Məhşər. Muğanna İsa
Читать онлайн книгу.belə, bu axşam oğlunu soyuq qarşıladı. Gövhərşahın arxasınca, onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar-əsnaf oğulları, köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılınc qəbzəsinə, sol əllərini bürünc sinəbənddə həkk olunmuş öküz başının[28] üstünə qoyub təzim etdilər. İbrahim, hərəsi bir əsgərxas qoşununun[29]başında, Şirvanı əriş-arğac gəzdikdən sonra əliboş qayıtmış bu baha-dırların heç üzlərinə da baxmadı. Öz açarçısı ilə birgə, şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü. Onlar üç nəfərdi.
Gövhərşah əvvəlcə üçünü də bir yerdə, «Şeyx Fəzlullahın xəlifələri» adı ilə, sonra yoldaşlarından bir neçə addım qabaqda dayanmış ucaboy gənci Seyid Əli ibn Məhəmməd, arxadakılardan üzü tamam qırışsa da, iri gözlərindən zəhm yağan pərbudaqlı adamı mövlana Mahmud, onun yanındakı dəyirmi sifətli, pəhləvan siqlətli gənci isə rəis Yusif adı ilə təqdim etdi.
İbrahim Fəzlin müxtəlif şəhərlərdə gizlin şəraitdə işləyən və Fəzllə də həmişə gizlin görüşən batin xəlifələri haqqında demək olar ki, heç nə bilmirdi. Son vaxtlar yalnız Yusifin adını çox eşidirdi. Əmin Məhrəmin məlumatına görə, Yusif əslən təbrizli idi. Əvvəllər əxi[30] içində qəssab imiş; Təbriz əxiləri icma daxlində qardaşlıqla kifayətlənib, din və dövlət işlərinə qarışmadıqlarına görə, onlardan ayrılıb bir müddət hərbiyun olmuş və nəhayət, hürufilərə qoşulmuşdu. «Fəzl müridi» adı aldıqdan sonra isə Yusif Fəzlin Təbrizdəki gizlin məkanında-Əxi Qəssab iqamətgahında rəis olmuşdu. Təbrizdən çıxanda Şeyx Fəzlullah onu birdən-birə xəlifə təyin etmiş, Bakıda iqamətgahını yenə də onun ixtiyarına vermiş, Bakıdan çıxanda isə nədənsə Şirvan xəlifəsi mövlana Mahmudun işlərini də ona tapşırmışdı. Odur ki, Gövhərşah rəis Yusif adını çəkəndə İbrahim dərhal başa düşdü ki, demək, Fəzlullahı gizlədən həmin bu hərbiyun xəlifədir. Amma onun bütün diqqəti irəlidəki gəncdə idi. Qəzəlləri və rübailəri Şirvan xanəndələrinin dilindən düşməyən bu şairi o çoxdan tanıyırdı.
Onun hakimiyyətinin ilk illərində Şamaxıda yerli farslardan Katibi adında şair çox məşhur idi. Hələ Huşəngin zamanından farsca qəzəl və qəsidələri ilə saray məclislərinin ruhunu oxşayan Katibi, İbrahimi də qəsidə ilə qarşılamış və o vaxta qədər görünməmiş bir miqdarda ənam-on min qızıl dinar almışdı. Lakin tacgüzarlıq günü ziyafətgahda qiyam başçıları gözlənilmədən səs-küy qaldırıb Katibidən rəncbər şahı hamının başa düşdüyü dildə mədh etməyi tələb etmiş, Katibi isə türkcə tək bir misra: «Tikandan bərgki-gül hasil olmazadeyib məclisdən çıxmış və o vaxtdan sərxoşluğa qurşanmışdı.
İbrahim uşaqlıqda və ilk gənclikdə Qazi Bayəzidin mədrəsəsində rəsmi fənlərin tədrisini tamamladıqdan sonra müəlliminin kitabxanasında siyasətə və dövlət idarəsinə dair kitablarla bərabər Şirvan şairlərinin divanlarını da eyni aludəliklə mütaliə etdiyinə görə sözün qiymətini yaxşı bilir və Şəki civarında kiçik bir mülkdə oturan Mənüçöhr törəməsinin bütün Şirvanda nə yolla məşhurlaşdığını heç vaxt unutmurdu. Odur ki, Katibini küsdürənlərin günahını bağışlaya bilmirdi. Əmir Teymurla müqavilə bağlanılan ili, bu münasibətlə düzəldilmiş ziyafətdə bir nəfər də şair tapılmadıqda, İbrahim əmr etdi ki, günahkarlar, Katibi ilə dostlarının daimi məskəninə çevrilmiş, meyxanə küncünə gedib, vaxtilə dillərindən çıxmış kobudluğa görə şairdən üzr istəsinlər və car çəkib, Şamaxıda şeir deməyə qabil kim varsa, hamısını ziyafətgaha dəvət etsinlər.
Günahkarlar sırasında təzəcə Bakı hakimi və bəhrəssədr[31] təyin edilmiş Hacı Firidun da vardı. Xoşrəftar və rəhmdil rəncbər şahın gözlənilməz sərtliyindən özlərini itirmiş təbəələr dərhal dağılışanda Hacı da qalxıb getdi və haradansa solğun bənizində iri gözləri gecə kimi qaranlıq görünən bir gənc tapıb gətirdi.
O vaxt bu gənc şairin on altı, on yeddi yaşı ancaq olardı. Heç üzündə tük də yoxdu. Ancaq yaxşı ailədə tərbiyə almış bir yeniyetmə kimi,şah hüzurunda əsla sıxılmadan, təmkin və ləyaqətlə danışmağa başlayıb, rəncbər şahı tərifə layiq sözü olmadığını söylədi. Hacı Firidunun çaşqınlığını gördükdə isə, şahın sağ tərəfində, vəzirlər vəziri Qazi Bayəzidlə yanaşı kürsüdə oturub qızıl camda şərab içən Katibiyə baxıb, yaşına yaraşmayan arifanə bir təbəssümlə: «Amma tikandan bərgi-gül hasil edə bilirəm,»– dedi və elə bununla, söz sərrafı olduğunu sübut etdi. O günü və sonralar İbrahim bir neçə dəfə bu gəncin rübailərinə və ud çala-çala oxuduğu aşiqanə qəzəllərinə qulaq asdı.
Xüsusilə rübailər xoşuna gəlirdi. Çünki bu gəncin rübailəri onun anasının bayatılarına bənzəyirdi. O bayatıların nəyə qadir olduğunu yaxşı bildiyi üçün İbrahim «türkün tikanlı dilindən bərgi-gül hasil edən» bu rübailərin qüdrətini də dərhal duydu və elə birinci gün tapşırdı ki, bu gəncdən muğayat olsunlar, Şirvanın şairlərini düşgünləşdirən meyxanələrdən saqındırıb qorusunlar, çünki kamala dolanda bu gənc Gülüstan sarayının gülü, şahın mötəbər ədibi və cəmi Şirvan əhlinin istəklisi olacaq.
Lakin tezliklə İbrahimə xəbər verdilər ki, o şair Şamaxını tərk edib gedib. Əvvəlcə dedilər, Bakıda Şeyx Fəzlullahın qızına aşiq olub və qızı ona vermədikləri üçün məcnun kimi çöllərə düşüb. Sonra dedilər şeyxin kitablarını oxuyub hürufi olub, teymurilərin dağıtdıqları şəhərlərdə, obalarda dolaşır. Xülasə, o gedən getdi, bir də qayıtmadı.
O illərdə İbrahim, Şamaxıya vaxtlı-vaxtında duz, neft və balıq göndərə bilməyib hakimyyətdə təcrübəsizlik göstərən Hacı Firiduna kömək məqsədilə tez-tez Bakıya səfər etməli olurdu. O səfərlərindən birində Bakıda İbrahim təəccüblü bir hadisəyə təsadüf etdi.
Sifəti kəhrəba rəngində, arıq, uzun bir gənc, bazar barısının üstündə dayanıb, şah pişvazına çıxan camaata müraciətlə şeir oxuyur və «Ənəlhəq» qışqırırdı.
İbrahim dönüb Hacı Firiduna baxdı: «O gənc göydən düşüb, nədir, bilmirmi ki, onun dediyi sözü ucadan demək olmaz? Çağır onu, tənbeh elə, bir də belə iş tutmasın», – dedi.
Lakin Hacı Firidun şah buyruğundan boyun qaçırdı: «O Nəsimidir, şahım. Öz ustadı, mühiti-əzəm şeyxi ona qışqırmağı qadağan etmir, mən nəkarəyəm qadağan edim?» Nəsimi adını eşitdikdə, İbrahim istər-istəməz cilovu çəkib, bir daha o gəncə baxdı və bu dəfə onu tanıdı.
Qazi Bayəzid, həmişəki kimi, şahın sağ tərəfində, hamıdan yaxında idi; daim sərxoş Katibi ilə dostlarının İbrahimə xoş gəlmədiyini bildiyi üçün, onun üzündəki marağı görən kimi məsləhət verdi: «İndi ki, yeri bəlli oldu, buyur daha burdan bir yana getməsin, qayıdanda özümüzlə dərgaha aparaq».
Amma İbrahim razı olmadı. Şairin əynindəki bəyaz xirqəyə işarə edib: «Yox, qazi, o mənim hakimiyyətimdən
28
Öküz – yerin dayağı rəmzi, şirvanşahların totemi.
29
Əsgərxas qoşunları (bir qoşunda yüz seçmə əsgər) yalnız sarayın mühafizəsi üçün hazırlansa da, şahın şəxsi tapşırıqlarına da əməl etməli idi.
30
Əxi – “qardaş”, VII əsrdən başlayaraq əvvəlcə ərəb ordularında əsgərlik edən azərbaycanlılar asrasında, sonra bütün Yaxın Şərqdə peşəkarlar arasında geniş yayılmış hərəkat.
31
Dəniz işləri üzrə vəzir.