Azərbaycan şairi Nizami. Мамед Эмин Расулзаде
Читать онлайн книгу.ildən bəri İslam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı bu hakimiyyətdəki sabitlik Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdir.
Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər. Bu yerli elita isə feodal (dehqan) qəsrlərində qorunan fars dili və mədəniyyəti ilə təmasda idilər.
İnzibati və siyasi mülahizələrlə yerli məmurlara arxalanan türk hökmdarları, Abbasilərdə olduğu kimi yalnız yerli mədəniyyətin ictimai və daha çox siyasi təsisatlarının təsirinə düşməklə qalmırlar. Bunlar, eyni zamanda özlərinə ərəbcədən daha asan gələn fars dilini də qəbul edib, onu rəsmi və ədəbi həyatda mühüm bir mərtəbəyə qaldırırlar. Əslində, bu türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri və müşayiəti ilə qəbul edirdilər46.
Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarilə ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə çox təbii olaraq arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar.
Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər.
Yüzillər keçdikdən, türk köçəriləri yerləşdikdən və hərbi birləşmə həyatından çıxıb şəhərliləşdikdən sonra türk çadırı ilə obalarında yaşayan milli mədəniyyət kimi türk dilinin də saraylar və divanlarda yaşadılması barədə fikirləşilir.
İslamiyyətin amansız düşməni kimi çıxış edən monqollar ilk dövrlərdə ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir.
Teymur fəthlərindən sonra Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə, türk ziyalıları ilə hakim siniflər arasında farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır.
Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, Şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvainin məclislərində, Qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının (ilk dövrlərdə)47 saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur.
Cığatay türkcəsi ilə azəri türkcəsinin inkişafı XVI əsrdən sonra bir sıra siyasi dəyişikliklər üzündən nisbətən yavaşıdığı halda Anadoluda qurulmuş böyük imperiyada Osmanlı türkcəsi təbii təkamülü ilə irəliləmiş və bütün qüvvəsi ilə çiçəklənərək nəhəng bir ədəbiyyat meydana gətirmişdir.
Yeni müsəlman-İran ədəbiyyatının türk hökmdarları və dövlət adamlarının himayəsi altında meydana gəlməsi bizi maraqlandıran dövrlərə aid ədəbi sənəd və abidələrin səthi araşdırılması ilə də nəzərə çarpır. Klassik İran ədəbiyyatının əsas əsərləri bu və ya digər türk xaqan və sultanına ithaf edilmişdir. Bundan başqa türklərə məxsus keyfiyyətlər fars ədəbiyyatının məcazi ifadələrində çox mühüm bir yer tutur. Hətta türk hökmdarlarına aid şəxs və ya soy adları belə şairlərin dilində məcazi bir ifadə kimi işlənmişdir48.
Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq Şərq İslam mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunmuşdur. Bu rol XII əsrdə Azərbaycana keçmişdir.
V
AZƏRBAYCAN XII YÜZİLLİKDƏ
XII əsr böyük Səlcuq imperiyasının süqut dövrünə təsadüf edir. Məlikşahdan sonrakı vərəsəlik qovğaları üzündən tənəzzül edən böyük səltənət yerli əmirliklər və atabəyliklərə parçalanmışdı. Məhz bu dövrdə İslam Şərqi Qərbdən xaçpərəstlərin, Şərqdən isə bütpərəst monqolların basqınlarına məruz qalmış, əsrlik mədəniyyət süquta üz qoymuşdu.
Bu qarışıqlıq və səbatsızlıq dövründə Anadoludakı Konya sultanlığı kimi Şirvan şahlığı ilə Azərbaycan nisbi əmin-amanlıqda qalmış, Şərq İslam mədəniyyətinin, xüsusən, klassik İran ədəbiyyatının önəmli sığınacaqlarından biri olmuşdur.
Gəncə ilə Şamaxı bu dövrdə Yaxın Şərqin bir mədəni mərkəzi idilər. Əslində, şeirin ən parlaq nümayəndələri və İran ədəbiyyatında mühüm yer tutan ustadlar burada yaranmış məktəbdə yetişmişdilər.
Məmləkətin o zamankı ədəbi mənzərəsi haqqında ümumi bir təsəvvür verə bilmək üçün Nizami ilə müasir, Şirvan şahlığı və Azərbaycan atabəyliyi sarayları ilə əlaqədə olmuş ən mühüm şairlərin bir siyahısını gözdən keçirək:
1. Əbül-Üla Gəncəvi – Şirvanşahlardan Məhəmməd Mənuçöhr ilə oğlu Axsitanın saraylarına mənsub şairlərindən Xaqani və Fələki onun şagirdləridir. Xaqanidəki böyük şairlik istedadını görərək onu Şirvan şahına təqdim edən və ona “Xaqani” təxəllüsünü verən odur. Şeir biliciləri Əbül-Ülanın böyük bir əhatə və sənətkarlıqla yazılmış əsərlərini Xaqaninin əsərlərinə bərabər tuturlar. Müasirləri ona “şairlər ustadı” demişlər. Fəxriyyələrindən birində “Gəncəlilər mənimlə fəxr edirlərsə, yeri var” – deyir49;
2. Xaqani Şirvani – Narahat və coşqun bir həyat yaşamış bu şair klassik İran ədəbiyyatının məşhur simalarındandır. Onun Şirvanşah Axsitanın rus basqınçılarına qarşı müharibədəki qələbəsini təsvir edən parlaq qəsidəsi məşhurdur. Şirvan şahlarından