Üçatılan. Ильяс Эфендиев
Читать онлайн книгу.Eyvaz əmi gəldi öz evinə. O, cinə-şeytana inanan deyildi. Düzdür, Hacının yanında özünü inanan kimi göstərirdi, amma hey fikirləşirdi ki, bu kimin işi olsun! Birdən ağlına gəldi ki, bəlkə, Ərşaddı bunu eləyən? Sonra da fikirləşdi ki, Ərşad canavar kimi bir şeydi. Heyvanları aparsa, salamat buraxmazdı, kəsib ətini çəkərdi şişə, yeyib-içib kefinə baxradı.
Bir sözlə, Eyvaz əmi nə qədər çək-çevir eləyirdisə, bu işi bir yerə bənd eləyə bilmirdi.
Ərşad da dalbadal sifariş göndərirdi, qızı mənə verməsə, dayını da, Hacının oğlu Nurunu da öldürəcəyəm. Eyvaz əmiyə onu da xəbər vermişdilər ki, Ərşad Haramıda tüfəngli-patrondaşlı gəzir, gecələr gəlib Kürdobada dayısıgilin damının yan-yörəsində hərlənir.
– Lənət sənə kor şeytan! – Eyvaz əmi hirslənib Ərşadın qarasınca söyür, asıb-kəsirdi. Axırda Narıngülü çağırıb dedi:
– A bala, get o qardaşını başa sal ki, daha iş-işdən keçib, bax bu Qarabağda kimin qızını istəyir, gedim alım ona. Amma bu fikri başından çıxarsın. Hacı Tanrıverdinin tayfası qollu-budaqlı nəsildi, bizi onlarla düşmən eləməsin. Səbir eləsin, görək başımıza nə gəlir…
Narıngül də ata minib getdi Haramıya. Bir gün sonra qayıdıb xəbər gətirdi ki:
– Dayı, bacın oğlu tanrıya bəndəlik eləmir. Dediyinin üstündə elə durub ki, fələk də gəlsə, onu fikrindən daşındıra bilməz. Deyir, dayıma söylə, Sərvinazı mənə versə, ölənəcən onun quluyam, verməsə, araya qan salıb qaçaq olacağam.
Sözünü bitirdikdən sonra Narıngülü ağlamaq tutdu.
– Ay dayı, – dedi, – qabağında ölüm, Ərşad özgəsi deyil ki, özününküdür. Kasıb olanda nə olar? Vallah Sərvinazı çiynində gəzdirər.
Eyvaz əmi hirslənib özündən çıxdı.
– Sən də elə qardaşının tayısan. Hamınız ata tərəfə çəkmisiniz.
Narıngül söz altında qalan gəlin deyildi. Gözünün yaşını yaylığının ucu ilə silib dedi:
– Niyə elə deyirsən, dayı, bizim əmimiz Kərbəlayı Əsəd sənin düşmənin olan Kürd Məhərin başına üç güllə çaxmamışdımı?!
Eyvaz əmi gözlərini yerə dikib ürəyində Narıngülün sözünü təsdiq etdi. Hələ bayaqkı sözlərinə görə öz-özünə xəcalət də çəkdi. Bir də ki, axı əvvəl dediyimiz kimi, Ərşadın atası o taylı idi. Eyvaz əmi haradan bilirdi ki, onun nəslində düz- əməlli bir adam olmayıb? Pis nəsildən Kərbəlayı Əsəd kimi mərd, qorxmaz, qohumcanlı adam çıxmazdı.
Eyvaz əmi mülayim bir tövrlə dedi:
– Hər halda, sən qardaşına sifariş göndər, farağat otursun. O tüfəngi-zadı gizlətsin, ağlı əmisi Kərbəlayı Əsədə getməsin. Kərbəlayı Əsəd qaçaqlıq eləyəndə Nikolay hökuməti idi. İndi şura9 vaxtıdı. Söylə, dayım deyir ki, ona heyfim gəlir. Dost-düşmən var, yoxsa tutdurub basdıraram qoduqluğa, ondan sonra ha atılıb düşsün!
Nuru özünü basılmaz sayan Ərşadı necə məğlub elədi
Üç gün sonra çobanlardan Nəcəf adlı oğlan azuqə gətirmək üçün Kürdobaya getmişdi. Qayıdanda Ərşada xəbər gətirdi ki, Hacının Bakıda oxuyan oğlu gəlib.
Ərşad bunu eşitdikdə səhər tezdən düzəldi yola. Kürdobaya çatıb girdi Hacı Tanrıverdinin damının alt tərəfindəki qamışlığa. Buradan Hacının qapı-bacası görünürdü. Ərşad başladı gözləməyə. Hacı çıxıb dəstəmz alaraq girdi dama. Hacının ortancıl oğlu Fərhad iki inəyi tövlədən çıxarıb ötürdü damın qabağına. Sonra Gülgəzlə evdə qulluq eləyən arvad, hərəsinin əlində bir sərnic10, damdan çıxdılar. Oğlan buzovları bir-bir gətirib bağladı inəklərin ayağına. Arvadlardan da hərəsi bir inəyin altında oturub başladı sağmağa.
Bir azdan Ərşad gördü ki, budur, Nuru içəridən çıxdı. Ərşad ona baxıb təəccüb elədi. Bu qışın günündə əynində qolsuz bir köynək vardı. Başı da açıq idi, telləri o tərəf-bu tərəfə ayrılıb tökülmüşdü yanlarına. O, damın qamışlıq tərəfində başladı əvvəl sağa-sola qaçmağa. Sonra ayaqlarını bir müddət yerə döydü, ardınca başladı qollarını tez-tez aşağı-yuxarı qaldırıb-endirməyə.
«Ə, bu niyə belə eləyir?» deyə Ərşad təəccüblə düşündü. O, ilk dəfə idi ki, kişi tayfasının qış günü əynində qolsuz köynək, utanmaz-utanmaz, arvad-uşaq baxa-baxa belə qaravəlli oynadığına şahid olurdu.
Nuru nazik, uzun oğlan idi. Qara damların, qapılardakı mal-qaranın, yovşanlıqda otlayan dəvələrin fonunda o, çox incə-mincə görünürdü.
Qız-gəlin baxa-baxa Nurunun atılıb-düşməyi, arvad qolu kimi nazik çılpaq qollarını oynatmağı Ərşadı hirsləndirib özündən çıxarırdı. Onun boğazını quş boğazıtək üzmək üçün dişi bağırsağını kəsirdi. İşə bax, dayısı Sərvinaz kimi bir qızı götürüb gör kimə vermək istəyir!
Qonşularda inək sağan, buzov açan, itə yal verən qız-gəlinin utandıqlarından Nuruya tərəf baxmadıqlarını Ərşad görüb hiss edirdi. Belə də biabırçılıq olar? Görəsən, Hacı niyə çıxıb oğlunun üzünə tüpürmür?
Sonra Nuru dama girib əyninə bir meşin gödəkçə geyindi, başına da kepka qoyub yenidən çıxdı bayıra və başladı yavaş-yavaş kənd yuxarı getməyə. Kəndin yuxarısında isə Eyvaz dayının yurdu idi. Ərşad da bunu görüb qamışlıqla yuxarıya getməyə başladı. Bir də gördü ki, Nuru dayanıb Eyvaz dayının damına baxaraq girdi evin arxasındakı çəkillərin11 arasına. Ərşad öz-özünə dedi: «Sən ölməyəsən, burada iş var!»
Ərşad oğru kimi cəld və ehtiyatla qamışlıqdan çıxıb bir çalada gizləndi və başladı güdməyə. Bir də nə görsə yaxşıdır?! Dayısı qızı Sərvinaz da budur, gəldi çəkilliyə. Gülə-gülə yaxınlaşdı Hacının oğluna. Bir-birilərinin əlindən tutdular. Sonra başladılar bir-birilərinə nəsə deyib irişməyə. Ərşad dözə bilməyib yerindən qalxdı, onlara tərəf yüyürdü. Sərvinaz bunu görüb daxmaya doğru götürüldü. Nuru isə yerindən tərpənməyib Ərşada baxırdı. Özü də nə təəccüb edirdi, nə də qorxurdu. Ərşad ona çatıb başı dəmir toppuzlu məşhur çomağını endirdi oğlanın təpəsinə. Yəqin məsələdir ki, çomaq oğlanın başına dəysəydi, ağzını bircə dəfə açıb-yumardı. Ancaq Nuru daha cəld tərpənərək çomağı havada tutdu və bir göz açıb-yumunca qanırıb Ərşadın əlindən aldı, sonra da hərləyib var gücü ilə çəkillərin üstündən tulladı. Ardınca da gülümsəyib Ərşada dedi:
– Ə, qohum, yeri ağacını götür, əkil buradan, adam pusmaq kişi işi deyil.
Ərşad:
– Ə, gədə, sən də kişilikdən danışırsan? – deyə cumdu oğlanın üstünə.
Nuru Ərşadla əlbəyaxa olub əlləşə-əlləşə dedi:
– Ə, qohum, yekə oğlansan, burax, çıx get işinə.
Amma Ərşad oğlandan əl çəkmirdi. Belə vuruşlarda bizim çobanların canı çomaqlarında
9
Sovet hakimiyyəti nəzərdə tutulur (red.).
10
11