaya uyğun idi