Hekayələr. Энвер Мамедханлы
Читать онлайн книгу.köksünü ötürdü, yalnız səhər üzü alaqaranlıqdan sıyrılan dağ təpələri ayazıyan göylərin dərinliyinə sancılarkən ağır bir yuxu qızın gözlərinə qara pərdə çəkdi.
Üç gün sonra axşama yaxın dağlardan qopan bir külək sakit və hərəkətsiz dayanmış ağacları yırğalayıb səsə gətirdi. Bir az sonra isə artıq bütün meşələr çalxanıb uğuldayan bir dənizi andırırdı.
Səhər evdən çıxan ovçu hələ də meşədən qayıtmamışdı. Pəri isə təlaş dolu gözlərini meşəyə tərəf dikərək, komalarının arxasındakı təpə üstündə oturub, ovçunun yolunu gözləyirdi.
Maral gölü kənarında keçirdikləri o səadətli və fəlakətli gecədən sonra artıq üç gün idi ki, ovçu evə qapanaraq ova getmək istəmirdi. Nəhayət, bu gün Pərinin ricasını yerə salmaq istəməyərək tüfəngini əlinə alarkən, dərhal ürəyini bir həyəcan çulğaladı, bir an tərəddüd etdi, nə isə elə bil ayaqları getmirdi, sonra birdən o, tələsik özünü komadan çölə atdı, adəti üzrə Pərini qolları arasına alıb xudahafizləşməyi belə unutdu.
İndi Pəri təpə üstündə oturub, ürəyini üzən bir intizar içərisində ovçunun yolunu gözləyir, bu gün meşədə çox yubandığı üçün fikrində gah onu məzəmmət edir, gah da öz məzəmmətlərinə özü etiraz edirdi.
– Yox, görünür, bu gün laçınımın ovda bəxti gətirməyib, – deyə qız öz-özünə fikirləşirdi, – yoxsa o, heç vaxt bu qədər meşədə yubanıb məni tək qoymazdı…
Günəşin odlu çevrəsi artıq tamamilə Yasamal dalına çəkilib batabatda idi. Növbəti bir külək hücumu qızın saçlarında ilişib qalmış axırıncı qızıl şüaları da söndürərkən, meşədən bir güllə səsi gəldi.
Pəri diksinərək dodaqları altında öz-özünə nə isə pıçıldayıb ayağa qalxdı. Atılan güllənin boşa çıxmayıb nəyə isə dəydiyini səsin batqın çıxdığından anladı. Ürəyinə daman uğursuz bir hissin həyəcanı içərisində o, artıq davam gətirməyərək, təpədən üzüaşağı meşəyə doğru yüyürməyə başladı. Pəri meşəyə yetişərkən, ovçu qalınlıqdan çıxıb tala içindən keçən cığırda göründü. Saçları dağılmış, rəngi qaçmış Pəri özünü ovçunun üstünə saldı. Ovçunun əlini və çantasını boş görərkən, qızın həyəcanı daha da artdı, nəfəsini güclə dərərək:
– Laçınım, laçınım, – dedi, – sənin ki, boşa çıxan güllən olmamışdı, bəs indi əlin niyə boşdur?
Ovçu nədənsə qızın gözlərinə baxa bilmədi, nə isə demək istədi, lakin deyə bilmədi, yalnız Pərinin başı üzərindən uzaqlara baxaraq susdu. Pəri artıq taqətdən düşdüyünü hiss edərək, var gücünü toplayıb, ovçunun qolundan tutaraq silkələdi:
– Niyə dinmirsən, laçınım? İndicə atdığın güllə də mi boşa çıxdı?
O zaman ovçu özünün hiss etmədiyi bir zalımlıq və ovçuluq qüruru ilə:
– Yox, – dedi, – güllə boşa çıxmadı… Ancaq ömrümdə birinci dəfədir ki, mən ovumu yaraladım, yıxa bilmədim.
Qız bütün cəsarətini toplayaraq:
– Axı ovun nə idi ki, laçınım, yıxa bilmədin? – deyərkən sanki ovçudan eşidəcəyi cavabdan qorxurmuş kimi bir addım geri çəkildi.
Gözləri hələ də uzaqlarda olan ovçu:
– Ovum dağlarda avara gəzən o maral idi, – dedi.
Pəri öz sualının cavabını eşitməmək üçün qulaqlarını tutmaq istədisə də, lakin artıq gec idi. Qızın sinəsindən qopan ah o qədər zəif oldu ki, bunu ovçu yox, yalnız yaxındakı otlar, çiçəklər eşidib titrədi. Sonra qızın dizlərinin heyi kəsildi, yıxılmamaq üçün ovçunun qoluna söykəndi, zəif bir səslə yalnız:
– Məni evə apar, laçınım, – dedi.
Yalnız bu zaman ovçu birdən səksənib sanki yuxudan ayıldı, yıxılmaqda olan Pərini qucaqlayıb qolları üstünə aldı. Yarıhuşsuz qızı gətirib yatağa uzadarkən başını itirib dəhşətə gəlmiş ovçu sevgilisini dəli öpüşlərə qərq edərək, qızdırmaya tutulmuş bir adam kimi sayıqlayırdı. Pəri azacıq özünə gələrkən qollarını qaldırıb üzərinə əyilmiş ovçunun boynunu qucaqladı. Ovçu isə başını qızın çiyninə söykəyərək:
– Pərican, Pərican, – deyə inildəyirdi. – Mən sənin xəyalını uğursuz bir qorxudan, ürəyini daimi bir səksəkədən, yuxularını qara vahimələrdən xilas etmək üçün o tilsimi qırmaq istədim… İndi sən rahat nəfəs alacaqsan, elim-günüm… İndi sən mənim, yalnız mənim, təkcə mənim, ancaq mənimsən, sevgilim!
Pərinin rəngi qaçmış dodaqlarında solğun bir təbəssüm oynadı. Qız ovçunun başını şəfqətlə sinəsinə sıxaraq:
– Ah, dəli laçınım, – dedi, – fələklərin gözü bizim xoşbəxtliyimizi götürmədi. Fələklər sənin ağlını çaşdırdılar, öz əlimizlə sinəmizə dağ çəkdilər… Yadındadırmı, laçınım, o gecə göl qırağında mən sənə nə dedim… Dedim ki, o marala güllə dəysə, mən də ölərəm… O, mənim doğru sözümdü, laçınım… Neçə ildi o maral mənim yuxumu qaçırmışdı, neçə ildi mən od ilə su arasında qalmışdım… Bir yandan çalışırdım ki, maralım el-obaya isinişib meşəyə getməsin, bir yandan da istəyirdim ki, yolunu gözlədiyimə rast gəlsin, onu dalınca salıb obaya gətirsin. Axırda o gün gəlib çatdı. Laçınım, o, səni dalınca salıb gətirdi… Amma tufan qopan gecədən sonra ürəyim yenə vahimə ilə doldu. Fikrim-zikrim onu ovçu gülləsindən qorumaq oldu… Axırda isə gör bəla haradan çovudu7 gəldi… Düz deyiblərmiş ki, sən saydığını say, gör fələk nə sayır. İndi əgər sən onu sevər yerindən yaralamısansa, mən də sağ qalmayacağam, laçınım… Bu əzəldən mənim alnıma yazılıb. Fal açan bir qarı bu barədə mənə xəbərdarlıq eləyib… Şamaxı zəlzələdən batan ili idi. Dəlisov bir qarı bizim obaları gəzib fal açırdı. O ili hamı falına baxdırırdı, laçınım, mən də on yumurta verib falıma baxdırdım.... Qarı əvvəlcə göz-qaşımı çox təriflədi, mən utandım. Başımı aşağı saldım, sonra dedi ki, qismətin bir ovçu olacaq, qızım. Onu bir maral gətirib sənə tuş edəcək. Amma gözdə-qulaqda ol, dedi, o qismət maralını ovçu gülləsindən qoru, əgər o, güllə yarasından yıxılsa, sən də ölüm yatağından qalxmayacaqsan…
Pəri bir an susdu, ovçunun boynunu qucaqlamış qolları açıldı, birnəfəsə dediklərindən yorulub gözləri yumuldu. Ovçu başını qaldırıb dəli bir ifadə almış gözləri ilə qıza baxdı, qurumuş dili söz tutub hərəkətə gəlmirdi. Eşitdiyi sözlərdən sanki onun nitqi batmışdı. Pəri yenə gözlərini açdı, komanın tavanına, hisli pərdələrə baxaraq pıçıldadı:
– Görünür, sən onu sevər yerindən vurmusan, laçınım… Gözümü yuman kimi ölüm quşu uçub üstümə gəldi.
O zaman ovçu:
– Yox, – deyə heybətli bir səslə çığırdı. – Yox, göyərçinim, bu, təsadüfdür, uğursuz, amansız bir təsadüfdür. Qalan nə varsa, hamısı yalandır, puç etiqaddır… İnanma fala, inanma caduya, inanma alın yazısına, inanma, elim-günüm, inanma,
7