Hekayələr. Самед Бехранги

Читать онлайн книгу.

Hekayələr - Самед Бехранги


Скачать книгу
öz canını qurtarmaq üçün deyirsən!

      − Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkmi?! Əgər sözümə qulaq asmasanız, bu xəncərlə hamınızı qırar, quşun da kisəsini parçalayıb çıxaram. Siz isə…

      Rizə balıqlardan biri onun sözünü kəsib:

      − Daha bəsdir! − dedi. − Mən bu sözlərə inanmaq istəmirəm. − O bu sözləri deyə-deyə ağlamağa başladı.

      Balaca Qara Balıq onun ağladığını görüb dedi:

      − Bu anasının naznaz balasını niyə yanınıza salıb gətiribsiniz?

      O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qara Balığın təklifini qəbul etdilər. Yalandan bir-biri ilə dalaşmağa başladılar. Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:

      − Həzrəti-ağayi Saqqa quşu, − dedilər, − boşboğaz Qara Balığı öldürdük.

      Quş güldü:

      − Çox yaxşı iş gördünüz, − dedi, − bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.

      Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq isə cəld xəncərini çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı. Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı…

      Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırırdı. Balaca Qara Balıq suyun çoxluğundan ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. Oyan-buyana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mişarvarı dişləri olan uzun bir heyvan ildırım sürəti ilə ona hücum edir. Balaca Qara Balıq hiss etdi ki, heyvan o saat onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı. Bir müddətdən sonra suyun altına endi. Yolun yarısında minlərlə balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu:

      − Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm, bura haradır?

      O dönüb Balaca Qara Balığa dedi:

      − Qardaş, bizim dənizə xoş gəlibsən!

      Balıqlardan digəri dedi:

      − Bütün çaylar və arxlar bura tökülür.

      Balaca Qara Balıq hədəfinə − dənizə çatdığı üçün sevinirdi. Dedi:

      − İzin versəniz, çıxıb bir az təkbaşına dənizi seyr edərdim.

      Başqa bir balıq:

      − İndi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən, Balıqudandan ehtiyatlı ol. Bu günlər o heç kəsdən qorxmur. Hər gün dörd-beş balıq ovlamasa, yaxamızdan əl çəkmir, − dedi.

      Balaca Qara Balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az sonra dənizin üstünə çıxdı. İndi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: "Bu saat ölüm çox asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə yaxın buraxmamalıyam".

      Balaca Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca Qara Balıq Balıqudanın uzun dimdikləri arasında çapalasa da, özünü xilas edə bilmirdi.

      Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı oradakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə Balıqudana dedi:

      − Nə üçün məni sağ-sağ udmursan? Mən o balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.

      Balıqudan heç nə deməyib fikrə getdi. Öz-özünə dedi: "Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan?"

      Sahil getdikcə yaxınlaşırdı. Balaca Qara Balıq: "Quruya çatsaq, daha iş bitdi", − deyə düşündü və nəhayət, Balıqudana dedi:

      − Bilirəm, məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!

      Balıqudan bir anlıq fikrə getdi: "Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçünsə başqa balıq tutum… Birdən bu, bir kələk işlədər… Yox, canım, heç bir kələk işlədə bilməz". Sonra gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi:

      "Deyəsən, öldü, artıq onu özüm də yeyə bilmərəm". Zərif və yumşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa, yesin, ölübsə… Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb Balaca Qara Balığı təqib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütubətli havasını udurdu. Nəhayət, suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütubətlidir, çıxış yolu isə yoxdur. Elə ki gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi:

      − Qalx ayağa, ay balaca! Başına çarə qılmaq haqda fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz.

      Rizə balıq soruşdu:

      − Sən kimsən? Məgər görmürsən, get-gedə məhv oluram? Ana… Ay ana, haradasan, imdadıma çat! Daha mən səni görə bilməyəcəyəm, ana!

      Balaca Qara Balıq:

      − Daha bəsdir, canım, − dedi, − sən bütün balıqları rüsvay elədin.

      Rizə balıq ağlamağa ara verən kimi Balaca Qara Balıq dedi:

      − Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm.

      − Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?

      Balaca Qara Balıq xəncərini göstərib dedi:

      − Bununla onun qarnını cıracağam. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında otərəf-butərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at.

      − Bəs sən?

      − Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.

      Balaca


Скачать книгу