Amerika faciəsi . Теодор Драйзер

Читать онлайн книгу.

Amerika faciəsi  - Теодор Драйзер


Скачать книгу
Meyson! Lazım gələndə biz hamımız bir nəfər kimi sizin arxanızda dayanacağıq.

      Meysonun dramatik çıxışından və onun son dərəcə təntənəli, hətta qəhrəmancasına görkəmindən həyəcanlanmış Fred Xeyt ilə köməkçisi prokurora yaxınlaşdılar. Xeyt dostunun əlini əlinə aldı, Erl isə dedi:

      – Müvəffəqiyyət arzulayıram, mister Meyson! Əmin ola bilərsiniz ki, biz əlimizdən gələni edəcəyik. Qızın Qan-Lodj stansiyasında qoyduğu çamadanı yadınızdan çıxarmayın. O çamadan sizin dəftərxananızdadır. Mən onu iki saat əvvəl Bertona verdim.

      – Elədir, doğrudur, mən az qala o çamadanı yadımdan çıxarmışdım – deyə Meyson çox sakit və işgüzar bir halda cavab verdi. Bir az əvvəlki bəlağəti və hissi coşqunluq artıq ötüb keçmişdi. İndi o, qeyri-adi təriflərin təsiri altında idi: o öz fəaliyyətinin bütün bu illəri ərzində heç vaxt belə bir hal keçirməmişdi.

      V F Ə S İ L

      Mister Meyson vəzifəli şəxslərin və Oldenin müşayiətilə dəftərxanasına doğru gedərək, öz-özündən soruşurdu: belə alçaq bir cinayət nədən baş verə bilər? Gəncliyində o, qadın nəvazişindən məhrum olduğu üçün çox iztirab çəkmiş, buna görə də bu cür mühakimələrə, onda bir meyil inkişaf etmişdi. O, Robertanın gözəlliyi və məlahəti haqqında, digər tərəfdən, bu qızın kasıblığı, onun aldığı sərt əxlaqi və dini tərbiyə haqqında fikirləşərək, bu əqidəyə gəlmişdi ki, görünür, həmin gənc və ya ağzından süd iyi gələn oğlan bu qızı yoldan çıxarmış, sonra qız onu təngə gətirdikdə, guya “toy səyahətinə” çıxaraq, bu yol ilə qızdan yaxasını qurtarmışdı. Bunu düşünərkən, Meyson həmin adama qarşı ürəyində hədsiz şəxsi bir nifrət hiss etdi. Alçaq varlılar! Avara varlılar! Pozğun və xəbis varlılar! O gənc Klayd Qrifits də həmin qəbil adamların bir nümayəndəsidir, öz nəslinə layiqdir! İndi nə cür olursa-olsun, onu tutmaq, onu ələ keçirmək lazımdır!

      Meyson birdən düşündü ki, bəzi əlamətlərə görə (artıq aydın idi ki, qız həmin adamla yaşayırmış) bəlkə də Roberta hamilə imiş. Bu təxminləri, onda, belə bir aqibətlə nəticələnən bu eşq macərasının bütün təfsilatına xüsusi bir maraq oyatmaqdan başqa, eyni zamanda başına gələn bu şübhələrin nə qədər doğru olub-olmadığını yoxlamaq üçün ürəyində səbirsiz bir arzu doğurdu. Meyson düşünməyə başladı ki, meyidi yarmaq üçün əlverişli bir həkim tapmaq, – əgər Bricburqda belə bir həkim olmasa, Utika və yaxud Olbeni şəhərlərindən çağırmaq lazımdır. Sonra o, öz şübhələrini Xeytə xəbər verməli və nəhayət, Robertanın üzündə izləri qalmış zərbələrin xarakterini təyin etməlidir.

      Lakin hər şeydən əvvəl Meyson çamadanı və onun içindəki şeyləri gözdən keçirməli idi. O, çamadanı yoxlayarkən son dərəcə mühüm olan yeni bir dəlilə rast gəldi. Çamadanda, Robertanın paltarlarından, şlyapalarından, alt köynəklərindən, bir cüt qırmızı ipək corabından başqa (bunlar, Likurq şəhərində Braunşteynin maqazinindən necə alınmışdısa, eləcə də qutuda qalmışdı), şeylərin içərisində Klaydın milad bayramı münasibətilə Robertaya hədiyyə olaraq aldığı bəzək qutusu da var idi. Qutunun küncündə, boz ipək astarın qatları arasında kiçik, sadə, ağ bir vərəqə qoyulmuşdu. Vərəqənin üstündə: “Klayddan Bertaya. Milad bayramı münasibətilə təbrik edirəm!” sözləri yazılmışdı. Lakin familiya göstərilməmişdi. Həm də bu sözlər çox tələsik bir cızma-qara halında yazılmışdı, çünki Klayd bu sözləri yazarkən heç də Robertaya can atmır, onun yanına getməyə tələsmirdi.

      Bu, Meysonu heyrətə saldı: nə cür olmuşdur ki, qatil bu bəzək qutusunun vərəqə ilə bərabər çamadanda olduğunu bilməmişdir? Yox, əgər bilmişsə və bu vərəqəni çıxarıb atmamışsa, o zaman həmin bu Klaydın qatil olması, ağlabatan şeydirmi? Birisini öldürmək istəyən bir adam, öz əlilə yazdığı belə bir kağızı nəzərdən qaçıra bilərdimi? Bu nə qəribə bir cani və qatil idi? Prokuror düşündü ki, bu vərəqənin tapılmasını məhkəmə gününə qədər gizli saxlasa daha yaxşı olar, əgər cani məhkəmədə qızla yaxın olduğunu inkar etsə, yaxud bu bəzək qutusunu ona bağışladığını boynuna almasa, o zaman qəfildən bu kağızı ortaya çıxarmaq olar. Meyson vərəqəni götürüb, cibinə qoydu. Lakin əvvəlcə Erl Nyukom bu vərəqəni diqqətlə gözdən keçirib dedi:

      – Mister Meyson, doğrudur, mən lap əmin deyiləm, lakin mənə elə gəlir ki, buradakı xətt, Biq Biterndəki mehmanxananın qeyd dəftərindəki xəttə çox oxşayır.

      Meyson cavab verdi:

      – Bunu biz tezliklə müəyyən edərik.

      Sonra Meyson işarə ilə Xeyti, heç kəsin onları görüb eşidə bilməyəcəyi qonşu otağa çağırdı və dedi:

      – Fred hər şey sizin düşündüyünüz kimi deyildir. Robertanın anası, qızının kiminlə getdiyini bilir (Meyson, telefonla Bilts şəhərindən Xeytə xəbər verdiyi məsələni – yəni missis Oldendən, təxmin edilən cani haqqında məlumat aldığını nəzərdə tuturdu). Lakin əgər mən caninin kim olduğunu sizə deməsəm, siz min ildən sonra belə, onun kim olduğunu ağlınıza gətirə bilməzsiniz. Prokuror diqqətlə Xeytin üzünə baxdı.

      – Elədir, Orvil. Bu barədə mənim heç bir təsəvvürüm yoxdur.

      – Siz Likurq şəhərindəki “Qrifits və Şirkəti” firmasını tanıyırsınızmı?

      – Yaxalıq hazırlayan firma deyilmi?

      – Özüdür ki, var.

      – Olmaya firma sahibinin oğludur?

      – Fred Xeytin gözləri elə geniş açıldı ki, bir çox illərdən bəri onun üzündə belə bir heyrət ifadəsi görən olmamışdı. O, günəşdən yanmış böyük əli ilə uzun saqqalından yapışdı.

      – Yox, oğlu deyil. Qardaşı oğludur.

      – Qardaşı oğlu! Semyuel Qrifitsin qardaşı oğlu?! Ola bilməz!

      Dindar, sərt əxlaqa malik olan, siyasət və ticarət işlərilə maraqlanan yaşlı müstəntiq saqqalını əlləşdirərək, çaşqın bir halda Meysonun üzünə baxırdı.

      – Hələlik bütün əlamətlər bunu göstərir, Fred. Hər halda mən elə bu gecə Likurq şəhərinə gedirəm və ümidvaram ki, sabah daha çox şey biləcəyəm. Bilirsinizmi, həmin bu Olden fermerdir, çox kasıb adamdır, qızı Likurq şəhərində Qrifitslərin fabrikində işləyirmiş, fabrikantın qardaşı oğlu Klayd Qrifits isə, görünür, qızın işlədiyi şöbənin müdiri imiş.

      – Belə de, demək belə… – deyə müstəntiq səsləndi.

      – Bu səfərə çıxmamışdan əvvəl, yəni salı gününədək qız bir ay öz evlərində qalmışdır, – o xəstə imiş (prokuror, xəstə sözünü xüsusi bir vurğu ilə tələffüz etdi). Bu müddət ərzində, qız ona ən azı on və bəlkə də daha çox məktub yazmışdır. Bunu mən yerli poçtolyondan öyrəndim. O, and içdi, necə lazımsa eləcə ifadə verdi, onun dedikləri budur, burdadır! – deyə prokuror əlini pencəyinin cibinə vurdu. – Qızın bütün məktubları Likurq şəhərində Klayd Qrifitsin adresinə yazılmışdır. Mən hətta onun yaşadığı evin nömrəsini belə bilirəm. Qızın Likurqda yaşadığı ailənin familiyasını belə bilirəm. Biltsdən oraya zəng etmişdim. Bu gün mən qocanı da özümlə Likurqa aparmaq


Скачать книгу