KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Читать онлайн книгу.növ əmtəə, məsələn sürtuklar, başqa növ əmtəə üçün, məsələn, kətan üçün ekvivalent xidməti görürsə, beləliklə də sürtuklar kətana bilavasitə mübadilə edilə bilmək formasında olmaq kimi xarakterik bir xassə kəsb edirsə, bununla hələ heç də sürtuklarla kətanın bir-birinə mübadilə oluna bildiyi proporsiya göstərilmir. Kətanın dəyər kəmiyyəti məlumdursa, bu proporsiya sürtukların dəyər kəmiyyətindən asılıdır. İstər sürtuk ekvivalent olsun, kətan nisbi dəyər, istərsə də, əksinə, kətan ekvivalent olsun, sürtuk nisbi dəyər, hər bir halda sürtukun dəyər kəmiyyəti onun istehsalı üçün lazım gələn iş vaxtı ilə, deməli, onun dəyərinin formasından asılı olmadan müəyyən olunur. Lakin sürtuk növlü əmtəə dəyər ifadəsində ekvivalent yeri tutursa, onun dəyər kəmiyyəti özlüyündə heç bir şəkildə ifadə olunmur. Bundan əlavə: sürtukun dəyər kəmiyyəti dəyər tənliyində ancaq məlum şeyin müəyyən miqdarı kimi iştirak edir.
Məsələn: 40 arşın kətan nəyə «dəyər»? İki sürtuka. Burada sürtuk növlü əmtəə ekvivalent rolu oynadığına görə və istehlak dəyəri olan sürtuk kətanın qarşısına dəyər cismi kimi çıxdığına görə, kətanın müəyyən dəyər kəmiyyətini ifadə etmək üçün müəyyən miqdar sürtuk olması kifayətdir. Buna görə də iki sürtuk 40 arşın kətanın dəyər kəmiyyətini ifadə edə bilər, lakin öz dəyərinin kəmiyyətini, sürtukların dəyər kəmiyyətini heç vaxt ifadə edə bilməz. Dəyər tənliyində ekvivalentin həmişə ancaq müəyyən miqdar məlum şey, müəyyən istehlak dəyəri formasında olması faktını səthi anlamaq Beylini yanlış yola salmış və öz sələf və xələflərindən bir çoxları kimi, onu da dəyər ifadəsində ancaq miqdar nisbəti görməyə məcbur etmişdir. Həqiqətdə əmtəənin ekvivalent formasında dəyərin heç bir miqdar müəyyənliyi yoxdur.
Ekvivalent formanı araşdırarkən nəzərə çarpan birinci xüsusiyyət ondan ibarətdir ki, istehlak dəyəri öz əksliyinin, dəyərin təzahür forması olur.
Əmtəənin natural forması dəyərin forması olur. Lakin no nota bene [yaxşıca nəzərə alın]: B əmtəə (sürtuk, yaxud buğda, yaxud dəmir və i. a.) üçün bu quid pro quo [birinin yerinə başqasının meydana çıxması] yalnız həmin əmtəə ilə hər hansı bir A əmtəənin (kətanın və i a.) əlaqəyə girdiyi dəyər nisbəti daxilində, ancaq nisbət çərçivəsində baş verir. Heç bir əmtəə özünə ekvivalent nisbətində ola bilmədiyinə görə və, deməli, öz təbii görünüşünü öz dəyərinin ifadəsi edə bilmədiyinə görə, başqa bir əmtəəyə ekvivalent nisbətində olmalı, yaxud başqa bir əmtəənin təbii görünüşünü özünün dəyər forması etməlidir.
Məsələ daha aydın olsun deyə, bunu əmtəə cisimləri özlüyündə, yəni istehlak dəyərləri kimi ölçülərkən istifadə olunan ölçülərin timsalında göstərək. Fiziki cisim olan qənd kəlləsinin müəyyən ağırlığı, çəkisi vardır, lakin heç bir qənd kəlləsi onun çəkisini bilavasitə görmək və ya hiss etmək imkanı vermir. Buna görə də biz çəkisi əvvəlcədən müəyyən edilmiş olan bir neçə dəmir parçası götürürük. Qənd kəlləsinin cismani forması kimi, dəmirin də cismani forması özlüyündə götürüldükdə, əsla ağırlığın təzahür forması deyildir. Bununla belə, qənd kəlləsini ağırlıq kimi ifadə etmək üçün biz onu dəmirlə çəki nisbətinə gətiririk. Bu nisbətdə dəmir ağırlıqdan başqa heç bir şeydən ibarət olmayan bir cisimdir. Buna görə də dəmirin miqdarı qəndin çəkisi üçün ölçüdür və qəndin fiziki cisminə nisbətdə ancaq ağırlıq təcəssümüdür, yaxud ağırlığın təzahür formasıdır. Dəmir ancaq çəkisi axtarılan qəndin və ya başqa bir cismin onunla əlaqəyə girdiyi nisbət daxilində belə bir rol oynayır. Əgər hər iki cismin ağırlığı olmasaydı, onlar bu nisbətə girə bilməzdi və bunlardan biri digərinin ağırlıq ifadəsi ola bilməzdi. Biz onları tərəzinin gözünə qoyduqda, yəqin edərik ki, ağırlıq olmaq etibarı ilə onların hər ikisi həqiqətən bir-birinin eynidir və buna görə də müəyyən proporsiyada götürüldükdə, onların çəkisi bir olur. Dəmirin cismi çəki ölçüsü olmaq etibarı ilə, qənd kəlləsinə nisbətdə ancaq ağırlığı təmsil etdiyi kimi, bizim dəyər ifadəmizdə də, sürtukun cismi kətana nisbətdə ancaq dəyəri təmsil edir.
Lakin bənzəyiş buradaca bitir. Qənd kəlləsinin çəki ifadəsində dəmir hər iki cisimdə olan təbii xassəni, yəni ağırlığı təmsil edir, kətanın dəyər ifadəsində isə sürtuk hər iki şeyin təbii olmayan bir xassəsini: onların dəyərini, xalis ictimai bir cəhəti təmsil edir.
Əmtəənin, məsələn, kətanın nisbi dəyər forması onun dəyər varlığını onun cismindən və bu cismin xassələrindən tamamilə fərqli bir şey kimi, məsələn, «sürtukabənzər» bir şey kimi ifadə etdiyinə görə, artıq həmin ifadənin özü göstərir ki, onun arxasında müəyyən bir ictimai münasibət gizlənir. Ekvivalent forma isə buna lap əks xarakter daşıyır. Axı bu forma məhz ondan ibarətdir ki, müəyyən əmtəə cismi, məsələn, sürtuk, özlüyündə müəyyən bir şey dəyəri ifadə edir, deməli, lap öz təbiəti etibarı ilə dəyər formasına malikdir. Doğrudur, bu ancaq elə bir dəyər nisbəti çərçivəsində doğru ola bilər ki, orada kətan, əmtəə sürtuk əmtəəyə bir ekvivalent münasibətində olsun25. Lakin müəyyən bir şeyin xassələri onun başqa şeylərə olan münasibətindən meydana gəlməyib belə bir münasibət daxilində ancaq aşkara çıxdığı üçün elə görünür ki, sürtukda ağırlığı və ya istiliyi saxlamaq qabiliyyəti olduğu kimi eynilə ekvivalent forma, başqa əmtəələrə bilavasitə mübadilə olunmaq qabiliyyəti də guya əzəldən vardır. Kobud burjua baxışlı bir iqtisadçının qarşısına ancaq hazır şəkildə – pul kimi çıxdıqda onu heyrətə salan ekvivalent formanın müəmmalılığı da buradan irəli gəlir. Onda iqtisadçı qızıl ilə gümüşün mistik xarakterindən yaxasını qurtarmağa çalışaraq, bunların yerinə öz parıltısı ilə gözləri az qamaşdıran əmtəələr qoymağa və vaxtı ilə əmtəə ekvivalenti rolu oynamış adi əmtəələrin adlarını getdikcə daha artıq bir həvəslə sadalamağa başlayır. O heç ağlına da gətirmir ki, artıq ən sadə dəyər ifadəsi: 20 arşın kətan = 1 sürtuka ifadəsi ekvivalent formanın sirrini açmağa imkan verir.
Ekvivalent xidməti görən əmtəənin cismi həmişə abstrakt insan əməyinin təcəssümü kimi meydana çıxır və eyni zamanda da həmişə müəyyən bir faydalı, konkret əməyin məhsuludur. Beləliklə, bu konkret əmək abstrakt insan əməyinin ifadəsi olur. Məsələn, sürtuk ancaq abstrakt insan əməyinin təcəssümü olan bir şeydirsə, onda faktik surətdə bu sürtukda təcəssüm edən dərzi əməyi də abstrakt insan əməyinin təcəssümü formasından başqa bir şey deyildir. Kətanın dəyər ifadəsində dərzi əməyinin faydalılığı bu əməyin paltar hazırlanmasında və, deməli, – insan hazırlanmasında26 deyildir, elə bir şey istehsal etməsindədir ki, bunda biz dərhal dəyəri görürük, yəni kətanın dəyərində maddiləşmiş əməkdən əsla fərqlənməyən əmək birkintisi görürük. Belə bir dəyər güzgüsü hazırlamaq üçün dərzilik özündə ümumiyyətlə insan əməyi olmaq kimi öz abstrakt xassəsindən başqa heç bir şeyi əks etdirməməlidir.
Dərzilik formasında, həmçinin toxuculuq formasında, insan iş qüvvəsi sərf olunur. Deməli, bu hər iki fəaliyyət insan əməyi olmaq kimi ümumi bir xassəyə malikdir və bəzi müəyyən hallarda, məsələn, dəyər istehsalında
25
Bu cür nisbi təriflər ümumiyyətlə çox qəribə bir şeydir. Məsələn, bir adam ancaq ona görə kraldır ki, başqaları özlərini onun təbəəsi hesab edirlər. Halbuki onlar, əksinə, belə düşünürlər ki, özlərinin təbəə olmasına səbəb həmin şəxsin kral olmasıdır.
26
Orijinalda bir qədər dəyişdirilmiş şəkildə belə bir məşhur alman məsəli vardır: „Kleider niachen Leute“ (hərfi mənası belədir: „paltar adamları yaradır“, mənası isə bu cürdür: „kötüyü bəzəsən, kötük də yaxşı görünər“, yaxud: „adamı libasına görə qarşılayarlar“). Red.