Təbriz namusu. Фарман Керимзаде

Читать онлайн книгу.

Təbriz namusu - Фарман Керимзаде


Скачать книгу
onlar da, heç olmasa, görünmürlər ki, birlikdə pıçıldaşsın, dərdini, heç kimə deyə bilməsə də, tək-tək ulduzlara açsın.

      Birdən möcüzə baş verdi. Ulduz əvəzinə bacada şüa göründü, bütün dairə işıqlandı və həmin şüa aşağıya, düz onun üstünə şığıdı, gözlərini qamaşdırdı. Qoa vahimə içində gözlərini yumdu. Birdən-birə canında, varlığında xoş bir rahatlıq, qəşəng bir ləzzət duydu.

      Gözlərini açdımı, yumdumu, heç özü də bilmədi. Qırmızı saqqallı, mavi gözlü kişi göründü. Həmin şüa yox idi, o dönüb insana bənzər bir varlıq olmuşdu, tanrı…

      Qoa huşunu itirdi. Amma huşsuzluqda dünya zövqləri içində üzürdü və heç cür qışqırıb bir söz deyə bilmirdi.

      Bu hadisə hər gecə təkrar olunur. Səhərə yaxın onu xəcalət təri basır, ölüm qorxusu bürüyürdü. O, şüaya elə öyrənmişdi ki, vaxt çatanda gözləri bacada qalır, elə bil əsil sevgilisini gözləyirdi. Son günlər hətta onun gecikə biləcəyindən belə qorxurdu. Birdən gəlməsə, birdən onu unutsa, necə olacaq? Tanrı sevimli ərini əlindən aldısa, demək onu sevirmiş, onun əvəzində bu şüanı, bu xəyal oyununu verdimi ona? "Qadınlıq heysiyyətimi öldürmədi, tapdalamadı, lakin yadlara qismət olmağa qoymadı, məni xəcalətli etmədi". Şüa onu ərinin sağlığında, onun böyründə olduğundan da şövqlü, ondan da ehtiraslı etmişdi. Amma bir fərqi vardı ki, şüanı nə qucaqlaya, nə bağrına basa, nə də öpə bilirdi. Onun gül dodaqları quruyub çat-çat olurdu. Alan-Qoa ərinin vaxtında olduğu kimi yatağa girməmişdən əvvəl ətirlənir, arınıb-daranır, özünü bu görüşə hazırlayırdı.

      Hərdən çox həyəcanlı fikirlərə düşürdü.

      "Bəlkə də bu, düşmənlərimiz olan çinlilərin hiyləsidir? Axı, onlar bizim tayfadan çox-çox əziyyət görüblər. Ərim onlardan xərac da alırdı, əsir də götürürdü. Dediyinə görə, çoxlu qanlar da tökülürdü. Həm də o uzaq yerdə yaşayan çinlilər çox sehrbazdılar. Onların şamanları istədikləri cildə düşə bilirlər. Bəlkə də onlar heyflərini onun ərindən bu yolla çıxmaq istəyir, intiqam alırlar? Bəlkə o qırmızı saqqal, mavigözlü kişiyə çevrilən şüa işıq deyil, məkr adlı bir qəlbi zülmətdir? Bunun nəticəsi pis ola bilər. Axı, şaman baba həmişə deyir ki, bu dünyada hər şeyin əvəzi var. Pislik edərsən, qarşına pislik çıxar, yaxşılıq edərsən, yaxşılıq. Yox, bu ola bilməz. Bu yalnız xəyaldır, yuxudur, ovsuna bənzər bir şeydir".

      Belə vaxtlarda Qoaya qəribə gəlirdi ki, bəs niyə o varlıq dəyişib? Şüa onun sevgilisinə dönüb? Hər gecə onun yolunu səbirlə gözləyir. Neçə gecədir ki, görüşürlər. Amma nə o danışa bilir, nə də ki, qırmızı saqqallı, mavigöz kişi – şüa.

      "Bu axşam onu danışdıracağam. – Pıçıltı ilə dedi. – Yox, qonşu alaçıqlarda eşidib, şübhəyə düşərlər. Yox, danışdırıb, onun insanmı, cinmi, ruhmu olduğunu bilməliyəm".

      Ruh deyəndə qorxuya düşdü. Ona görə qorxuya düşdü ki, onun əri də ruhlar dünyasında yaşayırdı və həmin bu ruhla görüşə bilərdi. Həmin ruh onun yanında qürrələnə bilərdi, deyərdi ki, hər gecə sənin sevdiyin, namusdan danışdığın qadının yanına gedirəm. Onunla səndən də artıq məhəbbətliyik. Bəs onda Dobun-Bəyan o dünyada xəcalətli qalmazmı? Onu barmaqla göstərib "namusuzdur" deməzlərmi?

      Buna da özünü inandırmamağa çalışdı. Lap desə də Dobun inanmaz. Bəlkə onun kimi buraya uçdu və kənarda onun alaçığa girdiyini gördü, çadırın bacasında oturub baxdı, onda necə?

      "Bəs bu gün nə üçün soruşmadın? Axı, dünən buna söz vermişdin? Bəs niyə onu sorğu-suala tutmaq yadından çıxdı?"

      Yadına düşdü ki, şüa-işıq qırmızı saqqal, mavigöz kişiyə çevriləndə onu maraq yox, qorxu dolu bir şəhvət hissi bürüyür. Elə bir qorxu ki, dinsə, bu gözəllik əlindən çıxar. Elə şəhvət ki, dili-dodağı quruyur. Udqunmağa da taqəti, imkanı qalmır. Onda nəinki Dobun, heç yanında yatan körpələri də yadına düşmür.

      Bəlkə də onu buraya Dobunun özü göndərir? Məni sınamaq istəyir. Əgər belədirsə onda sınaqdan çıxmamışam. Onun yanına getməyin yeri qalmayıb. Görəsən, o dünyada da qadınlar kişilərlə birgə olacaq, yoxsa ayrı-ayrı? Ah, mən nə fikirləşirəm?! Deyəsən, dəli oluram. Belə şeyi dəlilər görər, dəlilər danışar. Bu fikir onu lap qorxuya saldı. Fikirləşdi ki, görsün doğrudanmı dəlidir? "Yaxşı, dəli olsam, hamı bunu bilər, körpələrimi əlimdən alar, özümü də öküz gönündən hörülmüş kəndirlə dirəyə sarıyarlar. Hələ ki, belə bir şey yoxdur. Tanrı, sənə şükür!"

      Amma hiss etmişdi ki, kənizləri ona əvvəlki kimi yox, çox qəribə baxırlar. Birtəhər, heyrətlə, qorxa-qorxa baxırlar. Bunun səbəbini indi başa düşdü.

      Səhərisi gün, uyğur ellərindən əsir tutub gətirilmiş kənizini yanına çağırdı:

      –De görüm, mənə niyə belə baxırsan?

      Kəniz onun qarşısında ikiqat olub, diz üstə çökdü:

      –Böyük xatun, mən sizə pis məna ilə baxmıram. Mənim nə haqqım var ki, ayrı cür də baxım?!

      O, kənizin saçlarını sığallayıb mehribanlıqla dedi:

      –Məndən qorxma, düzünü de.

      Kəniz bir az fikirləşib, soruşdu:

      –Böyük xatun, bunlar hamısı doğrudur?

      Alan-Qoanın rəngi ağardı. Demək, o, sirri bilir! Demək, bütün obaya da yayılıb. Amma o, kənizə ürəyini aça bilməzdi. Əksinə, açıla biləcək hər şeyi hamıdan gizlətməliydi. Ona görə də onun sualına bir müddətdən sonra sualla cavab verdi:

      –Nə doğrudur, Çiçək qız?

      –Doğrudanmı ərə gedirsən?

      –Kimə?

      –Yekə Niduna.

      Qadının rəngi üzünə qayıtdı. Demək, onun sirrini özündən başqa heç kim bilmir. Arxayınlaşandan sonra dedi:

      –Çiçək, səndə xəbər varmış!

      –Nə bilim. – Kəniz peşman-peşman dilləndi. O, cəsarəti, hər şeyi bilmək istəyi ilə xeyli dərinlərə gedib çıxmışdı və buna görə də ağır cəza ala bilərdi.

      –Bunu sənə kim dedi? Axı, mənim barəmdə nə danışırlarsa, hamısını bilməliyəm, danış.

      –Sən şaman babanın yanına gedib qayıtdıqdan sonra obada söz gəzirdi ki, Yekə Nidun şaman babanı razı salıb ki, sizi nikahlasın.

      –Yox, belə deyil. – O, əlacsız qalıb, şamanla danışdıqlarını kənizə ətraflı nəql elədi. – Görürsənmi, belə deyil.

      –Bəs onda…

      –Nə? Açıq danış. De görüm, nə? Daha nə bilirsən?

      Kəniz ondan heç nə gizlədə bilməzdi. Onun hər şeyi bilmək marağı buna imkan verməzdi, o, bilməkdə deyil, həm də bildiyini deməkdə, yaymaqda maraqlı idi.

      Obada danışırlar ki, əgər böyük xanım bu izdivaca razı deyilsə, bəs onda niyə ərinin vaxtında olduğundan da çox ətirlənir, bəzənib-düzənir?

      Bax, bu, həqiqət idi…

      –Axı,


Скачать книгу