Hekayələr. Самед Бехранги
Читать онлайн книгу.tünd iyi az qalmışdı məni boğsun. Nəhayət, hiss etdim ki, peyini üstümdən götürdülər. Bu, Sahibəli idi. Məni çıxardı, əli ilə bir-iki dəfə sildi, sonra şalvarının balağına çəkib tamamilə təmizlədi. Gəldiyimiz yolla qayıdıb Poladgilin evlərinin damına çatdıq. Poladın anası ilə bacısı damın dalında yapma yapır və divara yapılmış quru yapmaları qoparıb bir-birinin üstünə yığan qonşu arvadla söhbət edirdilər.
Sahibəli Poladın haraya getdiyini soruşdu, Poladın anası dedi:
− Polad keçisini otarmağa aparıb.
Poladı təpənin başında tapdıq. Qara keçisini otlağa buraxmışdı, özü isə iti ilə birlikdə oturub bizi gözləyirdi. Birdən nəzərlərimi Sahibəli ilə Poladın dərilərinin rəngi cəlb etdi. Günün altında o qədər çılpaq gəzmişdilər ki, qapqara qaralmışdılar.
Polad səbri tükənmiş halda soruşdu:
− Yaxşı, planını de görək!
Sahibəli soruşdu:
− İstəyirsənmi ki, sənin də şaftalı ağacın olsun?
− Dəli olmuşam ki, istəməyim?!
− Elə isə gedək.
− Bəs keçi?
− Ötürərik evə.
− Anam tapşırıb ki, gün batana qədər otarım.
− Onda itin yanında qoyarıq.
Polad əlini itin üzünə çəkdi:
− Mən qayıdana qədər, − dedi, − keçinin yanında olarsan, yaxşı?
Biz üçümüz də qaça-qaça gəlib bağın divarına çatdıq.
Sahibəli dedi:
− Polad, qalx yuxarı!
Polad dilləndi:
− Daha planını gizlədə bilməzsən. Özüm anladım. Deməli, şaftalımızın çərdəyini əkəcəyik.
− Elədir ki var. Çərdəyi yumşaq bir yerdə əkərik. Bir neçə ildən sonra bizim də şaftalı ağacımız olar. Özün yaxşı bilirsən ki, nə üçün başqa yerdə əkirik.
− Əlbəttə, bilirəm; təpənin başında, damların arasında şaftalı ağacı bitməz. Hər şeydən əvvəl yumşaq torpaq, çoxlu su lazımdır ki, ağac əmələ gəlsin.
Sahibəli zarafatla:
− Daha çərənləmə, tez elə, mən gedim bağın o başına, görüm bağban qayıtmayıb ki? − dedi.
Bağban şəhərdən hələ qayıtmamışdı. Poladla Sahibəli bağın xəlvət bir bucağında torpağı qazıb məni basdırdılar. Sonra əllərini üstümdəki torpağa çəkib getdilər.
Qaranlıq və rütubətli torpaq məni ağuşuna alıb sıxdı. Əlbəttə, mən hələ cücərə bilməzdim. Cücərmək üçün hər şeydən əvvəl müəyyən qədər vaxt gərək idi. Bir neçə vaxtdan sonra torpağın altına keçməkdə olan soyuqdan artıq qışın gəldiyini və yerin üstünü qar örtdüyünü anladım. Torpaq mənim yaxınlığıma qədər donmuşdu. Ancaq torpağın altında donmamaq, üşüməmək üçün kifayət qədər istilik var idi.
Beləliklə, mən hərəkətdən və qaynardan düşdüm, torpağın altında xoş və şirin yuxuya getdim ki, yazda daha hazırlıqlı və daha qüvvətli ayılım, cücərim, torpaqdan çıxıb Polad və Sahibəli üçün çoxmeyvəli ağac olum. Elə ağac ki, onun şaftalıları mənə baxanda öz gözəlliyindən utanan qızların qızarmış yanağına oxşasın, sulu və iri olsun. Qışda gördüyüm yuxulardan yadımda bir şey qalmayıb. Ancaq o yadımdadır ki, bir dəfə yuxuda gördüm, yekə ağac olmuşam. Polad və Sahibəli mənə dırmaşıb budaqlarımı silkələyirlər. Ağacın ətrafına toplaşan çılpaq kəndli uşaqları yerə tökülən şaftalıları götürüb ləzzətlə yeyirlər. Ağızlarının suyu sinələrinə tökülür, çılpaq qarınlarını və hətta göbəklərini də isladır. Bir keçəlbaş uşaq Poladı səsləyib soruşdu:
− Polad, heç demədin yediyimizin adı nədir? Axı mən istəyirəm evə dönəndə nə yediyimi anama söyləyim. Özü də çox yeməyimə baxmayaraq, doymamışam.
Dövrəmdə lap balaca iki uşaq da vardı. Onların əynində heç nə yox idi. Ətraflarında uçan milçəklər üz-gözlərinə, ağız-burunlarına qonurdu. Uşaqlar əllərinə hərəsi yekə bir şaftalı götürüb ləzzətlə dişdəm vurur, bəh-bəhlə yeyirdilər.
Bax bu, gördüyüm yuxulardan biri idi. Lap son dəfə badamgülünü yuxuda gördüm. Bihuş halda uzanmışdım. Bu an xəfif bir səs ucaldı. Səslə birlikdə mənə çox tanış olan ətrin torpağın altına daxil olduğunu hiss etdim. Səs dedi:
− Badamgülü, ətrini göyçək şaftalının üzünə sürt. Əgər yenə də ayılmasa, əllərini üzündə, bədənində gəzdir ki, gülün qoxusunu yaxşı duysun. Bacardıqca tez ayılt. Çünki cücərmək, böyümək vaxtıdır. Axı bütün çərdəklər cücərməyə başlayıb.
Badamgülünün üzümə və canıma toxunan ətri o qədər xoş idi ki, həmişə bihuş qalmaq istəyirdim. Amma olmadı. Ayıldım. Özümü yenə də bihuşluğa vurmaq istəyirdim ki, badamgülü dedi:
− Daha naz eləmə. Sən öz bətnində diri toxum saxlamısan və belə qərara gəlmisən ki, cücərəsən, böyük ağac olasan, meyvə gətirəsən. Elə deyilmi?
Badamgülü gözəl gəlinlərə bənzəyirdi. Elə bil təmiz və ağappaq qardan paltar geymişdi, dodaqlarına da gül ətri sürtmüşdü. Əlbəttə, mən hələ qar görməmişdim. Onun haqqında şaftalı olanda anamdan eşitmişdim. Badamgülünün məndən qabaq kiminlə həmsöhbət olduğunu, yanıma kim tərəfindən göndərildiyini öyrənmək istəyirdim ki, qollarını boynuma doladı, üzümdən öpüb gülə-gülə dedi:
− Nə iri vücudun var! Qollarımın arasına da sığışmırsan. − Sonra əlavə etdi: − Bahar da burada idi. Dedi ki, cücərmək, böyümək vaxtıdır.
Baharın adını eşidən kimi elə bil yuxuda idim, ayıldım. Fikirləşdim ki, bahar gəlib-gedib, mən isə hələ də qabığımı partlatmamışam.
Pərişan halda yuxudan ayılıb dik atıldım.
İki gündən sonra Günəşin çıxmasına tamaşa etməyi qərara almışdım. Canımdan yeni bir rişə çıxıb irəliyə sürünərək uzanırdı.
Çoxlu su içmişdim. Ona görə də şişdim. Qabığım partladı. Bu zaman milə oxşayan rişəmi partlamış qabığımdan kənara uzatdım və torpağa daxil etdim ki, böyük köküm olsun, üzərində dayanıb böyüyə bilim. Sonra cücərtimi özümdən kənara göndərib dedim ki, başını əysin, üzüyuxarı qalxıb torpağı yarsın və gedib Günəşi tapsın.
Boğulmamaq üçün hava da yığmışdım. Bayırın istisi də torpağın altına süzülürdü. Bu zaman artıq öz içərimdə inkişaf edib varlığımı dəyişərək başqa bir şeyə çevrilmişdim. Ağac olmaq üçün böyüməli, çox iş görməli idim…
Qoz boyda bir daş qarşımı kəsərək yuxarı qalxmağa imkan vermirdi. Onu deşib keçə bilməyəcəkdim. Bunu yəqin etdikdən sonra dövrə vurub yanından ötdüm və yuxarı qalxdım. Yuxarı qalxdıqca Günəşin hərarətini daha çox hiss edir və ona doğru can atırdım. Yer üzərinə çıxmış otların kökləri arasında hərəkət edirdim.
Nəhayət,