KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс

Читать онлайн книгу.

KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс


Скачать книгу
istehlak dəyəri olsun, amma dəyər olmasın. Bu o zaman olur ki, şeyin insan üçün faydalılığı əmək vasitəsi ilə əldə edilmir. Məsələn: hava, xam torpaqlar, təbii çəmənlər, yabanı meşə və i. a. Ola bilər bir şey faydalı olsun və insan əməyinin məhsulu olsun, amma əmtəə olmasın. Öz əməyinin məhsulu ilə öz tələbatını ödəyən bir adam əmtəə deyil, istehlak dəyəri yaradır. Əmtəə istehsal etmək üçün o, sadəcə istehlak dəyəri deyil, başqaları üçün istehlak dəyəri, ictimai istehlak dəyəri istehsal etməlidir. Həm də ümumən təkcə başqaları üçün deyil, orta əsrlərdə kəndlinin istehsal etdiyi taxılın bir hissəsi töycü olaraq feodala, bir hissəsi əşər olaraq keşişlərə verilirdi. Lakin nə töycü şəklində özgəyə verilən taxılın, nə də əşər şəklində özgəyə verilən taxılın təkcə başqaları üçün istehsal edilməsi onu hələ heç də əmtəə etmirdi. Əmtəə olmaq üçün məhsul mübadilə vasitəsi ilə o adamın əlinə keçməlidir ki, bu ondan ötrü istehlak dəyəri olsun12 (Nəhayət, bir şey istehlak şeyi olmadan dəyər ola bilməz. Əgər şey faydasızdırsa, ona sərf edilmiş əmək də faydasızdır, əmək sayılmır və buna görə də heç bir dəyər yaratmır.

      2. ƏMTƏƏLƏRDƏ OLAN ƏMƏYİN İKİLİ XARAKTERİ

      Əvvəlcə əmtəə qarşımıza ikili bir şey kimi: istehlak dəyəri və mübadilə dəyəri kimi çıxdı. Sonralar aşkar oldu ki, əmək dəyərdə ifadə olunduqda, istehlak dəyərlərinin yaradıcısı olmaq etibarı ilə malik olduğu əlamətlərə daha malik olmur. Əmtəədə olan əməyin bu ikili təbiətini ilk dəfə tənqidi şəkildə mən sübut etmişəm13. Bu nöqtə başlanğıc nöqtəsi olduğuna görə və siyasi iqtisadi başa düşmək ondan asılı olduğuna görə, burada onu daha ətraflı işıqlandırmaq lazımdır.

      İki əmtəə, məsələn bir sürtuk14 və 10 arşın kətan götürək. Tutaq ki, birincinin dəyəri ikincinin dəyərindən ikiqat artıqdır, belə ki, əgər arşın kətan = w, onda sürtuk = 2w.

      Sürtuk müəyyən tələbatı ödəyən istehlak dəyəridir. Onu yaratmaq üçün müəyyən növ məhsuldar fəaliyyət lazım gəlmişdir. Bu məhsuldar fəaliyyət növü öz məqsədi, əməliyyatın xarakteri, öz predmeti, vasitələri və nəticəsi ilə müəyyən olunur. Beləliklə, faydalılığı öz məhsulunun istehlak dəyərində və ya öz məhsulunun istehlak dəyəri olmasında ifadə edilən əməyi biz sadəcə olaraq faydalı əmək adlandıracağıq. Bu nöqteyi-nəzərdən əmək həmişə öz faydalı effekti ilə əlaqədar olaraq nəzərdən keçirilir.

      Sürtuk və kətan keyfiyyətcə müxtəlif istehlak dəyərləri olduqları kimi, onların varlığı üçün şərt olan işlər də: dərzilik və toxuculuq da keyfiyyətcə müxtəlifdir. Bu şeylər keyfiyyətcə müxtəlif istehlak dəyərləri olmasaydılar və deməli, faydalı əməyin keyfiyyətcə müxtəlif növlərinin məhsulu olmasaydılar, onlar əmtəə olaraq bir-birinə heç qarşı dura bilməzdilər. Sürtuku sürtuka, bir istehlak dəyərini eyni bir istehlak dəyərinə mübadilə etməzlər.

      Müxtəlif növ istehlak dəyərlərinin, yaxud əmtəə cisimlərinin məcmusunda, eyni dərəcədə rəngarəng olan və eyni qədər müxtəlif cinslərə, növlərə, fəsilələrə, yarımnövlərə və zümrələrə bölünən faydalı işlər məcmusu meydana çıxır, bir sözlə – ictimai əmək bölgüsü meydana çıxır. İctimai əmək bölgüsü əmtəə istehsalının mövcud olması üçün şərtdir. Hərçənd əmtəə istehsalı, əksinə, ictimai əmək bölgüsünün mövcud olması üçün şərt deyildir. Qədim hind icmasında əmək ictimai cəhətdən bölünmüşdü, lakin onun məhsulları əmtəə olmurdu. Yaxud daha yaxın bir misal götürək: hər bir fabrikdə əmək müntəzəm bölünmüşdür, lakin bu bölgü elə bir üsulla həyata keçir ki, burada fəhlələr öz fərdi əmək məhsullarını mübadilə etmirlər. Yalnız bir-birindən asılı olmayan müstəqil xüsusi işlərin məhsulları bir-birinin qarşısına əmtəə kimi çıxa bilər. Beləliklə, hər bir əmtəənin istehlak dəyərində müəyyən bir məqsədəuyğun məhsuldar fəaliyyət, yaxud faydalı əmək vardır. İstehlak dəyərlərində keyfiyyətcə müxtəlif faydalı əmək növləri yoxdursa, bunlar bir-birinin qarşısına əmtəə kimi çıxa bilməz. Məhsulları adətən əmtəə şəkli aldığı bir cəmiyyətdə, yəni əmtəə istehsalçıları cəmiyyətində müstəqil istehsalçıların xüsusi işi olaraq, bir-birindən asılı olmadan icra edilən faydalı əmək növlərinin bu keyfiyyət fərqi inkişaf edib çoxhədli bir sistemə, ictimai əmək bölgüsünə çevrilir.

      Əslində sürtuk üçün fərqi yoxdur ki, onu kim geyir, dərzi özümü, yoxsa dərzinin sifarişçisi. Hər iki halda sürtuk bir istehlak dəyəri vəzifəsini daşıyır. Dərzi əməyinin xüsusi bir peşə, ictimai əmək bölgüsünün müstəqil bir halqası olması faktı da sürtukla onu istehsal edən əmək arasındakı münasibəti əsla dəyişdirmir. Paltara olan tələbatın məcbur etdiyi yerdə, insan dərzi olana qədər min illər boyu tikişlə məşğul olmuşdur. Lakin sürtuk, kətan və ümumiyyətlə təbiətdə hazır şəkildə tapmadığımız hər bir maddi sərvət ünsürü həmişə, təbiətin müxtəlif maddələrini müəyyən insan tələbatına uyğunlaşdıran xüsusi, məqsədəuyğun məhsuldar fəaliyyət vasitəsi ilə hazırlanmalı olmuşdur. Deməli, istehlak dəyərlərinin yaradıcısı, faydalı əmək olmaq etibarı ilə əmək insanların yaşaması üçün hər cür ictimai formalardan asılı olmayan bir şərtdir, əbədi təbii bir zərurətdir: bunsuz insanla təbiət arasında maddələr mübadiləsi mümkün olmazdı, yəni insan həyatının özü də mümkün olmazdı.

      İstehlak dəyərləri: sürtuk, kətan və i. a., bir sözlə – əmtəə cisimləri iki ünsürün – təbiət maddəsi ilə əməyin birləşməsidir. Sürtukda, kətanda və sairdə olan bütün müxtəlif faydalı əmək növləri çıxıldıqda, həmişə müəyyən bir maddi substrat qalır ki, bu da insanın heç bir yardımı olmadan təbiətdə mövcuddur. İstehsal prosesində insan ancaq təbiətin özü kimi iş görə bilər, yəni maddənin ancaq formalarını dəyişdirə bilər15 Bundan əlavə. Bu formalaşdırma əməyinin özündə insan daim təbiət qüvvələrinin yardımına arxalanır. Deməli, əmək onun istehsal etdiyi istehlak dəyərlərinin, maddi sərvətin yeganə mənbəyi deyildir. Uilyam Petti demişkən, əmək sərvətin atası, torpaq anasıdır.

      İndi də istehlak şeyi kimi götürülən əmtəədən əmtəə dəyərinə keçək.

      Bizim fərz etdiyimizə görə, sürtuk kətandan ikiqat artıq dəyərə malikdir. Lakin bu ancaq kəmiyyət fərqidir və hələlik bizi maraqlandırmır. Buna görə də xatırladaq ki, əgər bir sürtukun dəyəri 10 arşın kətanın dəyərinin iki mislinə bərabərdirsə, onda 20 arşın kətan bir sürtukda olduğu qədər dəyər kəmiyyətinə malikdir. Dəyər olmaq etibarı ilə sürtuk və kətan eyni substansiyaya malik şeylərdir, yekcins əməyin obyektiv ifadələridir. Lakin dərzilik və toxuculuq əməyin keyfiyyətcə müxtəlif növləridir. Bununla bərabər, elə ictimai şərait olur ki, burada eyni bir adam gah tikir, gah da toxuyur və deməli, bu iki müxtəlif əmək növü ayrı-ayrı fərdlərin qəti surətdə bir-birindən ayrılmış əməliyyatı deyil, eyni fərdin əməyinin ancaq modifikasiyalarıdır, necə ki, dərzinin bu gün tikdiyi sürtukla sabah hazırladığı şalvar da eyni fərdi əməyin ancaq variasiyalarıdır.


Скачать книгу

<p>12</p>

{4-cü nəşrə qeyd. Mötərizəyə alınmış sözləri mən ona görə əlavə etdim ki, bu sözlər olmadıqda, çox zaman belə bir anlaşılmazlıq əmələ gəlirdi; guya Marksın fikrincə, hər bir məhsul onu istehsal edən şəxs tərəfindən deyil, başqası tərəfindən istehlak edildikdə, əmtəə olur. F. E,}

<p>13</p>

Karl Marks. „Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 12, 13 və başqaları [bax: K, Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 21, 22 və başqaları].

<p>14</p>

Uzunətəkli kişi pencəyi

<p>15</p>

Kainatdakı bütün hadisələr, istər insan əli ilə, istərsə də təbiətin ümumi qanunları ilə yaradılmış olsun bizə materiyanın həqiqətən xəlq edilməsi ideyasını vermir, onun ancaq şəklinin dəyişilməsi ideyasını verir. İstehsal ideyasını təhlil edərkən insan zəkasının aşkara çıxardığı yeganə ünsürlər birləşmə və bölünmədən ibarətdir. İstər torpaq, hava və suyun tarlalarda buğdaya çevrildiyi halda, istərsə həşəratın lyablı ifrazatının insan əli ilə ipəyə çevrildiyi və ya ayrı-ayrı metal parçalarının birləşib saat mexanizmi əmələ gətirdiyi halda eyni dərəcədə dəyər (istehlak dəyəri nəzərdə tutulmalıdır, hərçənd burada fiziokratlarla mübahisə edərkən Berri özü hansı növ dəyərdən danışdığını ağıllı-başlı bilmir) və sərvət istehsal olunur.