İdeal. Muğanna İsa

Читать онлайн книгу.

İdeal - Muğanna İsa


Скачать книгу
otur arxayın ye”, – deyərdi. Hətta nisbətən asudə günlərdə, nahara çıxmağa imkan tapanda da “qaçmağa” tələsdiyinə görə yenə kirəqaz yandırıb, yenə də: “ Bax gör o səbətdə yumurta qalıbmı?”-deyərdi. Əmi, qardaşoğlu gündə bəzən iki dəfə qayğanaq yeyərdilər. İş o yerə çatmışdı ki, Səməd yumurtadan diksinmişdi və yəqin ki, elə diksindiyinə görə, əlini səbətə atanda və ya qayğanaq ortalığa gələndə dərhal “yaiçnıy paraşok” alverçisini qarşısında görüb, “cəhənnəm kürəsinə” düşərdi. Əmma neyləmək olardı? Fədai əmi öz fədai odunda yana-yana Qıymatdan uzaqlaşdığı kimi, o da öz “kürəsində” yana-yana cığalı Gülgəzindən aralı düşməmişdimi? Hər dəfə Qonaqlıya gedəndə: “Səbr elə, qaraçı gözəli, səbr elə”, -deyib ürək sakitliyi, könül xoşluğu olmayınca hər cür məhrumiyyətə dözməyi vacib bilmirdimi? “Qaraçı gözəli”nin qaşqabaq salladığını görəndə isə, zarafata başlardı: “Birdən elə ola bilməzmi ki, Demokratlarımıznan, əmimnən mən də o tayı azad eləməyə gedəndə səndən göyçəyinə rast gəldim, vuruldum, qaldım orda?! Belə axmaqdan ötrü niyə çürüdürsən özünü? Çıx get ərə!”-deyib, Gülgəzi ağladıb, şaqqanaq çəkərdi.

      Bu birinci dəfə idi ki, Səməd o yazıq zənənlərə və əmi ilə qardaşoğlunun həyatına, məişətinə ayrı cür baxırdı və hətta bir növ təəccüblənirdi ki, iyirminci ilin may ayından bu ilin mayına qədər, düz otuz dörd il ərzində o cür yaşayışa Sultan əmi necə dözmüşdü?! Axı məsələ heç də yalnız kirəqazda, qayğanaqda – filanda deyildi. Məsələ onda idi ki, Sultan əmi, ümumiyyətlə, çox gərgin yaşayırdı. Hətta yataq otağında “adam kimi” yatdığı gecələrdə də rahatlanmayıb, yuxunun içində elə ah-nalə çəkər, elə inildəyər, zarıyardı, deyərdin ətindən ət kəsirlər. Ayıq olduğu vaxtlar kimi, aydın tələffüzlə: “Qırıb qurtaracaqlar milləti!…” “ Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..” “Yurdumuza murdar millət dolduracaqlar, bircə bala!..” “O tay əldən getdi, bu tay da getmirmi?! – və şair qorxunc, vahiməli sözlər deyirdi. Tərslikdən, məhz orda – çarpayıda yarımoyaq yatdığı gecələr Bakıdan o Mirqəzəb zəng vurardı. Sultan əmi sərsəm atılıb telefona qaçanda hökmən ayağı yorğan üzünün cırığına keçərdi. Seyid kişinin arvadı Xeyrə arvadın həftədə cəmi bir dəfə sildiyi tozlu döşəmədə yorğanı dalınca aparıb, Mirqəzəblə danışandan sonra, o tozlu yorğanı çiyninə salıb, telefonun yanında oturardı. “Sən yat, yat. Yuxumu haram elədi yenə mənə Mirqəzəb!”-deyib, bəzən səhərə qədər elə orda hərəkətsiz qalardı. Səməd cınqırını da çıxarmayıb, əmisinin qara qalın qaşlarının o gecələrdə tədriclə çallaşıb pırpızlaşdığına, boz-ala gözlərinin necə heybətli qan çanağına döndüyünə tamaşa edərdi və təkcə “Mirqəzəb” kəlməsindən körüyə dönən köksü atlana-atlana, əmisinin canındakı alovu öz canında duyardı.

      Bu alovun içində Sultan əmi evlənmək qərarına gəlmiş və evlənmişdisə, özü də belə bir yaxın, doğma, məhrəm elqızı gətirmişdisə, aydın deyilmi ki, saç-saqqalının ağ vaxtında heç də “dünyadan kam almaq” yox, otuz dörd illik gərgin mübarizələrdən sonra da “bezobraziye”yə qarşı barışmaz, ardıcıl mübarizəsini davam etdirmək üçün sağlamlığını, qüvvəsini, iradəsinin saxlamaq məqsədi güdmüşdü?! Qurtardı daha! O həyatın, o məişətin bütün məhrumiyyətləri, əzab-əziyyətləri qurtardı! Elqızı samovarla məşğuldursa, demək Sultan əmi “revkom kabinetin”dədir, hamanca üstünə parusin çəkilmiş divanda dincəlir ki, qalxıb çay içəndən sonra raykoma gedib, öz əvvəlki iş rejimi ilə gecə saat birə, ikiyə qədər işləsin.

      Səməd köksünü ötürdü. İlahi, o iş, o rejim üçün necə darıxmışdı! Gecə yarıda, bütün şəhərin sükuta batdığı, təkcə stansiyada paravozların nəfəs aldığı bir vaxtda, “rayonun düşünən ürəyi, düşünən beyni” adlanan o qırmızı tuf daş binanın çilçıraqları altında, qaraqabaq, yerəbaxan, “əfəl Məsim”lə, əziz müəllim Mayılovla, Məleykə bacı ilə, fədai əmi ilə bircə yuxusuz qalmaq, öz evlərində başlarını atıb yatan adamlar üçün nə isə bir xeyirli iş gördüyünü bütün qəlbinlə duymaq necə xoşdur!.. Məleykə bacı – Məleykə Muradova tez-tez “Sultan Mamedoviçin çayını təzələyib”, arada rusca qalın-qalın kitablar oxuyardı: “Voskresenye”, “Anna Karenina”, “Bratya Karamazovı”, “İdiot”. Sən də oxu, Səməd. Bunları oxu, gör Rusiya necə bədbəxtmiş, indi necə xoşbəxtdi!” – deyərdi. “Rusiya bizi də xoşbəxt eləyib, bax belə böyük mədəniyyət verib!” – deyərdi. Səmədin ürəyindən keçərdi ki, kaş əmisi elə bu “diapozonlu xanım” adlandırdığı katibə ilə evlənəydi. Əmma Sultan əmi “diapozonlu xanım”la yola getmirdi: “Sabiri də oxu! Mirzə Ələkbər Sabiri! sabun bişirən şairi!” – deyərdi. “Vaqifi də oxu! Vurğunu da oxu!” – deyərdi. Sonra birdən-birə məlum oldu ki, o “diapozonlu”nun gizlin əri var, o “gizlin ərin qardaşı”xalq düşməni çıxıb, güllələnib. Buna görə də kəbin kəsdirmirlər”. Xəlvətdə, kabinetin küncündəki palma ağacının böyründə başını Sultan əminin çiyninə qoyub hıçqırardı: “Nolacaq axırımız, Sultan Mamedoviç?! O tay Farsın pəncəsində, Borçalı dəhşətli şovinist gürcülərin əlində, bu tay belə, Dağıstan elə!.. Mən Rusun bu həqiqətən nəhəng ədəbiyyatıynan təsəlli verirəm özümə, sən buna da tərs baxırsan! Ədəbiyyatçıyam mən, Sultan Mamedoviç! Mən çox gözəl bilirəm ki, Sabir nədi, -Nizamisi var bu millətin, Nəsrəddin Tusisi var! Füzulisi var! Bax, əslində elə buna görə heç cür dözəmmirəm ki, belə rəzil olmuşuq…” Çesuyçalıların arasına çıxanda isə mavi rəngli kişi kitelini kip düymələyib, qup-quru, rəsmi çinovnik qadına çevrilərdi. “Başqasının istəklisi?..” Bəlkə elə Məleykə bacı idi o qırmızı qıymacalı? Yox! Gör necə sarsılmışdı yazıq Səməd, – Məleykə bacı bir az bundan əvvəl raykomun qabağında qalmamışdımı?! Qonaqlının ədəbiyyat müəllimi Ələsgər müəllimin – “Dam direktor” ləqəbli o zərif kişinin qardaşı Qurban da “37-ci ilin qurbanı, yəni sürülənlərdəndi. Evindən “övliyalar” kitabı tapılmışdı. Ələsgər müəllim müharibə vaxtı Rusiyanın harasındansa “evakuasiya” edilmiş – köçürülmüş həmin, adı unudulmuş şəfqət bacısı Sestra ilə evlənmişdi ki, “rusnan qohumluğuna görə həbs olunmasın”. Bədbəxt adamlarla dolu idi hər yer: son bir neçə ildə xəbər tutub Səməd bu işlərdən və “ərköyün sədr oğlu” ikən əzabkeşə çevrilib! Bədbəxtliklərdən necə bezib Səməd! Əmisinin yarıyuxulu iniltilərindən, “cəhənnəm kürəsindən” necə cana doyub! Bəsdir! Yazıq ata, bədbəxt ata, qanın batdı! O “zaklyuçeniya”nin, o “qəsd işi yoxdu” sözlərinin altında gizlənən açıq-aydın qəsd işini açmağa oğluyun nə imkanı var, nə də qabiliyyəti. Oğlun “cəhənnəm kürəsindən” çıxmaq istəyir, yaşamaq, işləmək, sevinmək, sevindirmək istəyir!.. Bu evdə ailə qurulub. Doğrudanmı bu evdən də çağa səsi gələcək?! O çal, pırpız qaşların altında o cür heybətli qan çanağına dönən gözlər də güləcək?! Qardaşoğluna “Bircə bala” deyən Sultan Əmirli də “mənim balam” deyəcək?! Nə vaxt ola bilər bu iş? Lap tezliklə?! Beş-altı aydan, bircə ildən sonra?! Oğlu olsa adı nə? Mədəd?! Əla!..Qızı olsa adı Sura! Xoşbəxtlikdən başına hava gələr adamın!

      Daş


Скачать книгу