Hekayələr. Энвер Мамедханлы
Читать онлайн книгу.görünməz bir əl arxadan dartdı, hər ikisini bir-birindən ayırdı.
Sonra yalnız əlləri bir-birindən üzülmək istəmədi və əlləri bir-birinin əlində gəldilər, Beşbulaq dərəsinin kənarına çıxdılar.
Buradan aşağıya, dərə dibinə enən dolama araba yolu sağdakı yastı təpələr arasından çıxırdı, güney tala göyşənləri içərisindən keçirdi, sonra Beşbulaq dərəsi dibindən yuxarı dırmaşırdı və yoxuş başında, təpə üstündə yerləşən kiçik bir dağ kəndinə qalxırdı.
Adilə başıyla sol tərəfə işarə elədi, fıstıq ağacları altındakı üstü çox hamar böyük bir daşı göstərdi. İlyas cəld irəli keçdi, pencəyini çıxardıb daşın üstünə sərdi. Adilə daş üstündə oturdu, əllərini saçlarına çəkdi. İlyas arxadan əyildi, qızın saçları arasında ilişib qalmış xırdaca, quru yarpaq qırıntılarını təmizlədi. Adilə başını qaldırıb aşağıdan yuxarı İlyasa baxıb gülümsədi:
– Oturaq, – dedi, – bir az burda… Bu gün çox yuxarı qalxdıq.
– Amma yol hələ yarı olmamışdı, geri qayıtdıq…
– Uzaqdan baxanda o dağ başı mənə çox yaxın göründü, yaxşı ki, tez başa düşdüm ki, nə qədər gec deyil qayıtmaq lazımdır.
– Əgər bircə dəfə qalxsaydın o ucalığa, ordan gördüyünü heç vaxt unutmazdın!
– Qocaman və yalqız bir ağac? Və başına o qədər ildırım düşüb ki, qara bir skelet kimi qalıb?
– Elədir, ağac skeletdir və hər səhər, hər axşam çox qocalmış bir cüt qartal o ağacın qara budaqlarına qonub, qüssəli gözləri ilə çox uzaqlara baxırlar…
– Bizi görəndə üstümüzə şığımazdılar?
– Qartallar təyyarələri görəndə dəli olurlar və təyyarələrin üstünə cumub məhv olurlar.
Ayaqları altında – dərə dibində qaynayan bir bulağın suyu dəmir lülədən içi yonulmuş uzunsov daş içərisinə tökülürdü, oradan da daşaraq dərədə şırıldayan kiçik bir çayın sularına qovuşurdu. Qarşıda yoxuş başındakı dağ kəndinin əyri-üyrü küçələrində, qaratikan kolundan vurulmuş qara çəpərlər arasında kənd uşaqları oynaşırdı və kənddən o tərəfdə meşəli düzənlər qaralırdı, sonra torpağın birdən kükrəyib yuxarı qalxdığı yerdə, bu mənzərəni bir-birinin ardınca qat-qat nəhəng divarlar kimi göyə yüksələn sıra dağlar tamamlayırdı.
Adilə yenə başını qaldırdı, İlyasa baxdı:
– Niyə oturmursan?
– Gəzək, bu gün çox gəzək, bir az dincini al, baş alıb gedək.
– Yox, əyləş burda söhbət eləyək. Bu axı, bizim sirr daşımızdır.
– Qoy bu gün istirahət eləsin. İki aydır, biz danışırıq, o qulaq asır…
Adilənin üzündən bir kölgə keçdi, əli ilə daşı oxşadı:
– Eşitdin, sirr daşı, səbir daşı? Sənə ürəyi yanan varmış burda…
İlyas arxadan əyildi, üzünü qızın saçlarına toxundurdu:
– Səni gördüyüm o gün – dedi, – bu daş, bu torpaq, o su – hamısı dil açdı… və nağıl başlandı… Adilə əllərini qaldırdı, arxasında dayanmış İlyasın boynu ardında daraqladı, bir an gözlərini yumdu, gülümsər bir yuxuya getdi, sonra sanki ayıldı, qollarını açdı və dedi:
– Nahara bir saat qalıb, otur, bu gün səndən çox şey soruşacağam. Çünki mamamın, papamın sənə yeni sualları var.
– Məgər iki aydan bəri hər gün verdiyim cavablar atanı və ananı qane salmadımı?
– Qəti qərara gəlmək üçün onlar sənin haqqında çox şey bilməlidirlər.
– Özüm haqqında danışa-danışa mən axırda sayıqlaya bilərəm.
– O balaca kəndin böyük gələcəyindən danışanda da mən darıxıram.
– Doğulduğum kənddir. Gərək bu zəif damarımı mənə bağışlayasan.
– Bağışlayıram, bu şərtlə ki, öz gələcəyindən, bizim gələcəyimizdən danışasan.
– O barədə bir dəfə danışdım, sən qulaq asmadın.
– Çünki gətirib axırda taleyimizi o kənd ilə bağladın. Mən isə şəhər qızıyam, işıqlı şəhər gecələrinin vurğunuyam, işıqsız kənd gecələrini sevə bilmirəm.
– Uzaq bir çay üstündə böyük elektrostansiya tikiləcək. Onda bu kənd gecələri də işıqlı olacaq və darıxma, bir həftədən sonra şəhərdə olacağıq.
– Burada sənə rast gəlməsəydim, darıxacaqdım. Bura da mamam gətirdi bizi, dedi bu yay kəndə gedək, həm ziyarət olsun, həm ticarət.
– O nə deməkdir?
– Yayı kəndə gedəndə atam kənddəki xəstələri müalicə eləyir, buradan qayıdanda mama şəhərdə təzə mənzilimizə təzə mebel alacaq.
İlyas dərənin o tayına baxdı. Orda artıq günəşin şüaları ağacların yarpaqlarında sarı bir alovla yanırdı. Və yoxuş başında, dikdir üstündə bir atlı dayanmışdı. Atlı başını dik tutaraq, uzaq dağlara sarı baxırdı, at isə qabaq ayağını qaldırıb səbirsizliklə torpağı döyəcləyirdi. Adilə aşağı əyildi, boz daş altından yaşıl fəvvarə kimi fışqıran bir çəngə ot içindən birini qırdı. Sonra başını qaldırdı və soruşdu:
– Mamam deyirdi ki, institutu qurtaranda o, şəhərdə mənzil ala biləcəkmi? Papam da dedi ki, indidən çalışsa, beş il sonra institutu qurtaranda ona növbə çatar.
– Nə üçün onlar elə güman eləyir ki, institutu qurtaranda mən şəhərdə qalacağam?
– Bəs hara gedəcəksən?
– Burdakı uşaqlara da dərs deyən lazımdır.
– Lazımdır, amma… axı mən şəhərdə, sən burda…
– Burdakı xəstələri də müalicə eləyən əllər lazımdır.
– Medinstitutu qurtaranda məni bura həkim göndərsələr, mamam özünü öldürər.
– Özümü öldürrəm deyənlər özünü öldürmürlər.
– Şəhərdə beşotaqlı mənzilimiz var, mamam deyir, üç otağın yatırı8 – mebeli, xalıları, ağ royalı sənin cehizindir.
– Gələcəyin sevinci sənin cehizin olmalıdır.
– Elədir, amma şəhərdəki rahatlıq yaxşı döşənmiş geniş mənzillərə bağlıdır.
– Bəzən həddindən artıq rahatlıq ürəyi narahat edir.
– Hər halda kənddən şəhərə gedənlər bir də geriyə, o torpaq daxmalara qayıtmır. Sənin şəhərdəki qohumların…
– Mənim şəhərdə bir nəfər qohumum var.
– Bir nəfər olsun, geri qayıdıb?
– Yox.
– Nə
8