Təbriz namusu. Фарман Керимзаде

Читать онлайн книгу.

Təbriz namusu - Фарман Керимзаде


Скачать книгу
Lakin… insan eyni vaxtda iki səmtə yüyürə bilməz.

      Səhəri dirigözlü açdı. İlxılar otlaqlara çıxanda, qoyunlar yaylıma qalxanda Yekə Nidun onun dalınca boyatlı nökəri göndərmişdi.

      –Xatun, Yekə Nidun səni baş şamanın çadırına çağırır.

      Bu sözləri eşitcək elə bil qəlbində bir tel qırıldı, ayaqlarını dizdən tutub saxlayan saplar üzüldü. İşarə etdi ki, nökər çadırdan çıxsın. Bir neçə an özünə ələ almağa çalışdı və qətiyyətlə qalxıb geyinməyə başladı. Qırmızı qumaşdan şalvarını geydi, bu şalvar sol tərəfdən açıq idi. Amma üstündən kürkünü əyninə aldı. Bu kürk naxışlarla işlənmişdi. Söyüd budaqlarından hörülüb, üstünə qumaş çəkilmiş dingəsini – boğtacı başına qoydu. Boğtacın kənarlarından uzanan örtüklər onun saçlarını və boynunu örtür, kürkünün üstündən sallanırdı.

      Bütün geyimi başdan-başa qırmızı rəngdə idi. Onun əlləri və sifəti bu qırmızı rəngin içərisində daha işıqlı görünürdü. Qorxu üzünün dərisini bir az da ağartmışdı. Paltarın rəngi qurumuş qan rənginə çalırdı ki, bunu da özü qəsdən seçmişdi. Çünki istəmirdi ki, qanı töküləndə görünsün.

      Alan-Qoa çadırından çıxıb, şahanə yerişlə baş şamanın çadırına tərəf yeridi. Alaçıqlardan ona baxanlar da az deyildi. Qadınlardan bəzisi üzünü gizlədir, bəzisi göz yaşlarını gizlətmək üçün baş əyib, təzim edirdilər.

      Şamanın çadırının qapısı açıq idi və ortada bütün fəsillərdə olduğu kimi od yanırdı. Şaman uzun saqqalı, əynində qoyun kürkü, qucağında qobuz tutan yaşlı bir adam idi. Divarlarda müxtəlif heyvanların buynuzları asılmışdı. Üstündə oturduğu ayı dərisinin başı üstündə idi və onun da qabaq dişləri ağappaq görünürdü. Tayfanın xeyri də, şəri də şamanla bağlı olduğundan, böyük nüfuz sahibi idi. Yəqin ki, onu öz ocağının başına çağırmaqda məqsədi ərinin yanına getməsini məsləhət görmək idi.

      Alan-Qoa çadırın yanına qədər gəldi və dayanıb, dingəsindən sallanan bahalı yellənlərdən birinin yanından bir şırım qoparıb, onun alaçığının qapısına bağladı. Şamanın ağ keçə alaçığının hər tərəfindən belə rəngbərəng parçalar sallanmışdı ki, bunlarla ona ziyarətə, məsləhətə gələnlərin sayını bilmək olardı.

      Şaman öz işində idi və qopuzda qədim bir hava çalırdı. Elə qəmli, düzənlər kimi elə sonsuz və nəhayətsiz idi ki, onu eşidən Alan-Qoa qəhərləndi. Qopuzun səsi batıq və sirli idi.

      Alan-Qoa içəri girib, bir an duruxdu. Şamanın qarşısında, ocaqla qapı arasında iki keçə salınmışdı. Onlardan biri ağ, biri isə qara idi. Xatun ağ keçəyə yaxın olsa da, bir addım atıb, qara keçənin üstünə keçdi və orada diz üstündə oturdu.

      Şaman başını yox, kirpiklərini qaldırmaqla onun bu hərəkətini gördü və dedi:

      –Qara keçə üstündə qara fikirli, qara əməllər tutan, qaranlıq bir ölkəyə səfərdə olanlar oturar. Keç ağ keçənin üstünə, qızım, hey!

      –Şaman baba, ər igidim gedər-gəlməz oldu. Dünyam, bəxtim qara gətirdi. O mənim də qismətimdir.

      –Yox, qızım. Sən ağ keçənin üstünə keç. Ağ günlər gördün, ağ günlər yaşadın, ağ əməllər tutdun. Keç ağ keçəyə.

      Alan-Qoa yerini dəyişib, ağ keçə üstündə diz çökdü.

      –İndi eşit, qızım xatun! Sənin bircə qara əməlin var. Şaman baba sənə desin!

      –Mənmi qara əməl tutdum?

      –Sən tutdun, qızım xatun!

      –Hansıdı o əməl?

      –Ərin öləni çoxmu keçdi, söylə?

      –Yox, çox keçmədi ərim öləni.

      –Bəs onda nədən qırmızı geyinib gəldin?

      Alan-Qoa halını pozmadı.

      –Mən ər igidimin yanına toy paltarında getməyə gəldim, şaman baba!

      Şaman yanındakı saxsı qabdan nəsə götürüb ocağa atdı və alaçığa xoş bir qoxu yayıldı. Qopuzunu dizinin üstünə endirib, qəribə bir oynaq hava çaldı. Sonra eynən həmin qəribə ahənglə danışmağa başladı, dedi:

      –Ya tanrım, ya tanrım, ya tanrım! Hey, hey, hey! Ey tanrım, yanılanda mənə yardım et! Ey qopuzum, qaçaq atın quyruğundan tel yapdığım qopuzum, doğru gör, doğru söylə. Söyləməsən, qulaqlarını buraram, su ilanı kimi çevrilib-açılıb üstünə gələrəm. Doğru danışmaqda mənə yardım et. Ey telli tanrım. Şaman tanrının quludu, qopuz şamanın. – Bundan sonra şaman uzun bir dua oxudu, coşdu, köpükləndi, kükrədi, sonra sakitləşib, qopuzu bir tərəfə qoydu. – Xanım qızım, bu çaldığım qopuz deyil, göy üzüdü. Göylərin sözünü danışandı. İldırım da ondadı, şimşək də. Sənin sözündən qopuz da cuşa gəldi, şaman baba da. İgid ərinin yanına getməyini toy-bayram bilən xanım qızım! Mən göylərlə danışdım. Tanrılar sənin qurban getməyini istəmir! Tanrılar deyirlər ki, hər gedən özü ilə bir nəfər aparsa, dünya boşalar, analar azalar, igid oğul, mərd qız doğan qızlar getsə, onları kim doğacaq? Kim?

      Alan-Qoa onun sözünü yarımçıq kəsdi:

      –Mən bundan sonra ər evinə gedəsi, oğlan doğası deyiləm, şaman baba. Qoy sonsuz bir qızını, qısır sığınını qəbul etsin.

      Bu dəfə də şaman ocağa nəsə atdı və ordan hirsli, ağ bir alov püskürdü.

      –Yox, göylər, tanrılar sənin dediklərindən hirslənirlər. Onlara itaət etmək borcundur.

      Gəlin qalxdı.

      –İtaət borcumdur, – dedi. – Növbəm çatanda ər igidimin yanına getməyi səbirsizliklə gözləyirəm.

      –Xanım qızım! Körpələrini ataları kimi igid böyütməyi sənə həvalə etsəm də, onları qara, çovğuna, qovğaya, çətinliyə, aclığa öyrət.

      –Özgə fikrim də yoxdur, ey ulular ulusu!

      Bu sözləri alaçığın arxasından qulaq asan Yekə Nidun eşidir və içi hirsdən qovrulurdu. O, şamanla əvvəlcə danışmış, amma onu dediyinə razı sala bilməmişdi. Alan-Qoadan sonra o, qardaşı uşaqlarını da aradan götürməyə, o dünyaya ötürməyə qəti söz vermişdi. İndi fikirləşdikləri tamam alt-üst olmuşdu.

      Bəli, o vaxt belə olmuşdu. Bəs indi?

      Axı, röyada hər şey həyatda olduğu kimi baş vermişdi! Bütün vücudu, varlığı, ehtirası hərəkətə gəlmişdi. Gözünü açanda iş işdən keçmişdi, amma o heç bir kişinin izini-tozunu alaçıqda görməmişdi. Həyat kimi şirin anlar ölüm kimi zəhərə dönmüşdü. Qalxıb qaranlıqda çaxmaq-qovu tapdı. Çaxmağı çaxıb, qığılcımla bir tikə pambığı alışdırdı. Çindən gətirilmiş od qiymətli bu pambıq öləzidi, sonra yaşıl bir alovla yandı. içəriyə zəif işıq düşdü. Amma ondan, balalarından başqa alaçıqda yenə heç kəsi görmədi. Heç kəs yox idi və alaçığın ağzındakı palaz axşamdan necə közənmişdisə, eləcə də dururdu.

      "Yuxudu… Belə şey olar?.. Keçib gedər". Onu dəhşət götürmüşdü ki, yuxusuna nə üçün əri yox, başqa kişi girmişdi? O, özünü böyük günah sahibi


Скачать книгу