Hekayələr. Самед Бехранги

Читать онлайн книгу.

Hekayələr - Самед Бехранги


Скачать книгу
Balıq üzə-üzə gedir və fikirləşirdi. Yolboyu təzə şeylər görür, öyrənirdi. Şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin hərarətini hiss edir və möhkəmlənirdi.

      O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb gedirdi. Balaca Balıq suyun çoxalmasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə Rizə balıq onu dövrəyə aldı və soruşdu:

      − Elə bil qəribsiniz?

      − Bəli, qəribəm. Uzaq yerdən gəlirəm.

      Rizə balıqlar dedilər:

      − Hara getmək fikrindəsən?

      − Arxın qurtardığı yeri tapmağa gedirəm.

      − Hansı arxın?

      − İçində üzdüyüm arxın.

      − Biz buna arx yox, çay deyirik.

      Balaca Qara Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi:

      − Xəbərin var ki, Saqqa quşu yolu kəsib?

      − Xəbərim var, bilirəm…

      Başqa bir Rizə balıq soruşdu:

      − Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kisəsi var?

      − Onu da bilirəm.

      − Bunları bilə-bilə yenə getmək fikrindəsən?

      − Bəli, bütün bunları bilirəm və getməliyəm.

      Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Balıq çayın qurtaracağını tapmaq istəyir və Saqqa quşundan da qorxmur.

      Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin qorxusundan səslərini çıxarmadılar. Hətta onların bir neçəsi Balaca Qara Balığa yanaşıb qımıldandı.

      − Saqqa quşu olmasaydı, biz də səninlə gedərdik…

      Çayın qırağında bir kənd vardı. Kəndin qadınları və qızları çayın içində qab-qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdı və uşaqların islanmış bədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, axşam oldu. Balaca bir daşın altına girib yatdı. Gecəyarı ayıldı və gördü ki, Ay suya düşüb, hər yeri işıqlandırır.

      Balaca Balıq Ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir neçə kəlmə danışmaq həsrətində idi. Lakin hər dəfə anası ayılıb onu yuvasına dartar və yenidən yatırdardı. Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı:

      − Salam, ey mənim göyçək Ayım!

      Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı:

      − Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara?

      − Dünyanı səyahətə çıxmışam.

      − Dünya çox böyükdür, sən hər yeri gəzə bilməzsən.

      − Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm.

      − Ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, lakin böyük bir qara bulud mənə tərəf gəlir. Qorxuram işığımın qarşısını kəsə.

      − Ey qəşəng Ay, sənin işığını çox sevirəm. Ürəyim istəyir ki, nurun həmişə yoluma işıq saçsın.

      − Mənim Balığım, düzünü axtarsan, mənim işığım yoxdur, işığı mənə Günəş verir, mən də onu Yerə saçıram. Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək arzusundadırlar?

      − Bu mümkün deyil!

      − Doğrudur, bu çox çətin işdir, ancaq insan öz istədiyinə…

      Ay sözünü bitirə bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq çökdü. Qara Balıq yenə tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisində qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı… Sübh tezdən ayılanda başının üstündə pıç-pıçla danışan bir neçə Rizə balıq gördü. Onlar Qara Balığın yuxudan ayıldığını görüb dedilər:

      − Sabahın xeyir!

      Qara Balıq onları tanıdı:

      − Sabahınız xeyir olsun! − dedi. − Nəhayət, ardımca gəlib mən deyən yola düşdünüz?

      Rizə balıqlardan biri:

      − Bəli, − dedi, − ancaq hələ də qorxu canımızdan çıxmayıb.

      Bir başqa balıq:

      − Saqqa quşunun fikri bizi rahat buraxmır, − deyə dilləndi.

      Balaca Qara Balıq:

      − Siz çox fikirləşirsiniz. Hər şeyi fikirləşmək, özü də birdəfəyə fikirləşmək doğru deyil. Yola düşən kimi qorxu bizi tərk edəcək, − deyə cavab verdi.

      Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qalxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kisəsinə düşübdür.

      Balaca Qara Balıq dedi:

      − Dostlar, biz Saqqa quşunun kisəsinə düşmüşük, lakin xilas olmaq üçün yol var.

      Rizə balıqlar ağlayıb ah-zar etməyə başladılar.

      − Artıq bizim qaçmağa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!

      − İndi bizim hamımızı "qurt" eləyib udacaq. İşimiz bitdi.

      Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu, Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:

      − Rizə balıqlar necə də girimə keçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir sizi "qurt" eləyib udum. Ha! Ha! Ha! Ha!

      Rizə balıqlar yalvarmağa başladılar:

      − Həzrəti-ağayi Saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübarək dimdiyinizi bir qədər aralasaydınız, buradan xilas olub mübarək vücudunuza duaçı olardıq.

      Saqqa quşu dedi:

      − Mən hələ bu saat sizi "qurt" eləyib udmaq fikrində deyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın.

      Kisənin aşağı hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.

      Rizə balıqlar bir səslə dedilər:

      − Həzrəti-ağayi Saqqa quşu, bizim günahımız yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxarıb…

      Balaca Balıq:

      − Qorxaqlar! − dedi. – Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdillik edib sizi buraxacaq?

      Rizə balıqlar qorxuya düşüb dedilər:

      − Heç nə danışdığını da bilmirsən. İndi görərsən ki, həzrəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və səni necə "qurt" eləyəcək!

      Saqqa quşu dilləndi:

      − Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə!

      − Şərtinizi buyurun, qurban!

      −


Скачать книгу