Kopenhagen trilogiyası. Тове Дитлевсен
Читать онлайн книгу.– “Əgər onun yerinə sən olsaydın”, – anam deyir, – “səni çoxdan atmışdılar.” Ah, mən öz körpəmi kaş bir dəfə qucağımda tuta bilərdim! Onu dəstəkləyib qayğısına qalardım, hər bir problemi bu və ya başqa cür həll edərdim. Bircə oralara gəlib çata biləydim.
Gecə vaxtı yatağıma girdiyimdə xəyal qururam: yaraşıqlı, dostcanlı, cavan bir oğlanla qarşılaşıram və ondan nəzakətli ifadələrlə xahiş edirəm ki, mənimçün nəsə etsin. Ona deyirəm ki, çox istəyirəm övladım olsun, xahiş edirəm, bu sahədə mənə yardım etsin. O razılaşır və mən dişlərimi bir-birinə sıxıb gözlərimi yumuram, guya ki, bu mənim yox, bir başqasının başına gəlir. Sonradan onu bir daha görmək istəmirəm. Amma belə cavan oğlanı bizim kvartalda, ya küçəmizdə tapmaq olmazdı və mən şeit albomuma birini daha yazıram ki, indi o bufetin ən aşağı siyirtməsindədir:
Balaca bir kəpənək uçdu
Ucalara, mavi çalarlı səmaya.
O, bütün sağlam düşüncəyə, mənəviyyata
Məhəl qoymadan uçur.
Yaz gününün şövqündən sərxoş olub,
Əsən qanadlarını nizamsız çalaraq
Günəşin qızılı şüaları altında doğulub
Bu dünyaya atılıb.
Və solğun çəhrayı alma ağacı çiçəklənib
Yenicə gözəlliyə bürünüb.
Və kiçik kəpənək
Öz nişanlısını orada tapıb.
Və solğun çiçəklər solur
Və kəpənək onların üzərindən uçur.
Ah, çox sağ olun kiçik çiçəklər,
Siz mənə məmnunluqla sevməyi öyrətdiniz.
XVII BÖLÜM
Atam bizi dövlət kilsəsinə aparanda nənəm hələ heç qəbirdə soyumamışdı. Bu ifadə anama məxsusdur. Nənəmin qəbri yoxdur. Onun külü Bispebyerq krematoriyasındadır və həmin axmaq güldan qarşısında dayanıb baxarkən heç nə hiss etmirəm. Amma anam istədiyi üçün ora tez-tez gedirəm. Hər dəfə biz orada olanda anam ağlayır və o, “sən niyə ağlamırsan?” soruşanda özümü günahkar hiss edirəm. – “Sən niyə ağlamırsan? Axı dəfn mərasimində ağlamışdın.” İndi ki, Edvin bizi tərk edib, məktəbdə, küçədə olmadığım bütün vaxtlarda anamın yanındayam. Onunla həmçinin Folkets Hüsdə də rəqsdə olmuşam, amma onunla bərabər rəqs etmək əyləncəli deyildi, çünki mən ondan bir baş hündür idim və onunla müqayisədə özümü çox böyük və yöndəmsiz hiss edirdim. O, başqa bir centlmenlə rəqs etdiyi əsnada bir cavan oğlan mənə yaxınlaşıb rəqsə dəvət etdi. Belə bir şey daha öncə heç baş verməmişdi və mən yox deməyə hazırlaşırdım, çünki anamın kefi yaxşı olanda mənə öz qonaq otağımızda öyrətdiyi bir-iki hərəkətdən başqa ümumiyyətlə necə rəqs edildiyini bilmirdim. Amma cavan oğlan artıq əlini belimə qoymuşdu və o, yaxşı rəqs etdiyindən mən də elə etdim. O, tamamilə sakit idi və sadəcə nəsə demək xətrinə ondan nə iş gördüyünü soruşdum. – “Kuryer komandasındayam”, – qısaca dedi. Mənə elə gəldi onun işinin “müalicə” etmək olduğunu düşündüm, qərara gəldim ki, o həkimdir. Bu “sabit, bacarıqlı fəhlə” olmaqdan fərqli bir şey idi. Ola bilərdi, bütün axşam mənimlə rəqs edərdi, ola da bilərdi ki, artıq bir azca mənə vurulmuşdu. Ürəyim daha sürətlə döyünməyə başladı, bir qədər, azca ona söykəndim. – “Gecədir, artıq oğrular iş başındadır”, – o, musiqinin ahəngi ilə qulağıma oxudu. Qəfildən musiqi dayandı, o, gəlib anamın yanında oturdu, key-key təzim etdi və həmişəlik yox oldu. – “O, yaraşıqlı idi”, – anam dedi, – “kaş geri dönərdi.” Çiynimi çəkib dedim ki, kuryer komandasında çalışır. – “Oh, aman Allahım”, – anam güldü, – “o, sadəcə xəbər aparıb-gətirmə xidmətindədir.”
Biz dövlət kilsəsinin üzvü deyilik ona görə də mən mülki konfirmasiyaya gedirəm. Bu məni sinfimizdəki bütün keşiş yanına gedən digər qızlardan fərqli edir, amma vecimə deyil, çünki onlar kimi olmaq istəyimi çoxdan dəfn etmişəm. Onlar şənbə günləri növbəlilik prinsipi ilə bir-birlərini ziyarət edirlər. Viktor Kornelius radioda şənbə rəqsləri üçün ifalar edir. Oğlanlar da dəvət edilir və sinif yoldaşlarımın əksərinin davamlı bir yerdə olduqları sevgililəri var. Evdə radiomuz yoxdur və artıq qulaqcıqları taxıb qardaşımın məktəbdə düzəltdiyi geydirmə mahnılara qulaq asmaq ləzzət eləmir. Və hətta radiomuz olsa da, valideynlərim mənim üçün Şənbə konserti verməyə meylli olmazdı. Hazırda imtahanlar verirəm və qiymətlərimin pis və ya yaxşı olması heç vecimə deyil. Bəlkə də universitetə gedə bilmədiyim üçün məyus olmuşam. Sinfimizdəki qızlardan yalnız birinə icazə var. Onun adı İnqer Nörqarddır, o da mənim kimi arıq və uzundur. Oxumaqdan başqa gördüyü bir iş yoxdur və bütün fənlərdən A alır. Başqaları deyir ki, o məktəbdə qalıb kariyerasına davam etmək istəyir. Heç zaman onunla danışmamışam. Ən azından başqaları ilə nə qədər danışmışamsa, onunla da o qədər ünsiyyət saxlamışam. Hər şeyi içimdə saxlamağa məcburam və bəzən mənə elə gəlir ki, boğulmaq ərəfəsindəyəm. Minna və Rutla axşamlar İstedsqada küçəsində dolaşmağı dayandırmışam, çünki getdikcə oradakı söhbətlərimiz çevrilib olub yalnız kobud atmacalar və yersiz irişmələr! Getdikcə hissiyyatlı olan qəlb onları ritmik, zərif sətirlərə çevirməkdə acizdir. Mən anamla yeməyimiz, aşağıda yaşayan insanlar kimi adi şeylərdən danışıram. Edvin köçüb gedəndən sonra atam çox sakit biri olub və onun üçün mən sadəcə “yaxşı bir başlanğıc” etməli olan biriyəm. Bu ifadəni o, bütün dəhşətli hadisələri göz önünə gətirib işlədir. Bir gün qardaşımı ziyarət etdiyimdə, təəccübümə səbəb olaraq deyir ki, dostu Torvald mənimlə tanış olmaq istəyir. O, Torvalda mənim şeir yazdığımı deyib və indi məndən Torvaldın onları oxuması üçün icazə istəyirdi. Qorxu içində “yox” deyirəm. Amma sonra qardaşım deyir ki, Torvald “Social Demokraten” qəzetində bir redaktor tanıyır, əgər şeirlərim yaxşı olarsa, onları bəlkə də çap edə bilər. Qardaşım bu sözləri öskürə-öskürə deyir, çünki seluit lakla işləyir və onun qoxusuna dözə bilmir. Nəhayət ki, mən növbəti gün öz şeiriyyat kitabım ilə axşam onlara yaxınlaşacağıma söz verirəm. Onda Torvald şeirlərimə nəzər yetirə bilər. Torvald da həmçinin rəngsazdır, 18 yaşı var və nişanlı deyil. Sonuncunu öyrənib yoxlamışam, çünki artıq onun haqqında demək olar ki, bir kəlməsiz hər şeyi başa düşən cavan oğlan olaraq xəyallar qurmağa başlamışam.
Növbəti axşam şeiriyyat albomumu da qoltuğuma vurub yollanıram Baqerstrade küçəsinə. Gördüyüm insanlara səbatlı baxışlarla baxıram, çünki tezliklə tanınmış olacağam, o zaman onlar mənim ulduzlara yüksəliş yolunda mənimlə qarşılaşdıqları üçün fəxarət hissi duyacaqlar. Dəhşətli dərəcədə qorxuram ki, Torvald da uzun illər öncə Edvin etdiyi kimi şeirlərimə baxıb güləcək. Onu qardaşıma oxşar təsəvvür edirəm, bircə fərqlə: onun nazik bığı var. Mən Edvinin otağına daxil olduğumda Torvald qardaşımın yanında yatağın üzərində oturmuşdu. Ayağa qalxıb əlini uzadır. O balaca və möhkəmdir. Saçı sarışın və cod, üzü cizvələrlə doludur – bəziləri yetişib. Utancaq biri kimi görünür, dayanmadan əlini