İdeal. Muğanna İsa
Читать онлайн книгу.onunla üz-üzə gəlməyə dözməyib, nə isə bir əlamətlə öz daxilini göstərməyə məcbur olacaq və elə o əlamət də kifayət edəcək ki, Səməd hər şeyi onun gözünün içinə desin, yaxasından yapışıb lazımi yerə təhvil versin, cəzasına çatdırsın.
Əmma Səməd onu da yəqin bilirdi ki, nə qədər kükrəsə də əvvəlki Səməd deyildi. Vaxtilə Qudalılara qan udduran “Dəli Səməd” üzünü şeyx əmilərinin qəbirlərinin başdaşılarının şəkillərinə söykəyib yatıb, oyanmamışdı. İçərisində “cəhənnəm kürəsi” gəzdirən Səməd isə, əlbəttə, tamam başqa Səməddi və bu Səməd öz kürəsində yana-yana, istər-istəməz düşünürdü ki, Çax-çux Xalıqın bu qədər ardıcıl yayına-yayına sirr saxladığı tamamilə aydındısa, bəs Sultan əmi o sirrə niyə laqeyddi? Hələ hadisə yerində şübhələnib “bəlkə qəsb işidi” dediyi halda, sonra niyə fikrini dəyişmiş, NKVD Gülənovun sözlərini təkrar edən Cəfər əmi – Lüt Cəfərlə birgə o da təkrar edib “qəsd işi yoxdu” demişdi? Sultan əminin də belə deməyinin özündə də nə isə bir sirr yoxdu ki?!
Cavabsız suallar da bir cür “cəhənnəm kürəsi” idi, bu kürəyə düşəndə Səməd qovrula-qovrula qalıb heç yana çıxa bilmirdi.
Ola bilərdimi ki, Səməd ömrü boyu elə-beləcə qovrula-qovrula qalsın, Çax-çux Xalıq da elə o cür – gözdən yayına-yayına, “çax-çux eləyə-eləyə” qocalıb ömrünü başa vursun, sirrini də özü ilə aparıb getsin? Təkcə bu sualın cavabı aydın və qəti idi: YOX! Mütləq görüşməli idilər və o hadisə də baş verməli idi.
Əmma iş elə gətirdi ki, nə görüş Səmədin təsəvvüründəki kimi oldu, nə də hadisə. Əvvəlcə yenə Sestra gözlənilmədən yenə yataqxanada görünüb: “Mədəd əmi rəhmətə gedəndə Sultan Mamedoviç özü də çox sarsılmışdı. Əmma keçdi – getdi. Səninki də keçəcək. Çətini Xalıqnan görüşüb kəlmələşənə qədərdi”, – dedi. Sonra Sestra ilə sözləşmiş kimi, o uzun, qara adam özü göründü…
* * *
… Səməd üçün son dərəcə gözlənilməz görkəmdə – başında yaşıl vilyur şlyapa, damağında gümüşə tutulmuş trubka, səhər ertə Bakının sərnişin vağzalının qələbəliyində birdəncə zühur etdi, həm də yayınmaq, gizlənmək əvəzinə trubkasını cəmaatın başı üzərində tüstülədə-tüstülədə özü Səmədə yaxınlaşdı və səlamsız-kəlamsız, müqəddiməsiz – filansız, birbaşa soruşdu:
– Xəbərin varmı, əmin evlənib?
Çax-çuxun üzü qara məxmər kimi işıldayırdı. Gözləri bir cüt Çin fənəri idi – iri, dəyirmi, par-par yanırdı.
– Eşitmədinmi, qadası?.. Deyirəm əmin evlənib.
Səməd özünü itirmişdi.
– Sultan əmi?.. Necə yəni evlənib?!
– Hm, bildim elə təəccüblənəcəksən… Məktəb uşaqları elə bilirlər, müəllim nə çörək yeyir, nə su içir, nə də ayaqyoluna-zada gedir… Əlli yaş nədi ki kişi olandan ötrü! Evlənib də!
– Qıymat?
– Yox, Qıymat deyil… Qıymat heç yadına da düşməyib… Qız başqasının istəklisiymiş. İşin bu tərəfi qəlizdi bir az. O oğlannan düşmənçilik olmasa yaxşıdı… Hə… Çoxdan görüşmürdük biz sənnən qadası. Vaqonda gələcəm yanına. Hökmən!.. Cavan oğlansan, nə bilirsən nələr olur bu dünyada!.. Gələcəm. Hə… Tez-tez görüşəcəyik bundan sonra. Hə…
Fənərlər qapandı, trubka tüstülənə-tüstülənə uzaqlaşdı, bir də on saatdan sonra, sarsıntılı, çaşqın Səməd çamadanını bağlayıb düşməyə hazırlaşanda, gəlib kupedə tüstüləndi.
– Sən çatırsan… Kəndə getmirəm mən… Sədr Mədəddən sonra yaman dəyişib cəmaat. Müharibənin qatı vaxtı o rəhmətlik azı on manat paylatdırardı əməkgününə23. Bizim Qudalıların ağsaqqalı Rəhimin iki arvaddan on qızı işləyirdi. Ayda hərəsi üç yüz manat qoyurdu Rəhimin qabağına. O aclığın-gicliyin içində əməlli-başlı dolanırdı cəmaat, mən kimi çax-çuxnan baş girləyənləri də dolandırırdı, hə… Elə deyil indi. Qatıqsatan, alçasatan olub hamısı. Manatı manatın üstünə qoyurlar. Bir qəpikləri çıxanda canları çıxır. Əmbə kənddən ayağımı kəsməmişəm hələ. Hə… Gəldim deyim ki, mayda olub o iş, dörd ay bundan qabaq. Deyirlər elə birdən-birə evlənmək fikrinə düşüb. Müslümü çağırıb, şoferini, deyib Sultan Əmirli deyiləm mən daha, arşınmalçıyam, gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə… Müslüm elə bilib zarafat eləyir. Sonra görüb yox, iş ayrı cürdü. O gördüyün zəhmli-zabitəli Sultan Əmirli qəşəng geyinib-gecinib, oturub maşında: “ Sür, – deyib, – gözüm harda kimi tutdu, maşına basıb gətirəcəyik zaksa!”
Əmba uğuru xeyir olmayıb, səhər dediyim kimi, başqasının istəklisini tutub gözü, yarıxoş, yarızor gətirib, elə o günü də kəbin kəsdirib.
Qəribə işdi, hə? Təəccüblüdü?
Nə qəribədi, qadası, nə təəccüblüdü. Çox əcaib bir məsələ var bu evlənmə söhbətinin altında. Qaşqabağını nə qədər sallasan da mən bir az da çərənləməliyəm ki, o əcaib məsələnin heç olmasa bir qismi çatsın sənə.
Mənim kürəkənim Məsim orda işləyir, bilirsən, əmiyin yanındadı hələ. Qızım Gülbəniz də, bilirsən gedib-gəlir ora. Demək istəyirəm ki, az-çox mən xəbərdaram əmiyin işlərindən… Keçən il Stalin öləndə yataqxanadan bir həftə çıxmamısan eşiyə, oturub içib, içib ağlayıbsan. Bax, onda hesab elə ki, əmini ağlayıbsan. Stalin ölən günü əmin də ölüb, qaraltısı qalıb stolun dalında, hə! Yadındamı o “Molniya” teleqram? “Prekratite bezobraziye”. Qırmızı qələmnən yoğun, qırmızı xətt çəkmişdi o iki sözün altından, qoymuşdu stolunun şüşəsinin altına. Məsim deyir, hətta Bakıdan gələn böyüklər də səslərini çıxardammırdılar onun qabağında. Dillənən olanda o dəqiqə barmağı dirənərmiş o iki sözün üstə, hamı lal olurmuş. Gülənov nədi, Sayılov nədi, rəhmətlik Mədədin “Mirqəzəb” dediyi “Kişini” özü də o saatca yumşalırmış, gülümsünürmüş: “Həqiqətən sultan olmusan, Sultan Mamedoviç! Hətta məni öz təəbən saya bilərsən, Sultan Mamedoviç!” Hə, gör kim təbəymiş əminə – Mirqəzəb! Elə böyütmüşdü onu o teleqram!.. İndi elə deyil. Hakimiyyəti, hökmranlığı qurtarıb əmiyin, qadası. Gündə bir ziyalı öldürülür rayonda. Özü də elə o cür: sağ gicgahdan iti çəkicnən vururlar deyirlər. Kimlərdi o usta qatillər? Hamısı eyni cür vurur ki, guya çox adamın yox, tək adamın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı. Qırx səkkizinci -əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər! Hə… Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər şeyə! Keyfindədi! Hə… Özü də yaxşı bilir ki, bu gün – sabahlıqdı. Uzaqbaşı, konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları. Bizimki oktyabrda olur həmişə. Deməli, ikicə ay qalıb. Yeşikdən çıxmayacaq