Üçatılan. Ильяс Эфендиев

Читать онлайн книгу.

Üçatılan - Ильяс Эфендиев


Скачать книгу
itələyə-itələyə sürüdən çıxardı. Qoçları ağıllarından xeyli uzaqlaşdırıb balaca bir dərəyə gətirdi. Burada yerə yıxıb ayaqlarını bağladı. Sonra da tələsik qayıtdı öz komalarına. Gördü ki, qardaşı şirin yuxudadı. İstədi oyatsın, ancaq əvvəl-əvvəl qıymadı. Dedi qoy bir az da yatsın. Çıxdı bayıra. Göyə baxıb ulduzlarla müəyyən etdi ki, gecədən o qədər də çox keçməyib. Fikirləşdi ki, nə qədər tez getsə, o qədər yaxşıdı – uzun yoldu. İçəri girib qardaşını tərpətdi. Bu yerlərdə cavanlar sərvaxt yatmağa öyrəniblər. Əli dik atılıb soruşdu:

      – Nə olub, ə?

      – Dur ayağa, gözünün acısını aldın bəsdi. Mən gedirəm qışlağa.

      Əlinin qoyun əhvalatından xəbəri yox idi. Ərşad da bu barədə ona heç nə deməmişdi. Amma qardaşının Sərvinaza aşiq olduğundan xəbərdar idi. Bilirdi ki, Ərşad obaya da indi ona görə gedir. Bu səbəbdən də heç nə soruşmadı.

      Ərşad qardaşına tapşırdı ki, əgər Qaraca onu soruşsa, desin naxoşlamışdı, beli-boynu qırılırdı, getdi özünü küpələtsin. Sözünü bitirdikdən sonra erkəkləri gizlədiyi dərəyə endi. Heyvanların ayaqlarını açıb saldı qabağına. Yenə göydə sayrışan ulduzlara baxıb müəyyən etdi ki, hava işıqlanmamış Kürdobaya çatacaq. Sonra da hansısa ulduzu nişanlayıb yola düzəldi.

      Dan yeri işıqlanmamış Ərşad obaya çatdı. Hacı Tanrıverdinin yurduna yaxınlaşanda yenə də itlər hürüşdülər, lakin yenə də Ərşadı tanıyıb səslərini kəsdilər. Ərşad keçən dəfəki kimi qoyunları ağıla salıb çubuqdan hörülmüş qapını çəkib örtdü, ağacı da qoydu dalına. Sonra daha evlərinə getməyib özünü verdi Köndələnçay boyunca uzanan qamışlığa… Lap qaranlıq bir yer tapıb tüfəngin qayışını qoluna dolayaraq yapıncısına bürünüb yatdı.

      Səhər tezdən qara aftafanı götürüb dəstəmaz üçün qapıya çıxan Hacı qoyunları yenə də ağılda görüb «bismillah!» dedi. Hacı hər şeydən ürkən, təşvişə düşən adam deyildi. Amma bu dəfə elə bil kişinin tükləri ürpəndi. Bir anlığa qoyunlar ona cin-şəyatin kimi göründü. Hacı duruxdu. Sonra «Lənət şeytana!» deyib ağıla yaxınlaşaraq qapını diqqətlə nəzərdən keçirdi. Söz ola bilməzdi ki, qapı əl ilə bağlanmışdı, üstəlik, qapının arxasına açılmasın deyə uzun ağac sürmə keçirilmişdi. Hacı Allaha inanan ağıllı adam idi, yəni bilirdi ki, bu, cin-şəyatin işi deyil, cinlərin işi-gücü qurtarıb bəyəm, durub Hacı ilə belə oyun oynasınlar?

      Sonra Hacının arvad-uşağı, qonum-qonşu bayıra çıxıb işdən hali olanda yerlərində quruyub qaldılar. Hacı sakit ifadə ilə oğlu Fərhada dedi:

      – Yüyür, Eyvaz əmini çağır bura.

      Fərhad qaş-qabağını töküb dedi:

      – Əşi, biz niyə gedək onların ayağına? Lazımdı qoy onlar gəlsinlər!

      Hacı sərt ifadə ilə dedi:

      – Get, Eyvaz əmini çağır!

      Fərhad ata minib qəzəblə çapdı Kərbəlayı İbixanlara tərəf…

      Eyvaz da gəlib qoyunları Hacının ağılında görəndə lap yerində dondu. Az qaldı, kişinin başına hava gəlsin.

      – Hacının başı üçün, – dedi, – dünən Şamxal özü bunları aparıb Haramıda qatıb qoyuna.

      Hacı soyuq tərzdə dedi:

      – Yox, belə zarafat olmaz, hər nə məsələdi, siz tərəfdən gəlir. Belə şey olmaz! Camaat içində rəzil-rüsvayıq. Qonum-qonşu baxıb deyir, görəsən, bu nə oyundur.

      Eyvaz əmi, doğrudan da, qapılarda boy-boya verib, o yandan bəri tamaşa eləyən qonşulara nəzər salıb dedi:

      – Ay Hacı, atamın goru haqqı, mən özüm də bu işə məəttəl qalmışam. Əgər bunu eləyən düşmən köpəkoğludursa, ona nə düşüb ki, dörd erkəyi Haramıdan gətirib bir də salsın sənin ağılına. Burada nə isə bir sirr var.

      Arvadların, uşaqların üzündə bir vahimə peyda olmuşdu. Hacının doxsan beş yaşlı anası Ballı qarı azca qəddi əyilmiş halda irəli yeriyib dedi:

      – Ay Hacı, bəlkə, uşaqlardan biri gedib Molla Hüseynquluya baxdırsın? Yadındadırmı, neçə il bundan qabaq sənin Göydəmir atını hər gecə aparıb çapıb əldən-ayaqdan salırdılar. Səhər görürdün ki, heyvan qan-tərin içindədi. Özünün də yalını incə-incə hörüblər. Onda, bəyəm, Molla Hüseynqulu demədi ki, Cin dərəsindəki hallardı8 gecələr atı minib çapan?!

      Eyvaz əmi:

      – Ay Ballı nənə, – dedi, – Molla Hüseynqulu fırıldaqçının, kələkbazın biridir, qoy o yana getsin.

      Ballı nənə təşvişlə dedi:

      – Əstəğfürullah elə, Eyvaz, günahdı.

      Eyvaz əmi gülüb dedi:

      – Nə günah olacaq, ay nənə? Onun hər cür fırıldaq işi var.

      Bir saatın içində Kürdobaya hay vuruldu ki, Hacı Tanrıverdinin ağılında möcüzə baş verir. Nişan üçün gedən qoyunları gecə Eyvaz kişinin tövləsindən çıxarıb, qaytarıb salırlar yenə də Hacının öz ağılına. Oba arvadlarının hərəsi bir yerə yozurdu bu işi. Axırda uzun götür-qoydan bu qərara gəldilər ki, qoyunları qaytarıb gətirən «Cin dərəsi»ndəki cinlərdir.

***

      Dan yeri qızarıb hava işıqlaşan kimi qamışların arasında div yuxusuna getmiş Ərşad oyanıb dərhal qalxdı ayağa, yapıncısının, saçaqlı papağının toz-torpağını çırpdı. Ərşad bilirdi ki, hər səhər Sərvinaz bir az aşağı tərəfdə qamışlığın arasından keçən cığırla suya gedir. Ona görə də gəlib cığırın yaxınlığında, qamışlıqda gizləndi.

      Bir qədər sonra Sərvinaz çiynində iri mis səhəng göründü. Qız Ərşadın tuşuna çatanda oğlan qamışlıqdan çıxdı.

      – Bismillah!.. Bismillah!.. – deyə Sərvinaz içini çəkib ona baxdı. – Ay tanrısız, canavar kimi qəfil qamışlıqdan niyə çıxırsan?! Qorxdum.

      Qız bu sözləri deyəndə Ərşad güldü. Sərvinaz da gülümsünüb guya məzəmmətlə dedi:

      – Arsız!

      – Arsız sənsən ki, gül kimi maman oğlunu qoyub Hacı Tanrıverdinin avara oğluna gedirsən!

      Sərvinaz böyük bir sirr açırmış kimi pıçıltı ilə dedi:

      – «Cin dərə»sindəki hallar ikinci dəfədir ki, Hacının nişanını geri qaytarır.

      Ərşad bu dəfə şaqqanaq çəkdi.

      – Gözünə dönüm o cinlərin, yaxşı eləyib nişanı geri qaytarıblar. Gəl bəri, sənə sözüm var.

      Ərşad bunu deyib qızın əlindən tutub qamışlığa çəkdi. Dedi:

      – Bura bax, dayıqızı. Mən ölüm, o Nurunun nəyinə aşiq olmusan?

      Sərvinaz gülüb dedi:

      – Kim deyir aşiq olmuşam?

      – Mən ölüm, de görüm, sən, doğrudan, o avaraya getmək istəyirsən?

      Sərvinaz fikirli-fikirli çiyinlərini atdı.

      – Kimə


Скачать книгу

<p>8</p>

Hal (və ya al) – xurafata inananların təsəvvüründə qaranlıqda tək qaldıqda guya insanın gözünə görünən mövhum surət, xəyal; qulyabanı (red.)